Sumqayıtda partlayış baş verib, zərərçəkənlər var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

APA bildirir ki, partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb.

Belə ki, 1986-cı il təvəllüdlü Paşayev Ceyhun Eldar oğlu üzün və əllərin yanıqları, onun həyat yoldaşı Paşayeva Vüsalə Gündüz qızı üzün və əllərin 1-2-ci dərəcəli yanığı xəsarətləri alıb.

Bundan başqa onların uşaqları – 2008-ci il təvəllüdlü Paşayeva Nəzakət üzün 2-ci dərəcəli termik yanığı, 2013-cü il təvəllüdlü Paşayev Yusif üzün 1 ci dərəcəli, əlin 2-ci dərəcəli yanığı xəsarətləri alıblar.

Əvvəlki məqalə

Bakıda yanğın baş verən sexdə axtarış-xilasetmə davam edir

Sonrakı məqalə

Mebel sexindəki yanğında ölənlərin sayı 7-yə çatdı-