“Zara” brendinin daxil olduğu “Inditex” imperiyasının qurucusu Amansio Orteqa daşınmaz əmlak bazarını fəth etməyə davam edir. İspaniyalı milyarder son bir il ərzində qlobal daşınmaz əmlak layihələrinə 2,5 milyard dollardan çox vəsait yatırıb.
AzPost xəbər verir ki, Orteqanın investisiya şirkəti olan “Pontegadea”, diqqətini yalnız ofis binalarına deyil, həm də logistika mərkəzlərinə və yaşayış komplekslərinə yönəldib. İş adamı London, Nyu-York və Madrid kimi meqapolislərlə yanaşı, Kanadanın və Avropanın digər strateji nöqtələrində də iri obyektlər əldə edib.
Ekspertlər qeyd edirlər ki, Orteqanın bu strategiyası onun sərvətini diversifikasiya etmək və “Inditex”in səhmlərindən gələn dividendləri sabit aktivlərə çevirmək məqsədi daşıyır. Hazırda milyarderin daşınmaz əmlak portfelinin ümumi dəyərinin 20 milyard dolları keçdiyi bildirilir.
Onun son iri alışları arasında ABŞ-dakı nəhəng anbar kompleksləri və Avropanın mərkəzi şəhərlərindəki lüks yaşayış binaları xüsusi yer tutur. Orteqa bununla həm də logistika sektorunun artan əhəmiyyətinə və yaşayış sahəsinə olan stabil tələbata stavka edir.