İkinci Dünya müharibəsində iştirak etmiş 109 yaşlı azərbaycanlı veteran Hilal İbrahimov BBC-yə gördüklərindən danışıb.
Azpost.info bildirir ki, veteran döyüşçü Stalinqradda faşist ordusunun komandanı, feldmarşal Paulsu əsir götürməyindən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla görüşündən, sevdiyi alman qızından, sovet əsgərlərinin Berlində əl atdığı qarətdən danışıb.
İbrahimov Hilal İsa oğlu 1915-ci ildə Azərbaycanın Ağcabədi rayonu, Sarıcalılar kəndində doğulub. Məktəbin qabaqcıl şagirdlərindən olan Hilal Tibb Universitetinə qəbul olub, həkimlik peşəsinə yiyələnsə də, müharibə ona öz ixtisası üzrə uzun müddət işləməyə imkan vermir. Hilal könüllü müharibəyə yollanır. 1941-ci ilin iyun ayının 22-də müharibəyə gedən Hilal İbrahimovun döyüş yolu Berlinə, daha sonra isə Yaponiyaya qədər davam edir.