“Sülhməramlılarla bağlı iqtidara mandat verilməlidir”-PƏNAH HÜSEYN /MÜSAHİBƏ

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra baş verən proseslər, xunta rejiminin ləğvi, erməni sakinlərin kütləvi köçü barədə Azpost.info-nun suallarını sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn cavablandırıb.

Siyasətçi həmçinin Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramkı kontingentinin bundan sonrakı taleyi, Azərbaycan-Ermənistan sülh sazişinin perspektivləri barədə danışıb:

-Antiterror tədbirlərindən sonra Qarabağda gedən prosesləri necə qiymətləndirirsiniz?

-Lokal antiterror tədbirləri qısa müddət çəksə də, bu, Üçüncü Qarabağ müharibəsi idi. Əslində müharibələr müxtəlif illərdə uzun illər davam edib. Birinci, ikinci, üçüncü müharibə ifadələri şərtidir. Biz bir günlük müharibədə qələbə qazandıq. Məncə, Qarabağdakı qondarma rejimin ləğvi, qanunsuz silahlı xuntanın çöküşü, “Arsax” layihəsinin  tam şəkildə iflası böyük uğurdur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə demelitarizasiyanın aparılması, onun ardınca denazifikasiyanın, yəni ki, erməni revanşistlərin oradan çıxarılması, həbsi, xaricə göndərilməsi prosesi gedir. Bu, öz əhəmiyyətinə görə genişmiqyaslı əməliyyatdır. Digər yandan, dünyada baş verən prosesləri nəzərə alsaq, Qarabağda olan hadisələr regional, hətta mən deyərdim ki, qlobal əhəmiyyətli hadisədir.

Azərbaycan hərbi qələbə ilə yanaşı, ciddi diplomatik-siyasi qələbə qazandı. Bu gün qondarma rejimin özünü buraxmasını elan etməsi diplomatik-siyasi addımların nəticəsidir. Düzdür, rejim hüquqi deyildi. Biz “Artsax respublikası”, onun “prezidenti” və “qurumlarını” qanuni hesab etmirik, qanuni də deyil. Amma hər halda xuntanın ləğvi ciddi siyasi hadisədir. Xunta özünü buraxdıqdan sonra artıq beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, güclərin “Artsax” məsələsini qaldırması mümkün olmayacaq. İndi demək olar ki, nəhayət, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam və qəti şəkildə bərpa olundu.

-Qondarma qurumun “rəhbəri” Şahramanyanın xuntanı buraxması ilə bağlı “qərarı”nda gələn ilin yanvarın biri tarixi göstərilib. Bu, kifayət qədər zaman deyil ki?

-Yox, o tarixə qədər qondarma rejimin ləğvi prosesinin gedəcək. Yəni mən belə anladım. Proses beş günə, bir həftəyə də yekunlaşa bilər. “Qərar”da deyilir ki, Qarabağdakı “dövlət orqanları” və “strukturları”nın buraxılması bir yanvar 2024-cü ilədək nəzərdə tutulub. Güman edirəm ki, ən yaxın günlərdə biz bayrağımızın Xankəndidə qaldırılmasının, Azərbaycan hüquq-mühafizə orqanlarının orada fəaliyyətə başlamasının, ictimai asayişin qorunması üçün post-patrul xidmətinin işə başlamasının şahidi olacağıq. Yeri gəlmişkən, bu prosesi görürük, Azərbaycan polisi Xankəndi küçələrində göründü.

-Bundan sonrakı mərhələdə nələr ola bilər?

-Bu, Qarabağ məsələsinin sonudur, eyni zamanda, başlanğıcdır. Bu gün Üçüncü Dünya müharibəsi gedir, dünya yenidən bölüşdürülür. Azərbaycan da dünya dövlətlərindən biridir və öz malik olduqlarımızı qorumağa, həm də bölgədə öz payımızı almağa mükəlləfik. Millətimiz, tariximiz qarşısında bu bizim borcumuzdur.

