Şeyxülislamın imtina etdiyi deputat mandatı, Qorbaçova qəzəbli müraciət –Qarabağın KİV-də qalan kədərli izi (FOTO)

Vətən Müharibəsində Azərbaycanın qələbəsi Qarabağ münaqişəsinin son 30 illik tarixi ilə bağlı yaddaşlarda qalan ağrılı xatirələrə təsəlli oldu, ötən günləri bir daha vərəqləmək üçün fürsət verdi.

Münaqişənin başladığı ilk illərdə xalqın Qarabağ məsələsində tutduğu qətiyyətli mövqe SSRİ rəhbərliyi üçün gözlənilməz oldu. Ənənəvi beynəlmiləçilik psevdo-şüarları ilə Azərbaycanın ərazi bölgüsünə asanlıqla nail olacağına ümid edən sovet rəhbərliyi “Torpaqdan pay olmaz!” şüarı ilə küçələrə axışan milyonlarla azərbaycanlının sərt etirazı ilə qarşılaşdı.

O vaxtdan Qarabağ münaqişəsi 90-cı illərin keşməkeşli günlərinin kədərli səhifələrində yer alıb.

O illərdə ölkənin bütün ictimai-siyasi qüvvələri, ictimai xadimləri, siyasətçiləri Qarabağ uğrunda gedən mübarizənin ön sıralarında idi. Bu sırada Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadənin də imzası var.

Həmin dövün KİV səhifələrində bunun izlərini görmək olur.

32 il əvvəl – 1990-cı ilin martında Azərbaycan xalqı Ermənistan SSR-in ölkəmizin bütün sərhədboyu kəndlərinə etdiyi planlı silahlı hucumundan qəzəblənmişdi. Naxçıvanın Sədərək kəndindən tutumuş Qazax rayonunun sərhəd kəndlərinə qədər başlanan bu hucumda erməni silahlıları ən müasir avtomatlardan, artilleriyadan istifadə edirdilər.

Azərbaycan ictimaiyyəti Qazax rayonunda baş vermiş dəhşətli hucumdan sarsılmışdı.

1990-cı ilin martın 23-dən 24-nə keçən gecə erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs -Ayrım kəndinə hucum edərək, kəndi işğal etmişdilər.  Xüsusu strateji əhəmiyyəti olan Bağanıs Ayrım kəndi İcevan–Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirmişdi.

İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub. Kənddə 5 nəfərdən ibarət ailə xüsusi amansızlıqla qətlə yetirilərək, yandırılmışdı. Bundan başqa, 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan yaralanmış. 100-dən  çox evi olan kənd talan olunmuş, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdi. Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü.

Həmin dövrün sənədlərinə baxdıqda Azərbaycan ictimai-siyasi kəsiminin ölkəmizə qarşı birtərəfli qaydada aparılan bu müharibəyə SSRİ rəhbərliyinin laqeyd mövqeyindən necə qəzəbləndiyini görmək  olur.

Azərbaycana sərhədboyu başlanmış bu hucum ölkənin ictimai həyatını daha da dalğalandırdı.  1990-cı il martın 31-də Azərbaycandan seçilmiş SSRİ xalq deputatları prezident Mixail Qorbaçova müraciət ünvanlayaraq, Ermənistanın hucumuna, Bağanıs Ayrım faciəsinə qiymət verməyi tələb etmiş, Qarabağ probleminin həllində Mərkəzin birtərəfli mövqeyinə ciddi etirazlarını bildirmişdilər.

Azərbaycandan olan SSRİ xalq deputatlarının imzaladığı müraciətdə deyilirdi: “Bu il martın 24-də və 26-dək erməni yaraqlıları Ermənistanla bütün sərhəd boyunca Azərbaycan SSRİ ərazisinə silahlı basqın etmişlər. Aydın deyil ki, Sovet Ordusunun və daxili qoşunların rəhbərliyi nəyə görə terrorçuların azğın hərəkətlərinə fikir vermir? Ermənistan ərazisindən yaxşıca silahlanmış və Azərbaycan SSR-ə qarşı elan edilməmiş müharibə aparan çoxminli ordunun əməllərinə niyə göz yumur?”

Müraciəti  SSRİ xalq deputatı olan Anar, Arif Məlikov, Mirzə İbrahimov, Həsən Turabov, Şeyxülislam Allahşükür Paşazadə və digərləri imzalamışdı.

