Şeyxülislam Roma Papası ilə nəyi müzakirə edib? –Vatikana səfərin mesjları

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Vatikana səfəri və Roma Papası ilə görüşü həftənin ən yadda qalan hadisələrindən biri oldu.

Dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə müfti Salman Musayev, Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxil olub.

Səfər çərçivəsində Şeyxülislam Roma Papası Fransisklə təkbətək görüş keçirib. Bundan başqa Papa dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyəti ilə də görüşü olub.

QMİ sədri həmçinin Vatikanın dövlət katibi, kardinal Pietro Parolinlə, Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso, Xarici dövlətlər ilə əlaqələr üzrə Katib Arxiyepiskop Riçard Qallaher və digərləri ilə görüşüb.

Vatikan rəhbərliyi ilə aparılan müzakirələrdə ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərdən söz açılıb,  icmalar arasında etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğu, dinc şəraitdə birgə yaşadıqları vurğulanıb.

Şeyxülislam deyib ki, Azərbaycan bütün dünyada dinlər arasında qardaşlıq və həmrəyliyin tərəfdardır və ölkənin yürütdüyü siyasət bu baxımdan dünyaya nümunə sayıla bilər.

Allahşükür Paşazadə görüşlərdə Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq 30 ilə yaxın müddət ərzində erməni işğalında olan torpaqlarını azad edildiyini qeyd edib və Ermənistanin işğal dövründə buradakı dini və mədəni abidələri vandalizmə məruz qoyduğunu bildirib.

QMİ sədri və dini icmaların təmsilçiləri Romada Heydər Əliyev Fondunun iştirakı ilə bərpasına başlanılan Müqəddəs Komodilla katakombalarını ziyarət edib.

Dünyada 1 milyard 300 milyon katolikin qibləsi olan Vatikan dünyada yürüdülən geopolitik siyasətə ciddi təsir gücünə malikdir. Bəşəriyyət üçün ən həssas və tarixi dönəmlərdə, siyasi müzakirələrdə, beynəlxalq problemlərin həllində Roma Papasının mövqeyi həmişə nəzərə alınır. Vatikanın mesajları cahanda sülh və dinc birgəyaşayış üçün vacib indikator sayılır.

Azərbaycanla Vatikanın əlaqələrinin tarixi 90-cı illərin lap əvvələrinə çıxır. Bu dini mərkəzlə əlaqələrin genişlənməsində, əməkdaşlıq formatının qurulmasında Allahşükür Paşazadənin fəaliyyəti də ciddi rol oynayıb.

1990-cı ilin 20 yanvar günü sovet ordusunun Bakıda törətdiyi qanlı qırğına görə SSRİ rəhbərliyini açıq ittiham edən Şeyxülislama ilk dəstək məhz Vatikandan gəlmişdi. Roma Papasının xalqımızın  o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər. 1992-ci ilin mayında Azərbaycanın müstəqilliyini tanıyan Vatikan bu müsəlman respublikası ilə münasibətlərin qurulmasına ilk gündən diqqət verib.

Bu illər ərzində Vatikan dövləti ilə Azərbaycan arasında iki müxtəlif səmavi dinlərə sitayiş edən ölkələrin etibarlı əməkdaşlıq platforması qurulub.

Vatikanla əlaqələr müsəlman və xristian dünyasının birgə yaşam prinsiplərinin təqdimatında əhəmiyyətli həlqəni təşkil edir. Ümummilli lider, mərhum Heydər Əliyevin dönəmində-2002-ci ildə Bakıya səfər edən Papa İohan Pavelin Bakıya səfəri bu isti münasibətlərin təsdiqi  oldu.

2016-cı ilin oktyabrında Roma Papası Fransiskin Azərbaycana səfəri münasibətlərin yeni fazasına keçid oldu. Azərbaycan prezidenti  İlham Əliyev Papanın gəlişini“tarixi səfər” adlandırmışdı.

