Moskvada yaşayan soydaşımız, yazıçı Ulduz Qasımın “Maral” romanının başladığı ilk cümlədən oxucu Maralın kimliyinin axtarışına çıxmaq, onun Azərbaycanımızın hansı bölgəsindən olmasını öyrənmək təşnəsilə əsəri bu taleyə acıyan ürəyinin başına çəkmək istəyir. Müəllif Ulduz Qasım isə atəşi daha da alovlandırmağın, qəhrəmanını adiləşməkdən qorumağın öhdəsindən çox məharətlə gəlib. Təkcə bununmu…
…Axtarış səbəbləri eynidi. Yaşadığımız zaman çərçivəsi soydaşlarımızın qazanc dalınca məcburən olmasa da, məcburi miqrasiyasından dolayı nə qədər ailələrin qəlbində sızıntılı, sağalmaz şırımlar açıb. Maddi qazanc axtarışı ilə başlayan xaotik köç karvanları sonucda ən böyük zərbələri mənəvi dəyərlərimizə vurmaqla onları sıradan çıxarmaq kimi “başından böyük qələtli” işlərə vəsilə olub. Yaxşı ki, bu zərbələr kütləviləşə, hamımızı əhatə edə bilməyib…
Ulduz Qasım Maral taleli qızcığazların ədəbi-əbədi anasıdır
…Soyuq Moskvada azərbaycanlı istiqanlılığını, milli-mənəvi dəyərlərimizi bütün varlığı ilə qoruyan yazıçımız Ulduz Qasımın qələmə aldığı “Maral” romanını oxuyanda bu düşüncələrə dalmaya bilmirsən. Belə bir sənətkarın öz vətənimizdə yazıb-yaratmadığına görə pessimizmə də qapılırsan əsər boyu. Amma…amma onun ədəbiyyata gətirdiyi azərbaycanlıların həm də sözün bütün mənalarında bu soyuq diyarda yaşamağa məcbur olduqları, təbəddülatlı həyat tərzlərini düşünəndə onların da yanında bir yazarımıza ehtiyac olduğu fikri ilə barışırsan. Ulduz xanım həm də ordakı qərib qardaş-bacılarımızın dili, Maral taleli qızcığazlarınsa ədəbi-əbədi anasıdı. Əsərin ideyasının tərbiyəvi əsasını isə birmənalı olaraq İNSAN-İNSANLIQ amili əhatə edir. Buna təbii ki, hər frazada deyil, hadisələr yeniləndikcə şahidlənirsən.
…Romanda oxucu daha çox Maralın ardınca qaçmağa can atır. Amma bu yolçuluq özündən xəbərsiz onu Moskva mühitinin yamanlı-yaxşılı əksər çalarları ilə tanış edir. Maralı bir an da gözdən qoymamaq, gözdən itirməmək arzusu şimal qonşumuzun paytaxtındakı mənfi-müsbət məqamları bütün çılpaqlığı ilə canlandırır. Maralsa…bu zavallı qızcığaz hansı ölkədə yaşamasından asılı olmayaraq mənəvi boşluqlar dumanının günahsız qurbanlarındandır. Sadəcə, vətənində – doğmalarının əhatəsində eyni taleyi yaşayan həmyaşıdlarından fərqli olaraq daha ağır – büsbütün himayəçisiz, köməksiz duruma düşməsi onun həyatını həm “atalı-analı yetim” çağlarında, həm də yetkinlik vaxtında daha dərin dalanlara dirəyir, əzablara düçar edir. Bütün bu bəlaların səbəbkarı olan atası Zəfərsə hər şeyini, hətta vücudunun bir hissəsi olan Maralı belə Tatyana adlı rus qadınının müvəqqəti şirin gülüşlərinə qurban verərək öz məşəqqətli məntiqi sonuna doğru yol gedir. Əlbəttə, ümumiləşdirilmiş obraz olan Zəfər yüzlərlə öz halal yolunu azmış soydaşlarımızdan biridir. Amma “zəfərlərin” digərlərindən fərqi öz doğmalarının gününü zəhərə döndərməsində və körpə övladını Moskva miqyaslı nəhəng və yad bir meqapolisdə taleyin ümidinə buraxıb yola və yoxa çıxmasındadır…