Cəmiyyətdə bir narahatlıq var ki, proses tam yekunlaşmayacaq. Çünki biz erməniləri tanıyırıq, onların verdiyi sözlərə inam azdır, vədlərinə əməl etmirlər…

-Yenə deyirəm, Azərbaycan Qarabağdakı qaragüruhu hüquqi olaraq tanımır, onlarla hansısa sənəd, müqavilə imzalanmır. Onların sənədləri də hüquqi sənəd sayılmır. Çünki nə “Artsax”, nə onun “prezidenti”, nə də ki, sənədləri tanınır. Amma de-fakto qondarma qurumun özünü buraxdığını elan etməsi ciddi hadisədir. Azərbaycanın post-partul xidmətinin Xankəndiyə daxil olması Şahramanyanın “qərarı”ndan min dəfə üstün hadisədir. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan elan etdi ki, bir neçə gündən sonra Qarabağda erməni qalmayacaq. Mən rəqəm demək istəmirəm, amma ola bilsin ki, proseslərdən, danışıqlardan sonra bir neçə min erməni Azərbaycan qanunlarını, Konstitusiyasını, vətəndaşlığını qəbul edəcək, bölgədə qalacaq. Onların isə bundan sonra nə deyib-deməməsinin heç bir əhəmiyyəti yoxdur. Vadlərinə əməl edib-etməyəcəkləri bizim üçün o qədər də narahatlıq yaratmayan məsələdir. Hər halda, mən belə düşünürəm.

-Bəzi ictimaiyyət nümayəndələrində narahatlıq həm də bölgədəki qanunsuz erməni silahlı dəstələrinin tam tərksilah edilməsi ilə bağlıdır. Çünki antiterror tədbirlərindən sonra müəyyən dəstə başçıları elan etdilər ki, təslim olmayacaqlar, sonadək “müqavimət” göstərəcəklər və s. Onlar əgər təslim olmasalar, bu narahatlığa əsas vermirmi?

-Cəmiyyətdə belə bir qorxu, narahatlıq yoxdur. Bu, ayrı-ayrı adamların mülahizələridir. Açığını deyim ki, o qorxudan danışanların, yazanların heç də hamısı xoş niyyətlə, səmimi xoflarından bunu demirlər. Bəzi adamlar məsələni dərinləşdirmək, müəyyən narahatlıqların yaranmasında maraqlıdırlar. Bəziləri isə xarakter etibarilə neqativə köklənirlər. Yəni hər məsələdə neqativi görmək xüsusiyyətinə malik adamlar var ki, onlar məsələnin bitmədiyindən danışırlar. Əgər səmimi şəkildə qorxusu olan varsa, məncə qorxmasınlar, buna ehtiyac yoxdur.

-Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası prosesinə necə baxırsınız?

-Reinteqrasiya məsələsi bir qədər qəliz məsələdir. Amma bunun necə olacağı məlumdur. Rəsmi Bakı reinteqrasiya ilə bağlı mövqeyini ortaya qoyub. Azərbaycan bayrağının altında yaşamaq istəyən, qanunlarımıza tabe olan, dövlətinin Azərbaycan dövləti olduğunu qəbul edən ermənilərə  vətəndaşlıq veriləcək, yaşayacaqlar. Azərbaycan da dövlət olaraq onların hüquq və təhlükəsizliyinin qorunmasına cavabdeh olacaq. Reinteqrasiyanın yolu budur, bu şəkildə də davam edəcək. Müəyyən insanların problemləri yaranacaqsa, Azərbaycan dövləti onu həll etməlidir. Fikrimcə, rəsmi Bakıdan verilən sözə əməl edilməlidir. Əgər Qarabağda qalıb, bu şərtləri qəbul edən ermənilər olacaqsa, onlara hər bir vətəndaşımız kimi hüquq və təhlükəsizliyi təmin olunmalıdır. Mən Azərbaycanın rəsmi olaraq bu vədinə etimad etməyin tərəfdarıyam.

Eyni zamanda, azərbaycanlıların da qayıdışı məsələsi var. Məlumdur ki, Qarabağ hadisələrinədək 12 min vətəndaşımız Xankəndidə pasport qeydiyyatında olub, orada yaşayıb. Mən hələ Xankəndidə oxuyan tələbələri, dövlət idarələrində kənar şəhərlərdən gəlib işləyən azərbaycanlıları demirəm. Hesab edirəm ki, həmin vətəndaşlarımızın Xankəndiyə qayıtması təmin olunmalıdır.

-Qarabağdan kütləvi köç baş verir. Ermənistanın rəsmi açıqlamasına görə, 70 minə yaxın erməni Ermənistana gedib. Artıq rəsmi İrəvan və bəzi xarici dairələrdə Azərbaycanı “etnik təmizləmə”də ittiham edirlər. Bu, ölkəmizə təzyiq elementinə çevrilə bilərmi?

