“Sosial ədalətin tənzimlənməsi vacib məsələdir” –MUSA QULİYEV (MÜSAHİBƏ)

Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev Azpost.info-ya müsahibəsində ölkədə həyata keçirilən sosial siyasətin bir sıra aspektlərinə aydınlıq gətirib.

 

– Musa müəllim, Azərbaycanda yürüdülən sosial siyasətin əsas aspektləri hansılardır?

-Sosial siyasət həmişə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olub. Cənab Prezident İlham Əliyev də həmişə bəyan edib ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Sosial siyasəti həyata keçirərkən iki əsas prinsipə diqqət yetirilməlidir: Sosial ədalət və sosial rifah

Sosial rifah odur ki, hər kəsə bacardığı işlə məşğul olmağa, karyerasını inkişaf etdirməyə şərait yaradılsın. Sosial ədalət isə işində uğur qazana bilməyənlərə dəstək verilməsidir və bura əsasən xüsusi kateqoriyalı insanlar – şəhid ailələri, əlillər, qazilər, qaçqın və məcburi kökünlər, təkbaşına uşaq böyüdən analar və s. – daxildir.

Dövlət bu kateqoriyadan olan vətəndaşlara pensiya, sosial müavinət və təqaüd şəklində dəstək verir.

Sosial siyasətin istiqamətlərindən ən vacibi məşğulluğun təmin olunması, iş yerlərinin açılmasıdır ki, bu istiqamətdə mühüm işlər görülür.

İnflyasiyaya və ümümdaxili məhsulun artımına uyğun olaraq hər il maaşlar, sosial müavinətlər və təqaüdlər artırlır. Eyni zamanda iş yerlərinin yaradılması istiqamətində dövlətin müxtəlif proqramları həyata keçirilir və ildə təxminən 80-100 min iş yeri açılır. Doğrudur, pandemiya ilə əlaqədar son illərdə bu işi lazımi səviyyədə görə bilmədik. Koronavirus infeksiyasının bütün dünyanı ağuşuna alması və ölkələrin məcburi şəkildə qapanmaya getməsi iş yerlərinin açılmasını xeyli çətinləşdirdi. Bununla belə, dövlət bu məsələyə diqqət yetirərək müxtəlif proqramlar həyata keçirir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramını nümunə göstərmək olar. İldə təxminən 16-20 min vətəndaş bu proqram vasitəsi ilə öz məşğulluğunu təmin edə bilir. Bundan başqa, ildə təxminən 50 min vətəndaşa haqqı ödənilən sosial işlər verilməsi ilə onların məşğulluğu təmin edilir.

Pensiyaların və təqaüdlərin artırılması da demək olar ki, hər il həyata keçirilir.  2018-ci ildə keçirilən prezident seçkisindən sonra, 2019 və 2020-ci illərdə iki böyük sosial paketi qəbul olunub.

Pandemiya ilə bağlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, iş yerlərinin qurulması, işləməyən və yaxud məcburi şəkildə işə gedə bilməyən insanların əmək haqqının saxlanılması, aztəminatlı insanlara sosial dəstək və humanitar yardımların göstərilməsi həyata keçirilib. Təkcə Heydər Əliyev Fondunun dəstəyi ilə təxminən 100 ailəyə belə yardım göstərilib.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinə, qaizlərə, veteranlara hərtərəfli dəstəyin göstərilməsi, mənzil təminatının yaxşılaşdırılması, reablitasiya, o cümlədən ehtiyacı olanlara minik avtomobilinin verilməsi, protezləşdirmə,  pensiya və təqaüdlərin verilməsi həyata keçirilib ki, bütün bunlar da sosial müdafiənin əsas istiqamətləridir.

– Azərbaycanda son illərdə aparılan islahatlar effektivi hesab etmək olarmı? Bu islahatlar vətəndaşın həyatında hansı izlərini buraxıb?

