Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin bərpası artıq yekunlaşıb. Məktəb 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq.
Bunu jurnalistlərə açıqlamasında Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.
Direktor bildirib ki, ilkin proqnozlara görə, məktəbdə 258 şagirdin təhsil alması nəzərdə tutulur. Bu rəqəmlərə əsasən, təxminən 24-ə yaxın müəllimin işlə təmin olunması planlaşdırılır və bu say arta bilər:
“Böyük Qayıdış Proqramının birinci mərhələsi davam edir. Hazırda əhali köçürülmə mərhələsindədir. Məktəbdə əsasən Şuşa şəhər qeydiyyatında olan və burada müxtəlif müəssisələrdə çalışan şəxslərin ailə üzvləri işlə təmin ediləcəklər. Müəllimlər üçün stimullaşdırıcı təlimlər olacaq. Yay məktəbi təşkil etməyi də düşünürük. Həm müəllim, həm də şagirdlərin məktəbə adaptasiyası planlaşdırırılır”.
Qeyd edək ki, müasir standartlara cavab verən Şuşa şəhəri 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir, 3 mərtəbə, 5 blokdan ibarətdir. Məktəbdə 24 nəfərlik 40 sinif otağı var. Kitabxana, oxu zalı, STEAM mərkəzi, gənclərin ibtidai hərbi hazırlığı, musiqi, tibb və iaşə kabinetləri var(trend).