KİV-də o günlərin ağır yaddaşını xatırladan digər bir müraciəti isə Azərbaycanın yeddi ictimai-siyasi təşkilatı imzalayıb. Həmin müraciətdə deyilirdi ki, martın 24-26-da edilən hucumları Azərbaycan SSR-in süverenliyinə və ərazi bütövlüyünə silahlı qəsd kimi qiymətləndirirlər: “Biz sual edirik? Cəzasızlıq nə vaxta qədər davam edəcək? Nə üçün 7 milyonluq Azərbaycan xalqı DQMV-in 140 min nəfərlik erməni əhalsinin iddialarına qurban verilir? Erməni millətçilərinə, qanlı münaqişənin təşkilatçılarına qarşı dərhal ən qəti və təsirli tədbirlər görməyi, quldur birləşmələrinin tərksilah edilməsini və cəzalandırılmasını tələb edirik”.

Bu müraciəti “Qayğı” Cəmiyyəti, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi, Qarabağa Xalq Yardımı Komitəsi, Qaçqınlar Cəmiyyəti, Respublika Qadınlar Şurası, “Vətən” Cəmiyyəti, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Şurası, Azərbaycan Ziyalıları Demokratik İttifaqı imzalamışdı.

1990-ci ilin mart ayında SSRİ-də heç kimin proqnozlaşdırmadığı hadisə baş verdi. Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov SSRİ Xalq Deputatları Qurultayının növbədənkənar iclasında keçirilən gizli səsvermə yolu ilə prezident vəzifəsinə seçildi.

Bu qərar heç də birmənalı qarşılanmadı. Sovet rəhbərinin 1985-ci ildən bəri apardığı uğursuz siyasəti sovet vətəndaşlarında çoxlu suallar yaratmışdı: Baş alıb gedən milli münaqişələr, ərzaq qıtlığı, siyasi böhranın səbəbi nədir? Niyə Mixail Qorbaçov və SSRİ rəhbərliyi bunun qarşısını ala bilmir?

Mixail Qorbaçov 1990-cı il martın 14-də keçirilimiş seçkilərdə qazandığı qələbəsinin sevincini yaşayarkən, Azərbaycanda baş vermiş bir mühüm demarş o zamankı ictimai-siyasi mühitdə böyük rezonans doğurdu: Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina etdi.

Bundan iki ay əvvəl- 20 yanvarda Bakıya sovet ordusunun yeridilməsini və dinc sakinlərin həlak olmasına görə SSRİ rəhbəri Qorbaçovu sərt ittiham edən A.Paşazadə qeyd edirdi ki, Sovet Ordusunun Bakıya yeridilməsinə bəraət vermək üçün “islam faktorundan” istifadə olunması yalnız Azərbaycanın müsəlman və xristian vətəndaşları arasında düşmənçilik və qarşıdurma yaratmaq məqsədi daşıyır. Şeyx SSRİ rəhbərini bu qanlı qırğına görə lənətlədi. QMİ sədrinin bu bəyanatı bütün dünyada böyük rezonans doğurdu.

Yanvar Şəhidlərinin dəfn mərasimi isə dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrildi.

Faciədən cəmi 2 ay sonra Mixail Qorbaçovun SSRİ prezidenti seçilmək istəməsi Azərbaycanda böyük etirazla qarşılandı. Xalq 20 yanvar cinayətinin icraçılarının tapılmasını, Mixail Qorbaçov və onun siyasi komandasının məsuliyyətinin etiraf olunmasını tələb edirdi.

Mixail Qorbaçov 14 mart 1990-cı ildə SSRİ Xalq Deputatlarının növbədənkənar 3-cü qurultayında deputatların səsverməsi ilə SSRİ prezidenti seçildi. SSRİ prezidentinin andiçmə mətni belə idi:

“Ölkəmizin xalqlarına sidq-ürəklə qulluq edəcəyimə, SSRİ Konstitusiyasına, vətəndaşların hüquq və azadlıqlarına qarant olacağıma, SSRİ prezidenti kimi üzərimə qoyulmuş mühüm öhdəlikləri vicdanla yerinə yetirəcəyimə təntənəli sürətdə and içirəm”.

Cəmi iki ay əvvəl isə Mixail Qorbaçov heç bir vicdan əzabı çəkmədən Azərbaycanda 200-ə yaxın günahsız vətəndaşın öldürülməsi, minlərlə insanın yaralanması ilə nəticələnmiş Bakı qırğını haqqında fərman imzalamışdı. Şeyxülislam Allahşükür Paşazadənin buna etiraz olaraq, SSRİ Xalq deputatı mandatından imtina etməsi Mixail Qorbaçovun Azərbaycan xalqı qarşısında məsuliyyətini bir daha dünyaya xatırlatmaqla SSRİ rəhbərliyinə qarşı cəsarətli demarşı saymaq olardı.

KİV-də qalan bu tarixi faktlar Azərbaycanın gələcək nəsli üçün yazılı salnamədir.

Aydın ABBASOV

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya rublu sürətlə dəyərini itirir –

Sonrakı məqalə

“Rusiya neftindən imtina Avropaya fəlakət gətirəcək” –