-Təbii ki, islahatları effektiv hesab etmək olar. Baxın, xüsusi kateqoriyalı və digər vətəndaşların mənzil təminatının yaxşılaşdırılması ilə bağlı 3 proqram qəbul edilib: Sosial evlərin tikilməsi, ipoteka şərtləri ilə evlərin verilməsi  və xüsusi kateqoriyalı insanlara mənzillərin verilməsi.

Pensiya təminatında kifayət qədər dəyişiklik olub. Azərbaycanda 4 ildə pensiyalar 48 faiz artıb. Sosial islahatlar zərfi təxminən 4 milyona yaxın vətəndaşı əhatə edib və dövlət büdcəsinə 2 milyard manat əlavə vəsait ayrılıb. Bunlar hamısı vətəndaşa yönələn sosial dəstək proqramlarıdır. Bir məsələ də var ki, bu 4 ilin iki ilini biz gərgin pandemiya dövründə yaşamışıq. Ona görə də bir çox proqramları həyata keçirə bilməmişik. Pandemiya dövründə əsas diqqət vətəndaşların sağlamlığının qorunmasına yönəldi. Biz bu işdə də kifayət qədər uğur əldə etdik. Təsadüfi deyil ki, Azərbaycan pandemiyadan az itki ilə çıxan 10 ölkədən biridir. Bunu biz demirik, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) deyir. Bundan başqa, Azərbaycan ÜST-ə 10 milyon dollar ianə göndərdi. Cənab Prezidentin təşəbbüsü ilə 80-dən çox ölkəyə humanitar yardım göstərildi.

Müharibədən zərər çəkən bütün vətəndaşlara dəstək göstərildi. Burada söhbət təkcə döyüşdə yaralananlardan getmir. Bilirsiniz ki, münaqişə ocağından kənarda yaşayan vətəndaşlarımız da bu və ya digər formada zərər çəkib. Gəncə, Tərtər və Bərdə raket hücumuna məruz qalıb və vətəndaşların evləri dağılıb. Onların hər biri ilə görüş keçirilib, mənzillərinə baxılıb və dəstək göstərilib. Bunlar xırda işlər deyil.

Ümumiyyətlə, postmüharibə dövründə 40 min insana 46 istiqamətdə xidmət göstərilib. Bura psixoloji, hüquqi, maddi, tibbi yardımlar və s. daxildir.

Şəhid ailələri və müharibə əlilliyi olan 10 mindən çox şəxsə sosial ödənişlərin verilməsi həyata keçirilib. Cənab Prezidentin göstərişi ilə xüsusi təqaüd növü –  Vətən müharibəsi qəhərmanı təqaüd növü təsis olunub. Digər təqaüdlər isə hamısı artırılıb. Ötən ilin may ayında məşğulluq marafonu elan edildi. İlin sonuna qədər davam edən bu marafonda 1272 müharibə qazisi və şəhid ailəsi işlə təmin olunub.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti altında 200-dən çox qazimizə ən müasir, elektronikanın son nailiyyəti olan aşağı və yuxarı ətraf protezlər verilib. Həmin protezlərlə kompüterdə yazı da yazmaq olar, futbol da oynamaq olar, qısası, demək olar ki, hər iş görmək olar.

Ötən il 3000 şəhid və qaizimizə mənzil verilib. Bu il də təxminən 3000 mənzilin verilməsi nəzərdə tutulur. Cənab Prezidentin qəbul etdiyi xüsusi sərəncama görə 2024-cü ilin sonuna qədər bütün qazilərimiz və şəhid ailələrimiz mənzillərlə təmin olunacaq.

 

-Prezident bəyan etdiyi sosial siyasətin əsasında vətəndaşın durduğunu bildirib. Vətəndaş məmnunluğunu təmin edəcək məmur korpusu, icra sturukturlarında hansı dəyişikliləri və problemləri qeyd edə bilərsiniz?

