Təzəpirin siyasi tarixində nələr var? –Camal Əbdül Nasirin, Sukarnonun namaz qıldığı, Qorbaçovun lənətləndiyi məscid

Martın 31-də Azərbaycan xalqı daha bir kədərli tarixini yad etdi. 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş vəhşi qırğın ölkəmizdə  Soyqrım Günü kimi qeyd olunur.

Həmin gün Bakıda minlərlə soydaşımız erməni quldur dəstələrinin hucumu nəticəsində həlak oldu. Qanlı hadisələrin  şahidi olmuş məkanlar bu gün də o ağrını daşıyan tarixi yerlərdir.

Onlardan biri də Təzəpir məscididir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə özünün sosial şəbəkədəki səhifəsində mart soyqırımı ilə bağlı “o günləri unutmadıq. Təzəpir mart soyqırımından sonra” yazaraq məscidin qırğından sonrakı halını əks etdirən fotosunu paylaşıb.

Bu gün QMİ-nin yerləşdiyi Təzəpir XX əsrin əvvələrində baş vermiş ictimai-siyasi proseslərdə, o cümlədən mart hadisələrində ictimai rəyin idarə olunmasında əsas yerlərdən birini tutub.

Bakıda yerləşən, Şərqdə nadir gözəlliyi ilə seçilən Təzəpir məscidi təkcə Azərbaycanın deyil bütün Qafqazın dini mərkəzi hesab olunur.

 Nabat xanım Aşurbəylinin vəsaiti ilə memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikilən  bu məkan müsəlmanların dini ritullarını yerinə yetirdikləri bir yer olmaqla yanaşı Azərbaycanın son yüz ildəki  siyasi tarixində öz unudulmaz yerini tutur.

Təzəpir məscidi çar imperiyasının məzhəb savaşları salan siyasətinə qarşı qorxmadan dayanan, 1918-ci il mart soyqırımnın ağır yaddaşını daşıyan, ateist sovet rejiminin zərbələrini alan, 20 yanvar 1990-cı il qırğınında xalqın önündə olan, nəhayət müstəqil Azərbaycanın son 28 ilində onun dini cameəsində möhkəm yerini tutmuş bir məkandır .

1918-ci ilin mart günlərində Təzəpir məscidi Rusiya imperiyasının dağılmasından sonra xaosa bürünmüş Qafqaz və Azərbaycan müsəlmanlarının ümidgahına və siyasi meydanına çevrilmişdi. Hələ mövcud olmayan Azərbaycanın tarixi ərazilərində at oynadan xarici qüvvələrin və erməni daşnaklarının görünməmiş qanlı təcavüzünə məruz qalan azərbaycanlılar Təzəpirə toplaşaraq necə hərəkət etmək barədə müzakirələr aparırdılar.  Bakının siyasi  mərkəzə çevrilməsində Təzəpir məscidinin mühüm rolu olub.

Çarizmin müsəlmanlar arasında təbliğ etdiyi sünni-şiə  məzhəb ixtilafları bir qisim avam və savadsız kütlə arasında öz tərəfdarlarını da tapa bilirdi. Xalqın birliyinin və bütövlüyünün dağıdılmasına hesablanmış bu siyasət o dövrdə Azərbaycanın dini və siyasi liderləri bacardıqları qədər müqavimət göstərməyə çalışırdılar.

Araşdırmaçı alim Ceyhun Məmmədov “AXC dövründə dövlət-din münasibətləri” adlı kitabında yazır ki, çar Rusiyasının sünni-şiələr arasında  saldığı ixtilafı aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurlultaynın  çağırılması qərara alınır. 1917-ci ilin aprelində “İsmailiyyə” binasında işə başlayan geniş toplantı 3 gün davam edib.  Qurultaya  Azərbaycanın hər tərəfindən, o cümlədən, Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr gəliblər. İclasdan sonra nümayəndələr Təzəpir məscidinə yollanıblar. Şeyxülislamın iştirakı ilə yüzlərlə din xadimi məsciddə cümə namazı qılıb. Bundan sonra Qafqaz tarixində çox mühüm hadisə baş verir: Sünni-şiə ixtilafına son qoymaq üçün  Şexülislamla müfti qucaqlaşırlar,  müqəddəs “Quran” a əl  basaraq çar hokumətinin qızışdırdığı ədavətin aradan qaldırılacağına and içirlər.

Göründüyü kimi son dərəcə mürəkkəb şəraitdə atılan bu addım xalqın milli və dini vəhdəti üçün böyük töhfə idi. Bu, həmçinin azərbaycanlıların parçalanaraq zəifləməsini , onları Qafqazda aparılan geopolitik siyasətdə arxa plana atmaq istəyən Rusiya və digər maraqlı dövlətlərin planlarına zərbə idi.