Detallara varaq. Artıq bir kişidən Maşa adlı qız qazanaraq onunla vidalaşan, ardınca ailəli Zəfəri də öz qarmağına keçirən Tatyana da öz övladına münasibətdə ata adına yaraşmaz soydaşımızdan daha qeyrətlidir. Təsəvvür edin ki, Tatyana Zəfərin gözünün içinə cürətlə “qızımın Maralı görməyə gözü yoxdur, neyləmək olar, qızımı çölə atmayacağam ki… İstəmir onu bu evdə uşaq. Bəs məndən ötəri hər şeydən keçməyə hazır idin?” – sözlərini deyə bilir. Zəfərin öz evində anası Zeynəbi zorla Azərbaycana göndərdiyi Maral haqqında “bu mənim qızımdır” cümləsini söyləməyəsə gücü çatmır… Uşaq evinə atılmaqla hələ başına nələrin gələcəyini proqnozlaşdıra bilməyən Maralsa atasının bu halına acıyır da… O, balaca düşüncəsilə hələ ki, ancaq Tatyananı və onun qızı Maşanı qınayır. Amma müəllif zamanla əyani şəkildə sübut edir ki, qınanılası ən birinci adam Zəfərin özüymüş. Maralın başına olmazın bəlalar gəldikcə qızcığaz özü bu həqiqətləri anlayır. Onu, yəni namusunu çöllərə atdığına görə ürəyində atasını dəfələrlə yamanlayır, nə zamansa onun üzünə bu sözləri deyəcəyi ümidilə sorğu anının yetişəcəyi günü arzulaya-arzulaya dözür…
Roman içində roman
Maralın acınacaqlı həyatının davamında Ulduz Qasım onu Zəfərin bacısının əri Həmidlə də rastlaşdırır. Müəllif bununla sübut etmək istəyir ki, zəfərlər heç də tək deyillər. Yalnız forma-məzmunları fərqlidi. Zəfər öz ailəsini, qızını Tatyanaya qurban verirsə, Həmid rus qadından iki uşaq dünyaya gətirdikdən sonra Maralın bibisi Səfurəni bir köləsayağı alıb evinə gətirib. Olaylar fərqli olsa da, Zəfərlə Həmidi birləşdirən bir tale var. Hər ikisi səfil, atılmış günündə həyatlarının son günlərini yaşayacaqlar. Bu obrazların gerçək həyatımızdakı inikasını daşımağa “haqq edən” nə qədər soydaşımız var?!.. Ulduz Qasım yuxarıda da işarə etdiyimiz kimi onların ümumiləşmiş prototiplərini çox məharətlə “Maral”da əks etdirə bilib. Əks etdirib ki, hələ həyatın dibinə tam enməmiş bu yolun yolçuları həmin obrazlardan klassik şairimiz Xaqani Şirvani demiş “ayineyi-ibrət” götürsünlər, məşəqqətlərə doğru istiqamətlənmiş bu yolun yarısındansa da qayıda bilsinlər. Bu, əlbəttə ki, əsərin əhəmiyyətinin, yazıçının qayəsinin çox yüksək zirvələrdə qərarlaşdığından soraq verir.
Maralın uşaq evindəki günlərini, burada çəkdiklərini ayrılıqda bir əsərin mövzusu olmaqla “roman içində roman” da adlandırmaq olar. İsti nəvazişdən məhrum durumda böyüyən qızcığazın ürəyindəki mərhəmət hisslərini qabardan müəllif qəhrəmanının buradakı pişiklərin, pişik balalarının belə halına acıdığını, onlara qayğı göstərməsini də İNSANLIQ amilinin bir vintciyi olaraq təqdim edir. Uşaq evinin digər sakinləri Sergeylə Vovanın pişiyin balasının ayağını əzib-sındırmalarına Maralın təpkisi ilə isə qızcığazın həyatının digər arzuolunmaz yaşantılarının bünövrəsinin qoyulduğu bəlli olur. Amma nə yaxşı ki, dünyamızda milliyətindən asılı olmayaraq Natalya İvanovna, Ruslan, Svetlana Valentinovna, Leyla, Leylanın dayısı Rafiq, Orxan və digərləri də var. Yəqin Tanrı bu insanları cəmiyyətin balansı pozula bilməsin deyə yaradıb. Onlar Marala dəstək olaraq onu hətta intihar edə biləcəyi anlardan qoruyur, çəkindirir, ayaqda durmağında vəsilə olurlar.