-Əlbəttə ki, iş olan yerlərdə narazılıqlar da, problemlər də olur. Amma bu narazılıqlar görülən işlərə, məmnun qalanlara nisbətən çox aşağı faizdədir.

Məsələs burasındadır ki, elektron hökumətə keçidlə əlaqədar vətəndaş-məmur kontaktları azalıb. Bu, bir tərəfdən yaxşıdır. Rüşvətxorluq, bürokratik əngəllər aradan qalxır. Amma bir tərəfdən də vətəndaşla məmur arasında ünsiyyətin olmaması və müəyyən izahat işlərinin aparılmaması, vətəndaşa hüquqlarının doğru izah edilməməsi, onun iddialarının əsassız olması, yaxud düzgün istiqamət verilməməsi səbəbindən narazılıqlar yaranır.

Biz pandemiya dövründə vətəndaşla canlı ünsiyyətə girə bilmədik, qəbullar olmadı. Bu da bir narazılıq yaratdı. Belə hallarda vətəndaşlarımıza müəyyən xidmətlərin göstərilməsi növbəlilik əsasında həyata keçirilir. Amma onlar gözləyə bilmir, darıxır, xidmətin tez həyata keçirilməsini istəyirlər.

Bəzi hallarda isə məmurların peşəkarlığının kifayət qədər olmaması narazılıqların yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, belə halların olmaması üçün biz bir yerdə işləməliyik. İctimai təşkilatlar, media, millət vəkilləri, icra qurumları birgə çalışmalıyıq ki, bu cür nöqsanlar aradan qalxsın. Prezidentin “biz xalqın xidmətçiləriyik” fikri əsas götürülməlidir.

– Milli Məclisin sosial siyasətlə bağlı qəbul etdiyi qanunlar cəmiyyətdə həyatında təsiri necədir?

-Azərbaycan artıq müstəqilliyinin 30-cu ilini yaşaylr. Bu müddət ərzində həm sosial siyasət, həm də digər sahələrlə bağlı çərçivə qanunlar qəbul olunub. Hazırda həmin qanunlar üzırində təkmilləşdirmə işləri gedir. Əlavə və dəyişikliklər edilir. Ona görə də əvvəlki kimi qaynar qanun hazırlanması prosesi yoxdur.

Qəbul edilən qanunların vətəndaşın həyatında hansısa dəyişikliyə səbəb olması həmin qanunun icrasından, doğru tətbiqindən asılıdır.

-İctimai nəzarətdə parlamentin rolunu necə qiymətləndirirsiniz?

-Hesab edirəm ki, ictimai nəzarətdə parlamentin rolu kifayət qədər yüksək olmalıdır. Artıq deputatlar icra hakimiyyəti orqanlarında yaradılan ictimai nəzarət şuralarının üzvləridir. Heç şübhəsiz ki, cəmiyyətdən gələn müsbət və mənfi siqnalları hökumətin diqqətinə çatdırılmalı, nöqsanların aradan qaldırılması üçün təkliflər verilməlidir.

Martın 15-də hökumətin növbəti hesabatı Milli Məclisdə kifayət qədər ciddi müzakirə olunub, tənqidlər səsləndirilib, problemlər qaldırılıb. Ümumiyyətlə, problemlər işgüzar əməkdaşlıq şəklində həllini tapır. Təkcə tənqidlə iş düzəlmir. Nöqsanları aradan qaldırmaq üçün təkliflər vermək və adekvat yollar da göstərməliyik.

-Vətən Müharibəsi həyata keçirilən sosial siyasətdə hansı yeni sosial çağırışları doğurub?

-Artıq müharibə bitib və biz süıh danışıqlarına davam edirik. Brüssel görüşündə də diktə edən tərəf Azərbaycan idi və müzakirə mövzusu da bizim təkliflərimiz idi.

