“SSRİ-də yalnız Azərbaycan və Rusiya bazar münasibətlərinə hazır idi” –

Yeltsinin naziri sovet ölkəsinin iflasından danışdı
06 Yanvar 2021 - 20:15

“SSRİ əgər mal-məhsul münasibətlərində bazar iqtisadiyyatına keçid etsəydi yalnız iki respublika –Rusiya və Azərbaycanın iqtisadi vəziyyəti bu münasibətlərə imkan verirdi. Müttəfiq respublikaların içərisində yalnız bu iki ölkə mal istehsalında müsbət saldoya malik idi. Hər iki respublikanın öz depozitləri və neft hasilatı var idi. Biz o vaxt bununla bağlı hesablama aparmışdıq”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın 1992-93-cü illərdə iqtisadiyyat naziri olmuş Andrey Neçayev “Moskovski Komsomolets” qəzetinə müsahibəsində deyib.

Sabiq nazirin sözlərinə görə, amma bütün respublikalar elə hesab edirdi ki, Moskvanı məhz onlar “yedirdirlər”.

Neçayev Sovet İttifaqının iflasının səbəblərini də şərh edib: “1991-ci ildə hökumətin tərkibinə daxil olduqdan sonra SSRİ-də kasıblığın və yoxsulluğun dəhşətli mənzərəsi aydın oldu. Mən hökumətdə valyuta-iqtisadi komissiyasına rəhbərlik edirdim. Aydın oldu ki, SSRİ-nin qızıl ehtiyatı 5 dəfə azalıb. Baş nazirlər Rıjkov və Pavlov tərəfindən satılıb, dağıdılıb. Ölkə faktiki olaraq siyasi cəhətdən motivasiya olunmuş kreditlər hesabına yaşayırdı. Bu krediti Qərb Qorbaçova verirdi, amma bu pul da çatmırdı”.

Sabiq nazir bildirib ki, bir sıra hallarda hökumətin valyuta ehtiyatında 20 milyon dollar qalırdı. Xarici borc isə 120 milyard dollar idi: “Şəhərləri ətlə təmin edən bütün quşçuluq, ətçilik kompleksləri o vaxt yalnız xaricdən idxal olunan taxılı gözləyirdi. Bəzi hallarda elə olurdu ki, anbarlarda 2-3 günlük taxıl qalırdı. Avqust qiyamından sonra kreditlər dayandı və taxıl sərhəddə qaldı”.

Onun sözlərinə görə, 1991-ci ildə büdcə kəsiri ÜDM-in 35 faizini təşkil edirdi: “Bunu bağlamaq üçün pul çap edilirdi, bu isə infilyasiyanı sürətlə artırırdı. Dövlət xəzinəsi boş idi. İndi diletantların fəxrlə “böyük və qüdrətli” hesab etdikləri  sovet iqtisadiyyatının real mənzərəsi belə idi”.

Neçayev vurğulayıb ki, iflas SSRİ-ni 70-ci illərdə artıq haqlayırdı. Amma ərəb-israil müharibəsindən sonra neftin qiymətinin kəskin bahalaşması bir müddət da bu iflası ləngitdi. Ölkə neft iynəsinə oturdu. 80-ci illərin sonunda ölkə artıq iqtisadi kollapsda idi.

Neçayevin fikrincə, SSRİ-də iqtisadiyyatın əsasını təşkil edən planlı təsərüfat bu iflasın səbəbkarı idi. Dövlət bir neçə dəfə bu sistemlə bağlı dəyişiklik etmək istəsə də bacarmayıb.

Onun sözlərinə görə, Mixail Qorbaçovun dövründə iqtisadi islahatlarda ciddi problemlər oldu, idarəetmə özünü doğrultmadı: “Mixail Qorbaçov regionlara və müttəfiq respublikaların elitasına iqtisadi müstəqillik verdi. Onlar da yorğanı öz üzərinə çəkməyə başladılar. “Bəsdir, Moskvanı yemlədik!” şüarı yerlərdə populyar şüar idi. Hər respublika ümid edirdi ki, ağır sosial vəziyyətdən təkbaşına çıxa biləcək. Bu iki faktor- iqtisadi hərcmərclik və mərkəzdənqaçma tendensiyası SSRİ-ni iflasa gətirib çıxartdı”.

Sabiq nazir deyib ki, Mixail Qorbaçovun hakimiyyətinin lap əvvəlində SSRİ-nin Çin yolu ilə-Den Syaopin islahatları ilə getmək şansı var idi. 1990-91-ci illərdə bu şans artıq itmişdi.

“Qorbaçovun iqtisadi komandası Rıjkov və Pavlov kimi ortodoks şəxslərdən ibarət idi. Onlar isə ciddi bazar münasibətlərinə qətiyyən hazır deyildilər”.