Təbrizə səfər edən ilk Azərbaycan Prezidenti –İlham Əliyev “arzum gerçəkləşdi” sözünü kimə deyib?/TARİX

İlham Əliyev Təbrizə səfər etmiş ilk Azərbaycan prezidenti olub.

Azpost.info bildirir ki, 2003-cü ildə prezident seçildikdən sonra dövlət başçısı region dövlətlərinə rəsmi səfərlər edib.

Bunların sırasında 18 il əvvəl -2005-ci il 24-26 yanvar tarixlərində İrana rəsmi səfər yaddaqalan olub.

Prezident İlham Əliyev həmin səfəri zamanı İranlı həmkarı Məhəmməd Xatəmi, İranın Ali dini rəhbəri Seyid Əli Xamenei, Məsləhət Şurasının sədri Haşimi-Rəfsəncani ilə görüşüb və geniş müzakirələr aparıb.

Bu səfər zamanı İlham Əliyev Təbriz şəhərinə gəlib və orada görüşlər keçirib.

Qeyd edək ki, müstəqil Azərbaycan prezidentləri arasında ilk olaraq İlham Əliyev azərbaycanlıların tarixi paytaxtı olan Təbrizə səfər edib.

Bundan əvvəl mərhum prezident, ümumilli lider Heydər Əliyev İrana səfəri zamanı Təbrizi ziyarət etmək imkanın yaradılmasını xahiş etsə də rəsmi Tehran bundan ehtiyat edərək razılıq verməmişdi.

26 yanvar 2005-ci ildə İlham Əliyevin İrana rəsmi səfərinin Tehran proqramı başa çatdıqdan sonra Mehrabad hava limanından təyyarə ilə Təbriz şəhərinə yola düşüb.

Təbrizin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Prezident İlham Əliyevi Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşılayıb.

Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub. Milli geyimli azərbaycanlı uşaqlar dövlətimizin başçısını şeirlə salamlayıb. Təbriz şəhərinin küçələrində Azərbaycan prezidenti İlham Əliyevin pişvazına çıxmış sakinlər dövlətimizin başçısını hərarətlə salamlayıb.

Azərbaycan prezidenti İlham Əliyevi Təbrizə səfərində İranın Kooperasiya naziri Əli Sufi, Xarici İşlər nazirinin müavini Möhsüm Əminzadə, İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri, Azərbaycanın Tehrandakı səfiri Abbəsəli Həsənov və İranın Bakıdakı səfiri Əfşar Süleymani müşayiət edib.

Prezident İlham Əliyevlə görüşdə çıxış edən Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi bu səfəri “tarixi hadisə” adlandırıb.

O, Təbrizdə Azərbaycanın Baş konsulluğunun açılmasına razılıq verldiyinə görə təşəkkür edib.

Prezident İlham Əliyev çıxışında deyib ki, səfəri çox uğurlu olub: “Çox şadam ki, bu gün Təbrizdəyəm. Çoxdan Təbrizə gəlmək arzusunda idim. Bu gün bu arzum gerçəkləşdi. Təbriz bizim hamımız üçün doğma, əziz şəhərdir. Burada Azərbaycanın Baş Konsulluğunun açılması çox mühüm addımdır və çox gözəl hadisədir. Bütün bu son müddət ərzində ikitərəfli müstəvidə qazanılmış uğurlar onu göstərir ki, bir az iradə, xoş niyyət olan yerdə bütün məsələlər öz həllini tapa bilər. Əminəm ki, bizim aramızda olan münasibətlər gələcək illərdə daha da inkişaf edəcəkdir”.

Daha sonra Prezident İlham Əliyev ölkəmizin Təbrizdəki baş konsulluğuna gəlib. Binanın qarşısına toplaşan təbrizlilər dövlətimizin başçısını hərarətlə salamlayıb.

Azərbaycan Prezidenti yeni açılmış konsulluğun binası ilə yaxından tanış olub. Baş konsul əvəzi Cavanşir Vəkilov qısa müddət ərzində görülən işlər barədə məlumat verərək burada ilk dəfə olaraq latın əlifbası ilə müstəqil ictimai-siyasi, ədəbi nəşr olan “Körpü” jurnalı buraxıldığını bildirib.

“Əminəm, konsulluq yaxşı işləyəcəkdir. Bilirsiniz ki, bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin arzusu idi”-deyə İ.Əliyev vurğulayıb.

Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi ümummilli lider Heydər Əliyevlə bağlı xatirəsini danışıb: “Cənab Prezident, vaxtilə dünya şöhrətli siyasi xadim Heydər Əliyevi Təbrizə dəvət edəndə mənə dedi ki, sən Təbrizdə Azərbaycanın konsulluğunu aç, mən uça-uça gələcəyəm. Bu, ona qismət olmasa da, Zati-alinizə qismət oldu. Allah ona rəhmət eləsin”.

Prezident İlham Əliyev görüşün sonunda Azərbaycan səfirinə “gərək burada çalışanlar yaxşı işləsinlər ki, bizim əlaqələrimizə lazımınca kömək etsinlər” deyib.

Bu ötən illərdə Prezident İlham Əliyev 4 dəfə İranda rəsmi səfərdə olub.

Dövlət başçısı Təbrizə ayaq basmış lik Azərbaycan prezidenti kimi tarixdə qalıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

Ümumdünya Antidopinq Agentliyi Rusiyadan 1,267 milyon dollar tələb edir

Sonrakı məqalə

Daha 120 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib