SOCAR-ın prezidenti Türkmənistana gedib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 27-ci “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabad şəhərinə səfər edib.

SOCAR-dan  verilən məlumata görə, “Türkmənistanın nefti və qazı – 2022″ beynəlxalq sərgi və konfransının “Enerjinin gələcəyi – yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən plenar sessiyasında çıxış edən Rövşən Nəcəf Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun ölkələrimiz üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq baxımından yeni imkanlar açdığını vurğulayıb.

SOCAR prezidenti Cənub Qaz Dəhlizinin ölkəmiz ilə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bugünədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 mln. ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən Rövşən Nəcəf, həmçinin SOCAR-ın neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə danışıb.

Əvvəlki məqalə

İsrailin müdafiə naziri Türkiyəyə gəlib

Sonrakı məqalə

“İran nüvə tədqiqat reaktorunun tikintisinə başlayır”