SSRİ prezidentini qatil adlandıran ilk din xadimi –QMİ sədrinə 20 yanvarda hansı təklif edilib?

 Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür.

Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi iddialarına qarşı azərbaycanlıların haqlı etirazını vəhşicəsinə yatıran sovet rejimi özünün qanlı izini tarixin “qara səhifə”nə yazdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun hərbi təcavüzü nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhali gülləbaran edildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

O günləri xatırladıqca bu ağır cinayətə etiraz edən, xalqın matəm günlərində onunla çiyin-çiyinə duran ictimai xadimlər, siyasətçilər yada düşür. Gənc nəsil üçün o zamankı proseslərdə onların oynadığı rolu öyrənmək indi çox maraqlı olub.

O dövrün həyəcanlı,vahiməli günlərində xalqın aydın zəkası və cəsarətli ziyalıları ön cərgədə idilər. Onlar dinc əhaliyə divan tutulmaması üçün mümükn olan bütün vasitələrdən istifadə etməyə çalışır, Bakıya “öldür!” əmri ilə göndərilmiş imperiya canişinlərinin təxribatçı fəaliyyətinə mane olmağa cəhd göstərirdilər.

Siyasi böhran şəraitində etimadını itirmiş kommunist rəhbərliyi vəziyyətə nəzarəti itirmişdi. DTK-nın davamlı təxribatları qarşısında çarəsiz duruma düşən sovet məmurları gözlənilən bəlanın qarşısını almaq üçün nə edəcəklərini bilmirdilər.

Xalq isə yalnız inandığı, etibar etdiyi ziyalılar, ictimai xadimləri eşidirdi.

Belə məqam sahiblərindən biri də Qafqaz müsəlmanlarının 41 yaşlı Şeyxülislamı Allahşükür Paşazadə idi. Qarabağ harayının ilk günündən xalqın haqlı etirazına dəstək verən QMİ sədri SSRİ-nin rəhbərliyini ərazi bütövlüyünə hörmət etməyə, separatizmi körükləyənləri cəzalandırmağa çağırırdı.

Bakını hər tərəfdən mühasirəyə almış sovet ordusunun hissələri nəyin bahasına olursa olsun şəhərə daxil olmaqda qərarlı idi.

Hamıya aydın idi ki, bu qanlı yürüş dinc əhalinin kütləvi ölümü və təsəvvür belə edilməsi mümkün olmayan xaos yarada bilər.

1990-cı ilin böhranlı yanvar günlərində Qafqaz Müsəlmanları İdarəsi siyasi rəhbərlik tərəfindən tərk edilmiş xalqın təşkilati mərkəzinə çevrilmişdi.

Şeyxülislam Allahşükür Paşazadə siyasi böhranın qansız həll olunması üçün var gücü ilə çalışırdı.

Həmin günlərdə ölkənin tanınmış ziyalıları ilə birgə siyasi rəhbərliklə görüşə qatılan A.Paşazadə sovet rejiminin təmsilçilərinə qarşı sərt və qətiyyətli mövqe nümayiş etdiridi.

Bu baxımdan yanvarın 17-də Azərbaycanın o zamankı rəhbəri Əbdürrəhman Vəzirovun kabinetində Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nurəddin Rzayevlə birgə Yevgeni Primakovla görüş çox sərt formada keçmişdi. QMİ sədri kabinetdə Primakovla çox sərt mübahisə edərək ordunun Bakıya girməsinin ağır bədəli olacağını demişdi.

SSRİ rəhbərliyi Azərbaycanda dinc xalqın çoxmilyonlu etirazına ləkə yaxmaq, dünyaya başqa cür təqdim etmək niyyətini gizlətmirdi. Bu sırada “islam təməlçiliyi” kimi yalançı tezisdən istifadə olunurdu.

Moskva Azərbaycanda guya islamçı fundamentalistlərinin hakimiyyəti ələ keçirdyi barədə  yalan məlumat yayırdı.  Moskva bu böhtanla torpaq bütövlüyünün pozulmasına qarşı etiraza qalxmış Azərbaycan xalqını dünyada gözdən salmaq, onun haqlı etirazını qarşısını almaq məqsədi güdürdü.

Elə SSRİ prezidenti Mixail Qorbaçovun Bakıya göndərdiyi yüksək vəzifəli şəxsinin – Yevgeni Primakovun QMİ sədrinə təklifi bu idbar niyyətin göstəricisi idi. Primakov Şeyxülislama  respublikada hakmiyyəti götürəcəyi təqdirdə ordunun şəhərə girməyəcəyini bildirir. Bu qanlı təxribata hesablanmış avanturist gediş idi.

Şeyxülislam tanınmış rus jurnalisti Mixail Qusmanın “Formula vlasti” verilişində bununla bağlı danışarkən bu məqamları xatırlamışdı: “Primakov mənə dedi ki, Mixail Qorbaçovla danışıb. Mənə Azərbaycanda hakimiyyətə rəhbərliyi götürməyi təklif etdi. Dedi ki, mənə hər cür dəstək veriləcək. Ançaq bu şərtlə ordu Bakıya girməyə bilər”.

Belə gözlənilməz təklifdən heyrətə düşən Şeyxülislam buna sərt şəkildə rədd cavabı verir: “Sizin  məqsədinizi  anladım. Mən Buxaradakı  Mir-Ərəb mədrəsəsini bitirmişəm, Moskvadakı Ali  Komsomol məktəbinə yox!. Primakovun təklifini rədd etdim və onunla çox ciddi mübahisəmiz oldu”.

