SSRİ müdafiə naziri Yazov 20 Yanvarla bağlı özünə necə bəraət verməyə cəhd edib? –

“Məni aldatdılar...Atəş açmaq barədə əmr verməmişəm” (VİDEO)
21 Yanvar 2020 - 00:47

Mən özgə əmrini icra etmişəm. O əmri verən adam isə indi hər şeydən imtina edir. Mən Bakıya ona görə gəldim ki, göndərdilər. Təkcə məni yox, daxili işlər nazirini də göndərmişdilər. Məgər ölkənin daxili işlərinə mən tək cavabdeh idim? İlk növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə döyüşmək idi. Məni aldatdılar”.

Azpost.info bildirir ki, bu sözləri 20 yanvar Bakı qırğınında ordu hissələrinə rəhbərlik etmiş SSRİ müdafiə naziri, marşal Dimitri Yazov “Lider” TV-yə bir neçə il əvvəl  verdiyi müsahibəsində bu qanlı cinayətdə iştirakı ilə bağlı suallara cavab verərkən deyib.

Onun sözlərinə görə, 1990-cı ilin yanvarında Mixail Qorbaçov onu, KQB-nin sədri Kryuçkovu və daxili işlər naziri Bakatini yanına çağıraraq Bakıda vəziyyətin gərgin olduğunu deyib: “Qorbaçov dedi ki, Bakıya göndərdiyi Primakov və Girenko ilə telefonda danışıb. Onlar bildiriblər ki, Bakıda təcili fövqəladə vəziyyət elan etmək lazımdır. Ona görə ki, şəhərdə azərbaycanlılar ermənləri pəncərədən küçəyə tullayırlar. Burada böyük bəla baş verəcəyi gözlənilir. Kryuçkov o zaman hiyləgərlik elədi, özü Bakıya gəlmədi, müavini Bobkovu göndərdi”.

Yazovun sözlərinə görə,özü Bakıya gəlib: “Bakıda Girenkonu, Primakovu, Mütəllibovu və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin digər üzvlərini yığdıq. Mən bəyan etdim ki, saat 3-də fövqəladə vəziyyət elan edəcəyəm.  Moskvada Çkalov aerodromundan çıxanda mən artıq desant polklarının hansı regionlara göndərmək barədə əmr vermişdim. Biz radio ilə fövqəladə vəziyyətin elan olunması barədə elan verdik. Amma televiziya ilə imkan tapmadıq. Oranı partlatdılar. Bilmirəm, bunu kim elədi. Radio ilə elan etdik ki, camaat küçəyə çıxamasın, şəhərə ordu yeridiləcək”.

Müsahibədə qarmaqarışıq ifadələrlə danışan Yazov iddia edib ki, ordu şəhərə öldürmək üçün yox, vəziyyəti normallaşdırmaq  üçün daxil olub.

 “Bakıda rəsmi məlumatlara görə 136 nəfər həlak olub” –deyə replika verən jurnalistə marşalın cavabı əcaib olub: “Biz bir nəfər də olsun adam öldürməmişik”.

Yazov sovet əsgərlərinin insanları süngü ilə öldürməsini, tankın Elmlər Akademiyasında çalışan 3 alimi qətlə yetirməsini, “Təcili yardım” maşının gülləyə tutulmasını inkar edib: “Mənə əsgərlərin silah işlətəməsi barədə bir dənə də olsun məlumat məruzə olunmayıb”.  

Yazov Bakıda ümumiyyətlə həyasızcasına tankların olmadığını iddia edib.

Mən xatırlayıram, Heydər Əliyev öz çıxışlarının birində demişdi ki, Qrbaçovu və Yazovu heç vaxt bağışlamayacaq. Mən hesab edirəm ki, öz borcumu yerinə yetirmişəm. Vətəndaş müharibələri zamanı  həmişə mülki əhali həlak olur. Mən ordunu yeritmişəm, amma bu o demək deyil ki, atəş açmaq barədə əmr vermişəm”.

SSRİ müdafiə nazirinin Bakıda törətdiyi cinayətin məsuliyyətindən qaçmaq üçün müxtəlif bəhanələr uydurması təbiidir.  Bu illər ərzində Bakıda həyata keçirilmiş qanlı qətliamın icraçıları haqqında bütün lazımi subutlar təsdiq edilib. Hazırda bu cinayətin icraçıları ciddi-cəhdlə gizlənməyə çalışslar da ədalətli cəzadan yaxa qurtara bilməyəcəklər.

90 yaşlı marşal Yazov artıq neçə illərdir ki, Rusiya sərhədlərini tərk etməyə qorxur. Çünki o, 1991-ci ildə Vilnüsdə törədilmiş  qanlı hadisələrə görə də  günahkar elan olunub və ölkə xaricinə çıxacağı təqdirdə həbs olunacaq.

Azpost.info