Süni intellekt, “rəqəmsal qarət” və media etikası –Redaksiyalar hara gedir?

Rəqəmsal eranın sürəti jurnalistikanın klassik qaydalarını hər gün bir az daha sarsıdır. Bu gün redaksiyalar daha çox oxucu toplamaq, sosial mediada trend olmaq və xəbəri rəqiblərindən saniyələr öncə tirajlamaq üçün amansız bir yarışın içindədirlər. Bu yarışda medianın ən böyük köməkçisinə və eyni zamanda ən böyük probleminə çevrilən yeni bir oyunçu var: Bu, Süni İntellektdir! (Sİ).

Artıq dünya mediasında xəbər başlıqlarının optimallaşdırılması, xarici dildən tərcümələr, uzun hesabatların qısaldılması və hətta bəzi statistik xəbərlərin yazılması ChatGPT, Claude və digər Sİ neyron şəbəkələrinə həvalə olunur. Lakin bu rəqəmsal inqilab çox ciddi bir sualı ortaya çıxarır: Texnologiya medianın sürətini artırarkən, onun ən fundamental dəyəri sayılan etik mənəviyyatını və etibarlılığını əlindən alırmı?

Azpost.info süni intellektin müasir redaksiyaların işinə təsirini və etik təhlükələrini araşdırıb.

Saxta faktlar epidemiyası

Süni intellekt modellərinin ən böyük texniki problemi “xəyal görmək”dir. Yəni Sİ reallıqda mövcud olmayan məlumatları, statistikaları və sitatları tamamilə inandırıcı şəkildə uydurmaq xüsusiyyətinə malikdir. Jurnalistikanın birinci “qızıl qaydası” faktların yoxlanılmasıdır. Redaktor xəbərin hazırlanmasını tamamilə süni intellektə həvalə etdikdə və ya Sİ-nin tapdığı mənbələri çarpaz yoxlamadan keçirmədikdə ictimaiyyətə yalan məlumat ötürmüş sayılır. Sİ tərəfindən uydurulan bir rəqəm saniyələr içində on minlərlə insan arasında yayıla və kütləvi dezinformasiyaya yol aça bilər. Robot məsuliyyət daşımır, bəs hüquqi və mənəvi məsuliyyəti kim boynuna götürəcək?

Yazınının müəllifi kimdir?

Əgər bir məqaləni, köşə yazısını və ya araşdırmanı jurnalist yox, süni intellekt yazıbsa, bu barədə oxucuya məlumat verilməlidirmi? Müasir media etikasının ən çox mübahisə doğuran bəndlərindən biri budur. Beynəlxalq media standartlarının tələblərində bu açıq əks olunub. Bu tələbələrə görə, materialın, görüntülərin hazırlanmasında Sİ-dən ciddi şəkildə istifadə olunubsa yazının sonunda mütləq müvafiq qeyd olmalıdır. Məsələn, “bu yazı (görüntü) süni intellektin dəstəyi ilə hazırlanıb” cümləsi hökmən yazılmalıdır. Şəffaflığın olmadığı yerdə oxucunun redaksiyaya olan etibarı sarsılır.

Məlumdur ki, süni intellekt artıq mövcud olanı öyrənərək yeni nəsə ortaya qoyur. O, minlərlə jurnalistin çətinliklə, riskə gedərək eksklüziv araşdırmalarla əldə etdiyi məlumatları “özününküləşdirir”, bir neçə saniyəyə fərqli cümlələrlə yenidən sintez edir. Faktiki olaraq intellektual əməyin oğurluğu baş verir. Dünyanın nəhəng media qurumları (The New York Times, Reuters və s.) artıq Sİ şirkətlərinə qarşı müəllif hüquqlarının pozulması iddiası ilə milyonluq məhkəmə iddiası açır. Bu “rəqəmsal qarət”in qarşısını alacaq hüquqi baza isə hələ tam formalaşmayıb.

Saxta xəbərlər və “dipfeyk” təhlükəsizlik probleminə çevrilir

Hər hansı bir şəklin reallığı əks etdirib-etməməsi artıq keçmişdə qalıb. Müasir Sİ alətləri saniyələr içində real siyasi fiqurların, ictimai xadimlərin heç vaxt olmadıqları məkanlarda şəkillərini yarada, hətta onların səslərini klonlayaraq demədikləri fikirləri səsləndirə bilir. Redaksiyaların saxta vizualları (dipfeyk) real xəbər kimi tirajlaması isə medianın intiharı deməkdir. Müharibələr, siyasi böhranlar və ya daxili gərginliklər zamanı bu cür manipulyasiyalar milli təhlükəsizlik probleminə çevrilir.

 Redaksiyalar üçün çıxış yolu varmı?

Süni intellektin tərəqqi olmasını heç kim inkar etmir. Ondan tamamilə imtina etmək medianı geridə qoyacaq. Lakin redaksiyalar özlərini qorumaq üçün daxili “Süni İntellekt Kodeksi” və ya “etik manifest” qəbul etməlidir.

Bu kodeksin təməl prinsipləri bir sıra müddəaları daşımalıdır.

İlk olaraq bu Kodeksdə qeyd olunmalıdır ki, yazılara insan nəzarəti mütləqdir: Sİ heç bir xəbəri redaktorun, jurnalistin son oxunuşu və təsdiqi olmadan birbaşa sayta yerləşdirə bilməz.

İkinci müddəa mənbə ilə bağlıdır. Sİ tərəfindən verilən hər bir sitat, rəqəm və sənəd ən azı iki müstəqil mənbədən yoxlanılmalıdır.

Kodeks elan etməlidir ki, yaradıcılıq insana məxsusdur: Analitik təhlil, köşə yazısı, reportaj və insani emosiya tələb edən sahələr yalnız jurnalistin qələminə həvalə edilməlidir. Sİ yalnız köməkçi (rutin işləri görən) alət olaraq qalmalıdır.

Süni intellekt jurnalistikanı “öldürmür”, əksinə, onu daha keyfiyyətli olmağa məcbur edir.  Dünya mediası, jurnalist cameəsi hazırda onlayn məkanın yeni prinsipləri və imkanları əhatəsində yeni çıxış yollarını müzakirə edir. Bu müzakirə masasında isə bir məsələ aydındır: robotların hər yeri bürüdüyü rəqəmsal məkanda oxucu tezliklə standart, ruhsuz mətnlərdən yorulacaq. Oxucular yenidən insanın canlı şahidliyinə, obyektiv analizə və təmiz jurnalist qələminə ehtiyac duyacaq.

Qalib gələn isə texnologiyadan qorxanlar yox, ondan etik normalar çərçivəsində, ağılla istifadə edən redaksiyalar olacaq.

X.SƏFƏRLİ

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.