-Bilirsiniz, bu, ermənilərin şakərinə çevrilib. İndi “etnik təmizləmə” deyirlər, bir azdan “soyqırımı” da deyəcəklər. Lakin bundan o qədər də narahat olmamalıyıq. Əlbəttə, bu iddialara qarşı çıxmaq lazımdır, iş görmək lazım gələcək. Azərbaycan tutarlı arqumentlər və faktlar toplayır və bu faktlardan əks-arqument kimi istifadə ediləcək. Yaxın bir həftə, on gün müddətində bu məsələlərə tam aydınlıq gələcək. Güman etmirəm ki, Ermənistan “etnik təmizləmə” iddiasında uğur qazansın. Əlbəttə, müəyyən qədər beynəlxalq təşkilatlardan bəyanatlar olacaq, təzyiq vasitəsi kimi Azərbaycana qarşı istifadə ediləcək. Lakin Azərbaycan tərəfinin mövqeyi var və bu mövqe ondan ibarətdir ki, vətəndaşlıq almaq istəyən geri qayıtsın, qanunlarla yaşamağı qəbul etsin. Burada “etnik təmizləmə” iddiası mənasızdır.

-Bölgədəki Rusiya sülhməramlıların bundan sonrakı taleyi necə olacaq?

-Demək olar ki, sülhməramlıların Qarabağda qalması öz əhəmiyyətini itirdi.  Bizim insanların rus hərbçilərinin ölkəmizdə olması ilə bağlı həssaslığı başadüşüləndir və doğrudur, əsaslıdır. Mən bu gün Rusiya Dövlət Dumasının komitə sədrlərindən birinin açıqlaması ilə tanış oldum. O da bildirdi ki, rus hərbi kontingentinin bölgədə olması artıq aktuallığını itirir. Məncə, hələlik taktiki baxımdan müəyyən mövqelərdə qalacaqlar. Azərbaycan hökümətinə də bu məsələni necə həll etmək barədə müəyyən qədər cəmiyyət tərəfindən mandat verilməlidir. Yenə deyirəm, mən də ictimaiyyətin rus hərbçilərlə bağlı həssaslığını, narahat və narazılığını bölüşürəm. Lakin hesab edirəm ki, rəsmi Bakı bu məsələ ilə bağlı hansı qərarı verəcəksə, o qərara bir qədər yumşaq yanaşılmalıdır. Təbii ki, insanların sülhməramlılarla bağlı fikirlərini bildirmək haqqı var. Amma şəxsi qənaətim ondan ibarətdir ki, indiki məqamda, ən azı yaxın həftələrdə və aylarda hakimiyyətə manevr etməsi üçün qərarlara etimad imkanı verilməlidir.

-Sizcə, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxacaqlarmı?

-Əvvəla, onların bölgədə qalması üçün əsas yoxdur. Amma görək yaxın bir neçə həftədə proseslər hansı istiqamətdə cərəyan edəcək. Yəni ki, Qarabağda 10-15 min erməni qalacaqmı, Ermənistana gedənlərdən qayıdan olacaqmı, qayıdan olacaqsa, nə qədər olacaq?! Bu barədə oktyabrın 5-də Qranadadakı tədbirdə yəqin ki, danışılacaq. Qranadada Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşü gözlənilir. Güman ki, bu məsələlərə toxunulacaq. Ondan sonra sülhməramlıların məsələsi də aydınlığa qovuşa bilər. Ola bilsin ki, 2025-ci ilədək orada qalsınlar, ola da bilsin ki, yaxın bir neçə ayda çıxa bilərlər. Biz proseslərin sürətlə getdiyinin şahidi oluruq.

-Bütün bu baş verənlərdən sonra sülh sazişinin perspektivini necə görürsünüz?

-Müsbət görürəm. Bu gün Ermənistanın və Paşinyanın xilası sülh sazişini imzalamaqdan keçir. Ona görə də, ilin sonunadək sülh müqaviləsinin imzalanacağını mümkün sayıram. Lakin başqa ssenariləri də kənara qoymaq olmaz. Bu ssenarilərdən biri də Rusiyanın Ermənistanı işğal və ilhaq etməsidir. Bu ssenari kifayət qədər realdır. Belə bir hal baş verərsə, o zaman sülh sazişinin imzalanmasında problemlər yarana bilər.

Anar ABDULLA

Azpost.info

 

 

Əvvəlki məqalə

Bakı və İrəvan arasında sülh müqaviləsi aktual olaraq qalır

Sonrakı məqalə

Yevlaxda Qarabağın erməni nümayəndələri ilə görüş keçirilir