“Şuşa işğal olunanda İranla danışıqlarda iştirak edirdim…” –

TOFİQ ZÜLFÜQAROV (MÜSAHİBƏ)
05 Oktyabr 2021 - 14:42

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun APA-ya müsahibə verib.

Azpost.info müsahibəni oxucularına təqsim edir:

– İranın Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmasının kökündə nə durur?

– Burada əsas səbəb İrandakı hazırkı siyasi vəziyyətdir. Bu yaxınlarda İranda prezident seçkiləri keçirilib, İbrahim Rəisi prezident seçilib. Prezident seçkilərində əsas məsələlərdən biri gələcəkdə İranın nüvə proqramına münasibətlə bağlı idi. Çünki Donald Trampın dövründə ABŞ-ın təşəbbüsü ilə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlıq dayandırılıb, İrana qarşı sanksiyalar qüvvədədir. ABŞ-ın yeni administrasiyasının mövqeyi isə ondan ibarətdir ki, AEBA-nın İran nüvə proqramına nəzarəti bərpa edilsin və İrana tətbiq olunan sanksiyalar ləğv olunsun. Bu, İran üçün çox mühüm məsələdir. Bunun tərəfdarı olanlar da, əleyhinə çıxanlar da var. Bu aspektdə maraqlı məsələ də ortaya çıxıb. İranın neft ixracına qarşı sanksiyalar tətbiq olunur. İranın sanksiyadan kənar neft ixracına nəzarət İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) tapşırılıb. Bunun nəticəsində böyük həcmdə maliyyə axını məhz SEPAH-da cəmləşib. Bununla əlaqədar daxili siyasi gərginliklər də yaranıb, bu, mediada da geniş müzakirə olunub. Bəziləri deyirdilər ki, artıq hökumət yox, SEPAH-ın rəhbərliyi iqtisadi məsələləri həll edir, çünki əsas maliyyə imkanları onların əlindədir. Digər tərəfdən, İran Çinin strateji neft ehtiyatlarının formalaşdırılması üçün müqavilə imzalayıb. Bu, böyük, təxminən 60 milyard dollarlıq bir müqavilədir.

Beləliklə, İranda yaxın dövrdə həllini tapmalı olan iki məsələsi var. Söhbət burada birincisi, İranın nüvə sazişinə qayıtmasından, ikincisi isə sanksiyalar ləğv olunarsa, neft ixracından əldə olunan gəlirlərin hökumətin nəzarətinə keçməsindən gedir. Bunun fonunda heç gözlənilmədən Azərbaycanla bağlı hansısa məsələlər ortaya atılıb. Hamı başa düşür ki, İranda azərbaycanlılar yaşayır və Azərbaycan amilinin gündəmə gətirilməsi bir növ İranın daxilində olan çəkişmələrin bir təzahürüdür. Belə baxanda görürük ki, bu məsələlərin heç də Azərbaycanla bağlılığı yoxdur, İranın daxili siyasi durumu ilə əlaqəlidir. Çünki Azərbaycanın ittiham olunduğu məsələlər məntiqdən uzaqdır. Məsələn, guya sionistlər Mehri dəhlizində, yaxud İran sərhədindədir. Bu, gülməlidir. Çünki İranın minlərlə hərbçisi Suriyada hərbi əməliyyatlarda iştirak edir. Suriyanın da İsraillə sərhədinin olduğu məlumdur. Sionistləri orada yox, gəlib min kilometrlərlə uzaqda axtarırlar! Min kilometrlərlə uzaqda niyə sionist axtarırsan, get Suriya sərhədində axtar.

İkincisi, guya İran sərhədlərin dəyişməməsinin tərəfdarıdır, Ermənistana bu məsələdə dəstək verir. Birincisi, Ermənistanın sərhədlərini hazırda Rusiya qoruyur, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasına daxildir. İran Ermənistan sərhədlərinin qorunması ilə bağlı Rusiyanın, KTMT-nin öhdəliyi öz üzərinə götürmək istəyir? Bu da gülməli bir iddiadır.

Üçüncüsü, guya İran Mehri dəhlizi ilə bağlı mövqe ortaya qoymaq istəyir. Amma Mehri dəhlizi ilə bağı məsələyə 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma ilə Ermənistan özü razılıq verib.

Bütün bunlar İranın Azərbaycana qarşı ittihamlarının əsassız olduğunu təsdiqləyir. Bir daha aydın olur ki, bu, İrandakı daxili siyasi durumdan qaynaqlanır, diqqəti daxili gərginlikdən yayındırmaq istəyirlər.

– Ümumiyyətlə, 1990-cı illərdən başlayaraq bu günə qədər İranın Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycan torpaqlarının işğal edilməsinə və torpaqlarımızın işğaldan azad edilməsinə münasibəti nə dərəcədə beynəlxalq hüquqa, qonşuluq münasibətlərinə əsaslanıb?

