“Sabah qrup mərhələsində son oyunumuza çıxacağıq. Bu, bizim üçün ən vacib matçlardan biridir”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda İsveçin “Hekken” klubuna qarşı keçirəcəkləri VI tur oyunundan öncə mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis görüşə tam hazır olduqlarını bildirib: “Çox yaxşı hazırlaşmışıq. Rəqibin müsahibələrindən görürük ki, bizimlə oyuna ciddi yanaşırlar. Xalsız ayrılmaq istəmirlər. Futbolçularıma güvənirəm. Öz üzərimizdə işləməyə davam edirik”.
O, zədə səbəbindən 3 ay yaşıl meydanlardan uzaq qalacaq kolumbiyalı müdafiəçi Kevin Medinanın son durumunu da açıqlayıb: “Hazırda vəziyyəti normaldır. İstərdim ki, sabahkı oyunda hamı iştirak etsin, xüsusilə Medina. Onların hər biri bu cür matçlarda meydana çıxmağa layiqdirlər. Medina bir müddət Bakıda olmayacaq. Çünki əməliyyat olunub. Əsas oyunçularımızdan biridir. Amma digər futbolçuların onun yoxluğunu hiss etdirməyəcəklərinə inanıram. Ümid edirəm ki, tezliklə sağalacaq”.
Q. Qurbanov havanın yağışlı olmasına baxmayaraq, ot örtüyü ilə bağlı hər şeyin qaydasında olduğunu qeyd edib: “Meydançanın durumuna baxmışam. Düşünürəm ki, əsl futbol havasıdır. Belə hava şəraiti futbolçularıma çətinlik törətməyəcək”.
Baş məşqçinin sözlərinə görə, oyunçularda və azarkeşlərdə qələbə istəyi həddindən artıq çoxdur: “Maksimum çalışmalıyıq ki, soyuqqanlı olaq. Bunu bacara bilsək, uğur əldə edəcəyik. Şanslarımız çoxdur. Səhvsiz oyun göstərməliyik”(azərtac).
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.