Belə cəhdlər zaman-zaman edilib.

1918-ci ildə bolşevik Şaumyanın sədri olduğu Bakı Soveti Nuru Paşanın  rəhbərlik etdiyi türk qoşunlarının hucum qarşısında dayana bilmirdi.  Min bir siyasi fırıldağa əl atan Bakı Sovetinin müsəlman əhalini türklərə qarşı silahlandırmaq cəhdi boşa çıxmışdı. Bu zaman Şaumyan idbar siyasət işlətmək qərarına gəlir.

Bakı Sovet Təzəpirin axundu Ağa Axundzadədən Bakını azad etməyə gələn türk əsgərlərinin hərəkətini lənətələyən fətva verməsini tələb edir. Bu addımla Bakı Soveti şəhərin şiə əhalisinə guya sünni olan Osmanlı əsgərlərinin Bakıya daxil olmasını bağışlanmaz bir günah kimi qələmə vermək istəyirdi.

Əhalisinin əksəriyyətinin  şiə olduğu Bakıda belə təhlükəli avantura nəticə vermir: Bütün hədə -qorxulara baxmayaraq Ağa Əlizadə bu tələbi rədd  edir.

1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu tərəfindən şəhər azad olunur. Bakı əhalisinin xahişi ilə Ağa Əlizadə Nuru Paşanı sentyabırn 16-da Təzəpirə dəvət edir. Nuru Paşa minbərə çıxır və çıxış edir. Şəhər əhalisi çıxışı böyük coşğu ilə qarşılayır.

1918-ci il mart qırğını günlərində soyqırıma məruz qalmış on minərlə müsəlmanın dəfn mərasiminin təşkilinə, azərbaycanlıların təşkilatlanmasına Təzəpir məscidi rəhbərlik edirdi.  Həmin dövrdə dini təyinatlı yerlər xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri milli oyanışa dəstək verirdilər. Təzəpir  bu qəbildən olan mərkəz sayılırdı. O qanlı günlərdə milli ziyalıların əksəriyyəti Təzəpirə gedərək əhali qarşısında çıxışlar edirdilər.

Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-20-ci illərdə ilk dini idarəni məhz Təzəpir məscidi ərazisində yaratmışdı.

Azərbaycanın 1920-ci ilin aprelində sovet Rusiyası tərəfindən işğalının ilk illərində də Təzəpir məcsidi istimai-siyasi çəkisini saxlaya bilmişdi. İlk vaxtlarda bolşeviklər dindarların maraqlarını nəzərə almağa məcbur olurdular.

Tarix elmləri doktoru Anar İsgəndərovun araşdırmalarına görə, 1920-ci ilin mayında Azərbaycan hökumətinin başçısı N.Nərimanov Təzəpir məscidində çıxışında İslam dininin müsəlman kütlələrinin şüurunda tutduğu yeri, onun Şərq xalqlarının mənəviyyatında, məişətində, həmçinin həyatın müxtəlif sahələrində mühüm rolunu dərk edərək vurğulayırdı: “Şərqdə dinə münasibət fövqəladə əhəmiyyətli məsələdir”.

1921-ci il avqustun 30-da N.Nərimanovun göstərişi ilə Məhərrəmlik günlərində Təzəpir və Bibiheybət məscidlərində dindarlara ərzaq paylanmışdı.

1921-1922-ci illərdə taxıl rayonları olan Volqaboyunda, Ukraynada, Krımda və Qafqazda başlanan aclıq 90 milyon əhalini əhatə edirdi. Əhaliyə yardım məqsədi ilə 1922-ci il mayın 23-də Təzəpir məscidində Azərbaycanın din xadimlərinin başçıları – Axund Ağa Əlizadə, qazi axund Əbdülrəhim Hacızadə və b. ruhanilər aclıqla əlaqədar bütün dünya müsəlmanlarına kömək üçün müraciət etdilər. Təzəpir məscidinə toplaşan Azərbaycan üləmaları İran, Türküstan, Türkiyə, Hindistan və Əfqanıstan ruhanilərinə səslənərək onları aclara fəal kömək etməyə çağırırdı. Azərbaycan partiya təşkilatına rəhbərlik edən S.Kirovun Moskvaya, şəxsən Stalinə Azərbaycan dindarlarının müraciəti haqqında verdiyi xəbər mərkəzi dövlət radiosu ilə elan olunmuşdu.

N.Nərimanovun Təzəpir məscidində maraqlı çıxışlarından biri 1920-ci ilin iyununda Azərbaycan qadınları qarşısında oldu. N.Nərimanov İslam dininin ən humanist addımlarından biri olan qadın və kişi bərabərliyi üzərində xüsusi dayandı və qadınların məscidə gəlib onu dinləməsini yüksək qiymətləndirdi. N.Nərimanov çıxışında Təzəpir məscidinin şəhərin siyasi həyatında oynadığı rola da aydınlıq gətirdi.

