Şeyxülislamlarımıza olan hucumlar tarixdə necə qalıb?

Ölkənin tarixi yaddaşı onun maddi – mədəni abidələri ilə yanaşı tarixində iz qoymuş şəxsiyyətləri ilə xatırlanır. Vətəndaşlar ölkələrinin müxtəlif dövrlərində yaşamış bu şəxslərin ölkənin tarixində qoyduğu izi hörmətlə xatırlayır, öz xələflərinə danışırlar.

Tarixi yaddaş keçmişdə olanları xatırladaraq dövlətin gələcəyinə körpü salır, sabahkı nəsli üçün dövrünün hadisələrinin, şəxsiyyətlərinin bütöv tablosunu çəkir.

Biz bu gün ölkənin ictimai-siyasi-mədəni tarixi barədə danışarkən bu şərəfli fundamentə daş qoymuş ən müxtəlif şəxsiyyətlərin “vitrininə” baxır, oradan bizə boylanan, öz dövrünün böyük şəxsiyyətləri olmuş adamları hörmətlə xatırlayırıq. Bu sırada kimlər yoxdur ki? Dövlət quran siyasətçilərimiz, şücaətli hərbçilərimiz, maarifpərvər ictimai xadimlər, böyük ədiblər, fikir “ataları” olan alimlər, mənəvi güc verən din xadimləri… Bu şərəfli siyahıdakı adlar mənəvi bağ yaradaraq xalqın vahidliyini təmin edir, ideoloji baxışlarını formalaşdırır, vətəndaşların tarixi yaddaşını unutmamasına xidmət edir.

Tarix bu şəxsiyyətlərin öz dövründə üzləşdikləri bütün çətinliklərin səbəbkarlarını, onların vətən naminə apardığı mücadiləyə çamur atan, əllərində tutduqları işığı söndürməyə çalışan qaraguruhçuların adlarını bu gün yadda saxlamayıb. Amma qara niyyətləri nifrətlə xatırlanır.

Tarixdə isə yalnız bu parlaq şəxsiyyətlərin əməlləri və fikirləri qalıb.

Bu sırada Azərbaycanın din xadimləri də özünəməxsus yer tutur. Çar Rusiyasının Azərbaycanı işğalından sonra burada apardığı müstəmləkə siyasətinin bir detalı da azərbaycanlıları dini inancından ayırmaq, milli-mənəvi davranış kodeksini dağıtmaq və imperiyaya sədaqətli olan xalq formalaşdırmaq idi. Bu baxımdan din xadimlərini əsas həlqə sayan rus çinovnikləri zaman-zaman xalqın milli və dini inanc kodunu dəyişməyə cəhd ediblər. Ateist SSRİ zamanında isə sərt senzuraya və dini təqibə məruz qalan azərbaycanlılar məhz cəsur din xadimlərinin etirazı və müqaviməti sayəsində buna nail ola bilmədilər. Milli və dini birlik Azərbaycan xalqının bütövləşməsində və vahid xalq kimi tarixin səhnəsində qalmasına imkan verdi, yad təzyiqlərin deformasiya cəhdlərinə sinə gərdi.

Şeyxülislamlıq institutu müstəmləkə idarəçiliyinin bir detalı kimi nəzərədə tutulsa da əksinə proses baş verdi. Şeyxülislamlar Azərbaycan xalqının mənəvi bağlarının qorunmasında, cəhalətə və dini təfriqəyə qarşı çıxan cəsur şəxsiyyətlər oldular. Bakıda qız məktəblərinin yaradılmasına xeyir-dua verən, maarifçilik ideyalarının cücərməsinə dəstək olan, xalqın milli hisslərinin qorunmasında rol oynayan din xadimləri sovet dönəmində ən müxtəlif böhtan və təhqirlərə baxmayaraq ilahi kəlamın nurunu insanlara çatdırmaqdan qorxmadılar.

İlk şeyxulislamımız,  Azərbaycan publisisti, yazıçı və ideoloq Əli bəy Hüseynzadənin babası Məhəmmədəli Hüseynzadədən bəri xalqın dini rəhbərləri  insanların mənəvi zəngilniyi, savadı və dəyərlərinin qorunması üçün çalışıblar. Bu din xadimləri arasında qaraguruhun bütün hədə-qorxularına  rəğmən qızlar üçün məktəbin açılmasına dəstək verən Bakı qazisi Mir Məhəmməd Kərim Ağanın, ateist sovet hökümətinin bütün ağrı-acısını çəkən Şeyxulislam Ağa Əlizadə və digərləri var. Bu şəxsiyyətlər hücum və təqiblərə məruz qalsalar da xalqın mənəvi irsinin qorunması üçün səylərini əsirgəməyiblər. Öz zamanlarının böyük nufuz sahibi olan dini rəhbərlər   vətəndaşlıq borclarını namusla yerinə yetirməsini təbliğ edən ictimai xadim oldular. Bütün Şeyxülislamlar Azərbaycan xalqının mənəvi bütövlüyünün qorunmasını özlərinin əsas işi sayıblar.