Rafiqin evində ömründə ilk dəfə Novruz bayramı süfrəsinin dadını görmək…Maral o günü ömrünün ən gözəl çağlarından biri hiss edir. Bəllidir ki, Novruzda həm də doğmaları yada salar, ziyarət edərlər. Amma dünyanın o biri qütbündə gününü keçirən korşalmış vicdanlı Zəfər Novruz bayramında doğma qızının hansı künc-bucaqda qaldığını, hansı məhrumiyyətləri yaşadığını heç düşünmür də… Ulduz xanım insanlar arasındakı fərqləri necə aşkara çıxarır, necə tanıdır oxucuya, necə tərbiyə etmək istəyir soydaşlarını, fikir verirsinizmi?! Müəllif nadanlıq ucbatından ailələrini məhv edən Zəfərlə, Həmidlə yanaşı, ailəsini Azərbaycanda saxlayıb çörək qazanmaq üçün Moskva bazarlarına üz tutan, burada Nina adlı əyyaş rus qadını ilə nikaha girib yaşayan Nəriman obrazı ilə daha bir mənfi personajı canlandırır. Nərimansa əvvəlcə ailə dəyərlərinin, arxada qalmış arvad-uşaq məsuliyyətinin, hər gün əyyaş qadın tərəfindən tapdanan heysiyyatının fərqində olmasa da, həmyerlilərinin ictimai qınağından sonra ziyanın yarısından qayıdanların nümunəsidir. Şükür ki, özündə güc tapan belələri də varmış… Əsərdə Məhərrəm kimi neqativ, bütün insanlıq duyğularını itirmiş obraz da vardır ki, onun kimilərin sayının və soyunun artmamasını böyük Yaradandan arzulamaq bəlkə də daha münasib yanaşma olardı bu tipajlara…
Azərbaycançılığı vətənsiz yaşadan Maral
Maralın atası Zəfərin, adını belə səhvən Nərgiz bildiyi anası Zeynəbin axtarışına çıxması, həyatının cəhənnəm əzabına dönməsində bilavasitə səbəbkarlardan olmuş Maşanı bağışlaması səhnələrini xüsusi olaraq qabardan Ulduz Qasım, mənə elə gəlir ki, bütün yolunuazmışlara, biganələşmişlərə rəğmən, Azərbaycan xalqının humanizm prinsipli qan-geninin heç vədə məhv olub sıradan çıxmayacağı fikrinə oxucunu tapındırmaq, bu fikri tarixdə möhürləmək məqsədilə xüsusi sənətkarlıqla romanda yerləşdirib. Özü də pafossuz-filansız, sakit eyhamlarla. Eyni zamanda, Maralın çəkdiyi əzablara görə Zəfəri öz əməlləri müqabilində məhv olmuş durumda, günahsız, zavallı, tək suçu qızını axtarıb-tapa bilməmək olan Zeynəbi isə yalnız övlad itkisinin acısını yaşamış, lakin yeni ailəsi, digər övladları ilə nisbətən yarıxoşbəxt durumda təsvir edib. Bu isə əsərin əhəmiyyətini daha bir konteksdən də zirvələrə qaldırmış olur. Ulduz xanım bununla cəmiyyətə, küllən bəşəriyyətə mesaj verir ki, zamanla bütün yaxşı və pis əməllər müvafiq olaraq insanların həyatını təqib edir…
Atasının uzaq Nijni Vartovski şəhərindəki xristian qəbristanlığında baxımsız məzarına görə qəm-qüssə yaşayan Maralın anası Zeynəbi Azərbycanda axtarıb-tapması, onunla görüş səhnəsi insanın damarlarında qanını dondurur. Adına sadəcə görüş deməyin mümkünsüz olduğu bu ana-bala qucaqlaşmasının təsviri Maralın əzablarla dolu həyatını tamamilə gözlərimiz önündə bir kino lenti kimi canlandırır. Qeyri-ixtiyari olaraq göz yaşlarını saxlaya bilmirsən! Özünü nə qədər bədii əsər oxuyuram – deyə düşünməyə kökləsən də, bir anda yenidən əsər boyu oxuduğun o müdhiş anların qorxulu kabusunu hiss etməkdən qurtula bilmirsən! Özünü ələ alanda xəyallardan ayılır, silkələnir, qarşında romanın çapını öz üzərində daşıyan kitabın arxa cildində yalnız Ulduz xanımın mehriban baxışlı siluetinin canlandığını hiss edir və bircə sözü deməyə cürət tapırsan: Sizin “Maralınız” özündə çox dəyərlərimizi abidələşdirib. Yaşayın, yaradın Ulduz Qasım!
Nəzirməmməd Zöhrablı,
jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü
