Tanınmış ədəbiyyatşünas, türkoloq-alim Arif Acaloğlu Bakıda yol qəzasında həlak olub.
Azpost.info bildirir ki, İstanbul Mərmərə universtitetinin müəllimi Arif Acaloğlu AMEA-nın dəvəti ilə konfransda iştirak üçün Azərbaycana gəlmişdi.
Hadisə Sabunçu rayonu ərazisində – Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.