Azərbaycan belə etimadı prezident İlham Əliyevin bu illər ərzində yürütdüyü siyasətin nəticəsində qazanıb.

Ölkəmizin dinlərarası, xalqlararası münasibətlərin təbliği üçün irəli sürdüyü “Bakı prosesi” artıq dünyada böyük şöhrət qazanıb. Bu gün ölkəmizdə “Bakı prosesi” çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirilir.

Bu sırada ölkəmizdə 2 dəfə keçirilmiş Dünya Dini Liderlərinin Zirvə görüşü xüsusi yer tutur.

Multikulturalizm ideyalarının təbliği işində Azərbaycanın dünyaya verdiyi mesajlar çox önəmli rol oynayır.

Bu baxımdan Vatikan-Azərbaycan əlaqələri artıq 30 ildən artıqdır ki, uğurla inkişaf edir. Ölkəmizdə cəmi 2 min katolik olmasına baxmayaraq Bakıda onlar üçün ayrıca Bakirə Müqəddəs Məryəm katolik kilsəsi tikilib. 2011-ci ildə isə Vatikan tərəfindən ratifikasiyadan sonra katolik icması dövlət qeydiyyatına alınıb.

Azərbaycanın dini konfessiya rəhbərlərinin Vatikana səfəri dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni perspektivlər açır. Vatikan da belə əməkdaşlıqda maraqlıdır. Roma Papası Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Müqəddəs Taxt-Tacda keçirilmiş görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı danışılıb.

QMİ sədrinin Vatikana səfərinə baxdıqda burada bir neçə məqam diqqəti çəkir.

Bu səfərdə Şeyxülislamı müşaiyət edənlər sırasında Bakıdakı katolik və pravoslav dini konfessiyalarının rəhbərlərinin olması Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələrin nümayişi baxımından mühüm amildir.

Bunu həmçinin Roma Papasının bütün bəşəriyyətə çağırışı olan “insan qardaşlığı” mesajının canlı nümunəsi saymaq olar. Təsadüfi deyil ki, Papa görüş zamanı Azərbaycana səfərini xatırladıb və ölkəmizin dinlərarası dialoqa verdiyi önəmin canlı şahidi olduğunu etiraf edib.

Hələ 2004-cü ildə Roma Papası II İohann Pavel  A.Paşazadəyə göndərdiyi məktubunda QMİ sədrinin dinlərarası əməkdaşlıq mövqeyini təqdir edərək ona yazmışdı ki, “müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.

Onu xüsusi vurğulamaq olar ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın xristian mərkəzi ilə belə isti və etimada söykənən əməkdaşlığı təqdirlayiqdir.

QMİ sədri də bu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək Vatikanın Cənubi Qafqazdakı vəziyyətlə bağlı həmişə tarazlı mövqe tutduğunu xatırladıb.

Belə səfərlər dini liderlərin bəşəriyyəti narahat edən məsələləri üzbəüz müzakirə etmək üçün böyük imkanlar yaradır, problemlərin birgə həlli üçün vahid mövqenin formalaşması üçün fürsət açır.

Vatikanda görüşün mesajları açıqdır: Bu səfər dünyaya Azərbaycanın tolerant ölkə olduğunu, müxtəlif dinlərə mənsub insanların sülh içində yaşadığını, ölkə rəhbərliyinin siyasətinin mühüm indikatoru olduğu tolerantlığın bütün dünya üçün uğur platforması olmasını nümayiş etdirib.

QMİ və onun sədri A. Paşazadə dinlərarası əməkdaşlığın möhkəmlənməsi, Azərbaycanın nufuzlu dini mərkəzlərdə səsinin eşidilməsi üçün öz səylərini əsirgəmir. Vatikana səfər də bu baxımdan çox əhəmiyyətlidir.

A.SƏFƏRLİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Rusiya Ukraynadan diplomatlarını çıxarır

Sonrakı məqalə

Ölkədə sığorta olunanların sayı artıb