Onların sayəsində Azərbaycan xalqı zəngin mənəvi keyfiyyətlərini qoruyub, humanist mesajların, bəşəri dəyərlərin daşıyıcısı kimi çıxış edib.

Bu gün biz onları hörmətlə anırıq.

Təəssüf ki, müasirlərimz olan, Azərbaycan tarixində mühüm xidmət göstərmiş belə  şəxslərə bəzən vaxtında haqq etdiyi qiymətini verə bilmirik.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı son aylarda aparılan böhtan kampaniyası yüzillər əvvəl aparılmış qarayaxmanın kədərli təkrarına bənzəyir. Xalqın dini rəhbərinin gözdən salınması üçün ən iyrənc metodlara əl atan bu qüvvələr Azərbaycanın ağır günlərində Şeyxülislamın xidmətlərini görməməzliyə vurmağa çalışır, dünənindən bixəbər kütlə ilə manipulyasiya edirlər.

Allahşükür Paşazadə çağdaş tariximizə təkcə dini rəhbər deyil ictimai xadim kimi adını yazdıra bilib. Uzaq 80-lərdə- 39 yaşında QMİ sədri seçilən A.Paşazadə sovet dönəmində ali dini təhsil alan ilk Şeyxülislam olaraq öz fəaliyyəti ilə Azərbaycanın çağdaş tarxində mühüm rol oynayıb. Azərbaycanın müstəqlilliyi uğrunda aparılan mübarizənin önündə gedən QMİ sədri ölkəmizin müsəlman dünyası ilə bağlarının yaranmasında mühüm işlər görüb. 1990-cı ilin 20 yanvar qırğınına qəzəblə etiraz edən A.Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova ünvanladığı cəsarətli müraciətində onu lənətlədi. O zaman Azərbaycanın istiqalal mücadiləsini “islam fundamentalizmi” ilə bağlamağa cəhd edən sovet siyasi elitasının planları Şeyxülislamın bu cəsarətli addmı sayəsində iflasa uğradı.

Qanlı Qarabağ savaşını Azərbaycanın apardığı ədaləti müharibə adlandıran QMİ sədri Ermənistanın bütün cəhdlərinə baxmayaraq bu münaqişənin dini zəmində olmadığını mənfur düşmənə etiraf etdirdi və dünyaya bəyan etdi. Ölkənin ictimai-siyasi həyatında tutduğu barış və sülh missiyasından heç zaman imtina etməyən A.Paşazadə ən mürəkkəb situasiyalarda bu missiyasına sadiq qalıb.

Azərbaycanda yad dini ideologiyanın meydan almasına qarşı ciddi mübarizə aparan A.Paşazadə ölkənin müxtəlif məzhəblərini bir dam altında birləşdirərək unikal bir vəhdətin nümayişinə nail ola bildi. Bu baxımdan dövlət və din əməkdaşlığının uğurlu platformasını yarada bilən QMİ sədri Prezident İlham Əliyevin tolerantlıq siyasətinin yürüdülməsində mühüm rol oynayıb.

Şimali Qafqaz xalqlarının ağır günlərində onlarla həmrəyliyi Şeyxülislamı bölgənin nufuzulu din xadiminə çevirib. Ən müxtəlif beynəlxalq tribunalarda, mötəbər konfranslarda çıxış edən QMİ sədrinin əsas qayəsi Azərbaycanı uğurla təmsil etmək, ölkəsinin haqq işini dünyaya nümayiş etdirmək olub. Dini rəhbər, ictimai xadim və “ruhani diplomatiyasını” birləşdirən bu missiyanın əsas hədəfi dövlətimizin və xalqımızın maraqlarıdır. Bu yolda yorulmadan gedən Şeyxülislam 70 illik ömründə bir addım da geri çəkilməyib. Bu gün ona böhtan atanları, qarayaxanları da qıcıqlandıran budur. Lakin zaman çayı axdıqca onun suları həmişə zibili kənara atıb, suyu tarixin dəyirmanına daşıyıb.

İllər ötəcək, Azərbaycanın gələcək nəsli öz dövlətinin tarixini oxuduqda onun səhifələrində Şeyxülislam Allahşükür Paşazadənin də adını görəcək, tarixi xidmətlərinin dəyərini verəcək. Yalan və böhtan püskürən qüvvələr isə bu gedişata heç bir təsir edə bilməyəcəklər.

Emin ABBASOV      

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Təhlükəsizliyi Xidməti XİN-də əməliyyat keçirir

Sonrakı məqalə

AzTV: