Siyavuş Novruzovun bəyanatına SABİQ NAZİRLƏRDƏN reaksiya gəldi:

“Təxribat eləməyin” 
07 Sentyabr 2019 - 16:13

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamasına ilk reaksiyalar gəlib.

 Azpost.info bildirir ki,  YAP Siyasi Şurasının üzvü, keçmiş ekoklogiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məsələ ilə bağlı mövqeyini açqılayıb.

Modern.az-a açıqlama verən Hüseyn Bağırovun sözçüsü, Qərb Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov eks-nazirin YAP-ın Siyasi Şurasında fəaliyyətini davam etdirdiyini deyib:  “Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun keçmiş nazirlərlə bağlı açıqlamasından sonra, bəzi saytlar keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun adını da hallandırıb. Ancaq H.Bağırovun dövlətimizi, dövlətçiliyimizlə bağlı mövqeyi aydındır. O, bütün məsələlərdə dövlətimizin yanındadır, hazırda Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü kimi fəaliyyətini davam etdirir, partiyanın tədbirlərində iştirak edir, partiya üzvü kimi öhdəliklərini yerinə yetirir. Və Hüseynqulu Bağırov nə ölkə xaricində, nə də ölkə daxilində heç kimi maliyyələşdirmir. Hazırda isə səhhəti ilə bağlı ölkə xaricində, müalicədədir”.

 Sabiq Təhsil naziri Misir Mərdanov hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun uzun illər nazir vəzifəsində işləmiş şəxslərin ünvanına səsləndirdiyi sərt ittihamlara münasibət bildirib.

M.Mərdanov Demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil: “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm”.

M.Mərdanov keşmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib:

“Ola bilər ki, bu cür adamlar olsun. Ancaq mən özümə cavabdehəm. Mən bu məsələlərlə bağlı mövqeyimi hər yerdə açıq şəkildə bildirmişəm. Lazım olsa yenə bildirməyə hazıram. Düşünürəm ki, Siyavuş Novruzovun sözlərindən hər kəs özü üçün nəticə çıxaracaq”.

“Sfera.az” səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb. Sabiq nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək, onları xaricdə oturanları maliyyələşdirməkdə də ittiham edib.