– Hamıya bəllidir ki, İranın bu məsələlərdə mövqeyi ədalətdən və İslam həmrəyliyindən uzaqdır. Buna ətraflı toxunmağa ehtiyac yoxdur. Bu gündən danışsaq, həmişə olduğu kimi, İranda Azərbaycana münasibətdə iki kursun tərəfdarları var. Birincisi, normal qonşuluq, əməkdaşlıq siyasətidir və müəyyən siyasi qüvvələr bu kursu dəstəkləyir. İkincisi, müəyyən qüvvələr də Azərbaycana düşmənçilik, ölkəmizə problemlər yaratmaq, təzyiq göstərmək tərəfdarıdır. İndi biz görürük ki, İranda Azərbaycana münasibətdə ikinci kursun tərəfdarları sanki üstünlük təşkil edir. Mən öncəki suala cavabda bunun səbəblərini açıqladım. Mən əminəm ki, bu, müvəqqəti haldır. Çünki hamı başa düşür ki, İranın indiki mərhələdə Azərbaycana qarşı hansısa hərbi əməliyyatlar keçirməsi mümkün deyil. Birincisi, bunu İranda yaşayan azərbaycanlılar qəbul etməz və dəstəkləməz. Suriyanı qoyub Azərbaycan sərhədində sionistləri axtarmaq gülməli və məntiqdən uzaq təbliğatdır. Təbii ki, İranda yaşayan azərbaycanlılar arasında buna inanan olmayacaq. Bu, müvəqqəti oyundur və səbəbi İran daxilində müxtəlif qruplar arasındakı çəkişmələrdir.

– Bu durumda Azərbaycan nə etməlidir? Gələcəkdə iki ölkə arasında danışıqlarda əsas mövzu nə ola bilər?

– Danışıqlar hansı mövzuda ola bilər? Azərbaycan öz ərazisində apardığı qanuni fəaliyyətə İranın hörmətlə yanaşmasını tələb edəcək. İkincisi, hansısa ölkə ilə əməkdaşlıq etmək Azərbaycanın suveren hüququdur. Üçüncüsü, İranda yaxşı başa düşürlər ki, Azərbaycana qarşı hərbi baxımdan atılacaq hər hansı addımın önündə Türkiyəni görəcəklər. Mən əminəm ki, İranda yaşayan soydaşlarımız da buna qarşı çıxacaqlar. Azərbaycanla münasibətləri, vəziyyəti daha da gərginləşdirmək taktikası İranın xeyrinə deyil. Eyni zamanda Rusiya amilini də yaddan çıxarmayaq. Əsrlər boyu Rusiya və İran arasında bu bölgə uğrunda rəqabət olub. İranın bölgədə hansısa iddiaları Rusiyanın iddiaları ilə toqquşa bilər. Bu baxımdan qısa müddətli gərginlik meyli İrana və İrandakı qruplara hər hansı divident gətirmir.

– Azərbaycan xalqının yaddaşında İran həm də vasitəçi olduğu danışıqlar zamanı Şuşanın işğalı, Ermənistana və separatçı rejimə müxtəlif formada dəstək verməsi, Azərbaycanın işğal olunmuş bölgələrində talançılıqda iştirak etməsi ilə yadda qalıb. Siz xarici işlər naziri olduğunuz dövrdə Xarici İşlər Nazirliyində İranın bu əməlləri ilə bağlı məlumatlar, faktlar vardımı, Tehrana müvafiq etiraz notaları göndərilirdimi?

– Əlbəttə, Azərbaycan İrana öz mövqeyini çatdırmağa çalışırdı. İranın bu məsələdə qeyri-balanslı mövqedən çıxış etdiyi həqiqətdir. Xüsusən Azərbaycan torpaqlarının işğalı dövrünü qeyd etmək istəyərdim. Şuşanın işğal olunduğu dövrdə danışıqlarda iştirak edirdim. Doğrusu, İranın reaksiyası çox təəccüb doğururdu. Yəni sən vasitəçilik missiyasını öz üzərinə götürən zaman vasitəçilik etdiyin qonşularından biri digərinin ərazisini, Şuşanı işğal edir, etnik təmizləməyə məruz qoyur, sən susursan. İran Şuşanın işğalı ilə bağlı Ermənistana heç narazılıq da bildirmədi. Bununla da vasitəçilik qurtardı. Demək olar ki, Şuşanın işğalı ilə İranın vasitəçiliyinə hörmətsizlik desək azdır, diplomatik formada yumşaq ifadə etmək istəyirəm, sənin bir vasitəçi kimi imicinə ciddi xələl gəldi. Buna da İranın heç bir reaksiyası olmadı. Bu hadisədən sonrakı dövrlərdə İranın vasitəçilik təklifləri olub, təbii ki, Azərbaycan İrana inanmadı. Azərbaycanda İrana emosional münasibət də müsbət deyil. İranın Azərbaycana qarşı qeyri-dost münasibəti ilə bağlı fakt çoxdur. Hər şey yadımızdadır. Bu günün reallığını nəzərə alsaq, görəcəyik ki, Azərbaycana qarış atılan addımlar İranın özünə heç bir divident gətirən deyil.