“Vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq, hər bir şəxs qanun qarşısında cavab verməlidir”.
Azpost.info bildirir ki, bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov Ağstafadakı həbslərə münasibətini trend-ə bildirərkən deyib.
Onun sözlərinə görə, ölkə ərazisində yaşayan hər bir şəxs Azərbaycan Respublikasının qanunları qarşısında bərabərhüquqludur: “Hansı partiya üzvlüyündən, hansı peşə sahibi olmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq, əgər şəxs cinayət törədibsə və bu, məhkəmə qaydasında sübuta yetirilirsə, o, məsuliyyət daşıyır. Yeni Azərbaycan Partiyasının mövqeyi həmişə belə olub. İstər YAP üzvü olsun, istər digər siyasi partiya təmsilçisi, fərqi yoxdur. Onlar da hər bir sadə vətəndaşlar kimi eyni hüquqa malikdir. Bu baxımdan da partiya təmsilçiləri qarşısında belə bir məsələ qoymuşuq ki, siz çox ciddi məsuliyyət daşıyırsınız. Bəzən görürsən ki, ayrı-ayrı siyasi partiyaların nümayəndələri bu və ya digər şəkildə ictimai təhlükəli əməl törədirlər və partiya qalxanının arxasında gizlənməyə cəhd edirlər. İfşa olunduqda isə həmin partiya rəhbərləri Avropa Şurasına, başqa-başqa qurumlara müraciətlər edirlər. Onlar istəyirlər ki, törətdikləri əməli ört-basdır etsinlər”.
YAP funksioneri əlavə edib ki, demokratiya, insan hüquq və azadlıqları hər bir şəxsin törətdiyi əmələ görə cavabdehlik daşımasını tələb edir. O baxımdam, Yeni Azərbaycan Partiyasının hər bir üzvü də qanun qarşısında bərabərdir.