Hesab edirəm ki, ilk növbədə işğladan azad edilmiş ərazilərimizdə bərpa prosesinin sürətlə getməsi və məcburi köçkünlərin öz yerlərinə qayıtmasını təmin etməliyik. Qarşımızda iqtisadi faəllığın artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və vətəndaşın sosial rifahının təmin edilməsi dayanır. Şübhəsiz ki, burada sosial ədalət faktoruna  ciddi diqqət yetirilməlidir. Məsələn, əmək haqlarına nəzər salanda biz görürük ki, özəl sektorda çalışanların əmək haqqı daha yüksəkdir. Yaxud neft-qaz çıxarma sahəsində çalışan insanların maaşları ilə tutaq ki, səhiyyə və təhsil sahəsində çalışan insanların maaşları arasında 6-7 dəfə fərq var. Yəni, sosial ədalətin tənzimlənməsi də vacib məsələlərdən biridir və biz bunu tədricən həyata keçirməliyik.

İnsanların sosial rifahının təmin etmək üçün onların məşğulluğunun təmin olunması vacib məsələlərdən biridir. Xüsusilə kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi zəruridir. Çünki dünyada ərzaq qıtlığı davam edəcək və yaxın 5 ildə biz müəyyən problemlərlə üzləşə bilrik. Ona görə də ərzaq məhsullarının təminatı üzərində də düşünmək lazımdır.

-Ölkədə elan edilmiş islahatlar kursunda əmək bazarını hansı dəyişiklər gözləyir?

-Artıq biz yeni yanaşmalara getməliyik. Çünki bir çox peşələr sıradan çıxır, onlara ehtiyac qalmır, yeni peşələr yaranır. Xüsusilə informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə biz ənənəvi yanaşmalardan çəkinməliyik. İndi dünyanın bir çox ölkələrində yeni texnologiyalar tətbiq edilir və bu istiqamətdə iş aparılır, kadr yetişdirilir.

Tutaq ki, əvvəllər bir zavodda 200 nəfər işləyirdisə, indi 20 nəfər işləyir, yerdə qalanının işini isə texnologiya görür. Bəs qalan insanlar nə etməlidir? Ya yeni texnologiyalara yönəltməliyik, ya da iş saatlarını azaltmaqla yeni iş yerlərinin açılmasını təmin etməliyik. Bəzi ölkələrdə artıq 4 günlük iş rejiminə keçilir ki, digər insanlar da əmək bazarında özlərinə yer tuta bilsinlər.

Düzdür, biz hələ ki, əmək bazarında bu gərginliyi hiss etmirik. Amma dövr dəyişir, texnoloji yeniliklər artır və s. Ona görə də biz də bu barədə düşünməliyik. Hesab edirəm ki, xüsusilə, kənd təsərrüfatı sahəsində kifayət qədər imkanlar var. Sadəcə biz bundan faydalı istifadə etmək və məhsuldarlığı artırmaq istiqamətində düşünməliyik.

Bilirsiniz ki, Azərbaycan demoqrafik cəhətdən inkişaf edən ölkədir. Ona görə də təbii olaraq yeni iş yerlərinin açılmasına ehtiyac yaranır. Bu da elə prosesdir ki, ildə 100 min iş yeri açılırsa, 20-30 min iş yeri də bağlanır. Bunların səbəbləri araşdırılmalıdır. Çünki bağlanan hər bir iş yeri işsiz vətəndaş deməkdir ki, bu da dövlətin sosial yükünü artıran amildir.

Gəncləri yeni peşələrə hazırlamaq lazımdır. Çünki ənənəvi peşələr artıq sıradan çıxır. Bütün bunlar barədə düşünməliyik.

V.ABBAS

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

Vətən Müharibəsi Qəhrəmanlarına ayrılmış mənzillər onların mülkiyyətinə verildi –

Sonrakı məqalə

Putin Jirinovski ilə vidalaşarkən fəxri qarovul niyə olmayıb?