Tanınmış jurnalist, 1988-ci ilin fevralındakı Sumqayıt hadisələrinin tədqiqatçısı, “Sumqayıtın sədası” filminin müəllifi Eyruz Məmmədov 36 il əvvəl baş vermiş təxribatla bağlı maraqlı paylaşım edib.
Azpost.info bildirir ki, E.Məmmədov Dağlıq Qarabağ separatizminin ABŞ-da varlı erməni diasporu tərəfindən maliyyələşdirldiyini bildirib.
Onun sözlərinə görə, bədnam yazıçı Zori Balayan məhz bu məqsəd üçün seçilib: “1982-ci ildə Amerikanın Kaliforniya ştatında yaşayan erməni oliqarxları Dağlıq Qarabağı Azərbaycanın tərkibindən alınıb, Ermənistana qatılmasını Ermənistan rəhbərliyindən tələb etdilər. Həmin vaxt Kaliforniya ştatının qubernatoru əslən erməni olan Dağbeçyan idi. Onlar torpaq iddiasi ilə çıxış etməzdən əvvəl ideoloji silaha əl atmağı qərara aldılar. Böyük təbliğat mexanizmi işə salındı. Bunun üçün xaricdə yaşayan erməni lobbisi Rusiya və Ukraynadan savayı, digər respublikaların birgə illik büdcəsindən xeyli artıq vəsait ayırdılar. Ermənistanda öz qatı millətçiliyi ilə tanınan, türklərə, azərbaycanlılara nifrət edən, sovetlər birliyində ” Литературная газета”-nın Ermənistandakı xüsusi muxbiri olan Zori Balayanın üstündə dayandılar və onu Amerikaya dəvət etdilər”.

E.Məmmədov qeyd edib ki, separatizmin körüklənməsində rol oynamış “Ocaq” kitabının yazılması Zori Balayanın ideyası olmayıb: “Kitabın nəşr olunmasının təşəbbüskarları Kaliforniyada yaşayan erməni millionerləri və Mərkəzi Kəşfiyyat İdarəsində çalışan erməni əsilli əməkdaşlar idi. Onlar Zori Balayana belə bir kitabin yazılma ideyasını ortaya qoydular, onun bəzi konturlarını cızdılar. Zori Balayan buna məmnuniyyətlə razılıq verdi”.
Bundan sonra Z.Balayan üçün Los-Anceles banklarının birində hesab açılıb: “Zori Balayan kitabı yazıb qurtarandan sonra yenidən Amerikaya, Kaliforniya ştatına, öz himayədarlarının yanına yollandı. Kitab müzakirə olundu və Amerikada 4 dəfə Moskva nəşriyyatlarının qrifləri ilə çap olundu. Bu SSRİ-də ictimai rəyi çaşdırmaq üçün edilmişdi. Guya kitab xaricdə yox, Moskvanın ayrı-ayrı nəşriyyatlarında çap olunub. Hər bir qrifin qiyməti 50 min Amerika dolları idi”.

E. Məmmədov daha bir fakta aydınlıq gətirib: “Sumqayıtda baş verən hadisələrdə əli qana batmış Eduard Qriqoryan Stavropol vilayətinin Budyonovskk şəhərində olan həbsxanada yatırdı. Biz Sumqayıt jurnalistləri “Sumqayıtın əks-sədası” sənədli filmini çəkmək üçün kalonda onunla görüşəsi olduq. Onu da deyim ki, Qriqoryana qəti-qəti tapşırmışdılar, həbsxanada verilən yeməkdən imtina etsin. Hər ayın 1-də Qriqoryana Kaliforniya ştatından böyük bir bağlama göndərilirdi. Onun 70-80 faizi keyfiyyətli yeməkdən, qalanları isə məişət əşyalarından ibarət idi. Almaniyadan isə ona xüsusi dərman preparatları göndərilirdi. Qriqoryanın vərəmə meyli vardı”.
Jurnalist bildirib ki, Sumqayıtda baş verən hadisələrdə 32 nəfər adam qətlə yetirilib. Onlardan 26 nəfəri erməni, 6 nəfəri isə azərbaycanlı idi: “Qətlə yetirilən ermənilərin siyahını Qriqoryana Ermənistanın eks-prezidenti Serj Sərkisyan 1988-ci ilin fevral ayında Stepanakertdə vermişdi. Öldürülən ermənilər separatçıların gizli “Krunk” cəmiyyətinə üzvülük haqqını verməkdən imtina edənlər idi. Məlumatların hamısının sənədləri var”-deyə E.Məmmədov vurğulayıb.
Azpost.info
