Təbrizdə Zəfər Günü qeyd edilib

Azərbaycanın Təbrizdəki baş konsulluğunda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və İranın Dövlət himnləri səsləndirilib.

Ölkəmizin Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfərdən danışıb. Müharibə dövründə müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik mübarizəsinə, qəhrəman Azərbaycan Ordusunun cəbhədə göstərdiyi misilsiz şücaətə və Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsinə diqqət çəkib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasının Azərbaycan tərəfindən təkbaşına yerinə yetirildiyini vurğulayıb, müharibədən sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, 8 noyabr tarixi ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgərlərinin misilsiz qəhrəmanlıq göstərərək Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini demək olar əlbəyaxa döyüşlə azad etdiyi gündür. Prezident İlham Əliyevin siyasi-diplomatik məharəti, qəhrəman Azərbaycan Ordusunun şücaəti və fədakarlığı, Azərbaycan xalqının sarsılmaz birliyi Vətən müharibəsi dövründə qələbəni şərtləndirən amillər olub. Azərbaycanın şanlı zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkənin həyatında yeni quruculuq mərhələsi başlanıb. Əfsuslar olsun ki, 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan ərazilərdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri tamamilə dağıdılıb. Artıq işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri həyata keçirilir. “Füzuli” Beynəlxalq Hava Limanı artıq 10 aylıq qısa bir müddət ərzində tikilib istifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının inşası ilə bağlı işlər isə davam edirilməkdədir.

Sonra Türkiyənin Təbrizdəki baş konsulu Tufan Höbek və Təbriz şəhərinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası sədrinin birinci müavini Əbülfət İbrahimi çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik ediblər.

Çıxışlardan sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Rəsmi hissənin sonunda iştirakçılar üçün ziyafət təşkil olunub.

Tədbir çərçivəsində iştirakçılara 44 günlük Vətən müharibəsinə aparan şanlı Zəfər yolundan bəhs edən broşürlər və “Xarıbülbül” döş nişanları paylanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa Televiziya qülləsinin təməlini qoyubla

Sonrakı məqalə

Prezident və Mehriban Əliyeva Şuşa xəstəxanasının təməlini qoydular