1920-ci illərin sonu – 30-cu illərin əvvəllərində SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da islam dini üzərinə açıq hücumlar başlandı. Azərbaycanda da məscidlərin və mədrəsələrin bağlanmasına, din xadimlərinin təqib olunmasına başlandı. Quran zərərli bir kitab kimi qadağan edildi. Azərbaycan qəzalarında bütün məscidlər,  ya dağıdıldı, ya da anbar, klub və kitabxanaya çevrildi.

Bu illərdə Təzəpir məscidi məhdud sayda da olsa dindarların üz tutduğu yer idi. İkinci dünya müharibəsindən sonra Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini bərpa edən sovet hökuməti bununla müstəmləkə sisteminin dağılması ilə azadlığa çıxmış Şərq ölkələrində öz nufuzunu artırmaq niyyətində idi. Həmin dövrlərdə Şeyxülislam Ağa Əlizadənin İrana və digər şərq ölkələrinə səfəri böyük əks-səda doğurmuşdu. SSRİ-nin Məkkəyə ziyarət icazəsindən sonra  son dərəcə məhdud olan kvotada QMİ-də yer ala bilirdi.

Təzəpir məscidi 80-90-cu illər də ictimai münasibətlərin fəal meydanına çevrilmişdi.

Dindar cameənin üz tutduğu bu yer 80-ci illərdə gənc Şeyxulislam Allahşükür Paşazadənin sayəsində yenidən aktiv ictimai-siyasi müstəviyə çıxa bilmişdi. Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi məsciddə keçirilən bir sıra tədbirlər diqqəti bura  çəkə bilmişdi. Bu sırada 1986-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş “Müsəlmanlar sülh uğrunda” beynəlxlaq konfransını qeyd etmək olar. Dünyanın 30-dan çox ölkəsindən Bakıya gəlmiş 600 nümayəndə müsəlman dünyasının bir sıra problemlərini müzakirə etdilər.

Qarabağ  münaqişəsinin başlanması ilə Təzəpir məscidi ictimai-siyasi münasbətlərin mərkəzi xəttinə düşdü. 1990-cı il 20 yanvar faciəsi Azərbaycan xalqının başına gətirilən müdhiş qırğın oldu. SSRİ rəhbərliyinin , Mixail Qorbaçovun əmri ilə Bakıya yeridilən sovet ordusu şəhərdə qanlı qırğın törətdi. Faciənin səhəri günü Təzəpir məscidindən bütün dünyaya səslənən QMİ sədri Allahşükür Paşazadə SSRİ rəhbəri Qorbaçovu bu qanlı qırğına görə qorxmadan lənətlədi. Bu, sovet tarixində din xadiminin SSRİ rəhbərini ittiham edən ilk bəyanatı idi.  Şəhidlərin dəfninə hazırlıq proses Təzəpir məscidində aparıldı. Sovet əsgərlərinin avtomatlarının lüləsi altında heç nədən çəkinməyən din xadimləri Şəhidlərimizin dəfn karvanını Təzəpirdən qaldıraraq Azadlıq meydanına gətirdilər. Allahşükür Paşazadənin rəhbərliyi altında gedən milyonluq dəfn izdihamı SSRİ-ni şoka saldı.

Zaman-zaman  Təzəpir məscidi dövlət başçılarının ziyarət yeri olub.  Azərbaycana, Bakıya səfər edən adlı-sanlı qonaqlardan Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasir, İndoneziya prezidenti Sukarto, Türkiyə prezidenti Turqut Özal və Süleyman Dəmirəl, Ərdoğan, İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani və başqaları Təzəpiri ziyarət etməklə yanaşı, burada namaz qılıblar.

Azərbaycan prezidenti Heydər Əliyev tez-tez Təzəpir məscidinə gələr və burada çıxışlar edərdi. Prezident İlham Əliyevin sərəncamı ilə məscid yüksək səviyyədə təmir edilib.

Bu gün Təzəpir məscidi dövlətimizin dini siyasətinin daşıyıcısı olmaqla yanaşı həm də bütün Qafqazın dini icmalarının əsas məbədi, ölkəmizin əsas dini rituallarının keçirildiyi məkandır. Azərbaycan müsəlmanları müqəddəs dini bayramlarını və mərasimlərini burada keçirirlər.

Sınaqlardan çıxmış Təzəpir məscidi adını Azərbaycan tarixinə həkk edə bilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru İlham Əliyevə məktub yazdı

Sonrakı məqalə

Şirkətlərin və sahibkarların 3 hala görə cərimələnməsi ləğv edilir