Bütün səylərə baxmayaraq sovet ordusu heç bir xəbərdarlıq etmədən yanvarın 19-da Bakıya hucum etdi. Bu qanlı təcavüz SSRİ-nin son 50 illik tarixində dinc əhaliyə kütləvi şəkildə divan tutan ilk hərbi müdaxilə oldu.

Bu qanlı cinayəti dünyadan gizlətmək mümkün olmadı.

Yanvarın 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin SSRİ rəhbəri Mixail Qorbaçovu qanlı cinayətdə ittiham edərək lənətləyən bəyanatı bütün ölkəyə yayıldı.

Mixail Qorbaçovu “qatil” adlandıran QMİ sədri qanlı qırğına görə bütün məsuliyyəti onun daşıdığını bəyan elədi.

“Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz”-deyə Şeyxülislam bəyan etmişdi.

SSRİ-nin tarixində o vaxta qədər heç vaxt din xadiminin sovet rəhbərini ittiham edən belə Bəyanatı olmamışdı.

Bakıda dövlət qurumlarının fəaliyyəti iflic olması QMİ-ni xalqla əlaqənin yeganə məkanına çevirdi.

Təzəpir məscidi qanlı qırğında həlak olmuş yüzlərlə günahsız insanların dəfnini təşkil edən, mənəvi güc verəcək quruma çevrilmişdi.

Sovet hərbi komendantlığı və Azərbaycan rəhbərliyinin bəzi məmurlarınını meyitləri tez bir zamanda doğulduqları rayonlara göndərilməsi tələbi göydə qaldı.

Şəhid cəsədləri Təzəpirə gətirlməyə başladı.

Vəziyyət qeyri-müəyyən, təhlükəli idi. Hamı sonrakı addımları gözləyirdi.

Belə bir şəraitdə Şeyxulislam din xadimlərini “Təzəpir”ə toplayaraq onlara “evinizlə, ailənizlə hallalaşıb gəlin, hər şey ola bilər!”-deyərək dəfnə hazırlıqlara başlanır.

Hərbi komendantlığın kütləvi dəfn mərasiminin qarşısını almaq cəhdi iflasa uğrayır.

İşğalçı sovet əsgərlərinin avtomat lülələri altında Mərkəzi Komitənin qarşısında duran xalqla birgə qərar verilir – Şəhidləri qardaşlıq məzarlığında dəfn etmək!

Şeyxülislam çıxışında həlak olanları “Şəhid” adlandırır. Ateist sovet dövlətinin vətəndaşları üçün şəhid sözü tam yeni anlayış idi. QMİ sədri bununla xalqa şəhidlik və onun Vətənlə bağlayan məqamını izah edərək onları mənəvi gücümüzə çevirdi.

Şeyxülislamın rəhbərliyi ilə 20 yanvar şəhidlərinin möhtəşəm dəfn mərasimi keçirilir.

QMİ sədri dəfn mərasimi zamanı Bakının hərbi komendantıdan əlisilahlı əsgərlərin gözə görünməməsini tələb edir. Yaranacaq dəhşətli xaosu anlayan, dəfnin qarşısını ala bilməyəcəyini hiss edən sovet komendantlığı hərbçiəri Bakının mərkəzindən çıxarmaq qərarına gəlir.

Yanvarın 22-də Bakıda Şəhidlərin dəfninə milyonlarla insan gəldi.

Bu misilsiz dəfn xalqın SSRİ rəhbərliyinə qarşı böyük etiraz nümayişinə çevrildi. Nəhəng insan izdihamını idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı.

30 yanvar 1990-cı ildə rəsmi dövlət informasiya agentliyi olan “Azərinform”a açıqlamasında  QMİ sədri sovet ordusunun Bakıdan təxirə salınmadan çıxarılmasını tələb etdi. “Azərbaycan xalqı ilə silahla danışmaq olmaz”-deyən Şeyxülislam Sovet rəhbərliyi tərəfindən ordunun Bakıya yeridilməsinə bəraət verəcək saxta “islam amili”ni “fitnəkarlıq” adlandırır.

QMİ sədri Bakı qırğınına rəhbərlik etmiş SSRİ müdafiə naziri marşal Yazov və SSRİ daxili işlər naziri Bakatinlə görüşü zamanı onları sərt şəkildə tənqid edərək generallardan Azərbaycan xalqından üzr istəməyi tələb edir.

1990-cı il martın 14-də Şeyxülislam Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina edir.

Bu ötən 34 ildə Şeyxülislam ardıcıl olaraq 20 yanvar qırğınında günahı olan şəxslərin –SSRİ prezidenti Mixail Qorbaçovun və digərlərinin məhkəməyə verilməsini və həbsini tələb edib.

Yanvar qırğını Azərbaycan xalqını daha da birləşdirdi və müstəqillik uğrunda mübarizəyə köklədi. Üstündən 34 il keçsə də Azərbaycan xalqı azadlığı uğrunda öz canını fəda etmiş əziz Şəhidlərini unutmur.

20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin şərəf və qəhrəmanlıq salnaməsi, xalqının ilk mübarizəsi və mənəvi qələbəsi oldu.

Aydın ABBASOV

 

 

Əvvəlki məqalə

Hikmət Hacıyev Türkiyə xarici işlər nazirinin müavini ilə görüşüb

Sonrakı məqalə

Türk Dövlətləri Təşkilatı 20 yanvarla bağlı paylaşım edib