“Tarif Şurasının qərarı dərman vasitələrinin aşağı qiymətə alınmasına imkan verəcək”- Rəşad Mahmudov

Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması və əczaçılıq sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir və bu sahədə ciddi addımlar atılır. Tarif Şurasının hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərarı qəbul edilənədək dərman vasitələri üçün vahid qiymət təklif olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə yuxarı hədd olaraq təsdiq edilir, yəni dərman vasitələri müəyyən olunmuş həddən aşağı qiymətə də satıla bilər.

Qəbul edilmiş qərar dərman vasitələrinin əlçatanlığının yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühiti yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək. Yəni müəyyən olunan hədd maksimal qiymət hesab olunur, apteklər onu daha aşağı qiymətə sata bilər. Bu isə öz növbəsində bazarda sağlam rəqabətə səbəb olacaq.

Məsələnin digər tərəfi isə yeni qərarın dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsinə də imkan yaratmasıdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib: “Dərman vasitələri ilə əlaqədar müraciət edən şirkətlər nəticə əldə etmək üçün bəzən 8 aydan il yarıma qədər vaxt sərf edirdisə, indi daha çevik mexanizm işə düşəcək. Həmin müddət nəzərəçarpacaq dərəcədə qısalacaq, 3-4 ay ərzində qeydiyyata alınması mümkün olacaq. Bu isə gələcəkdə dərman vasitələrinə əlçatanlığın optimallaşdırılması ilə yanaşı, qiymətlərin optimallaşdırılmasına kömək edəcək”.

Digər bir vacib məsələ isə dərman vasitələrinin dövriyyəsinə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Buraya məhsulların aptek təşkilatlarında dərman vasitələrindən ayrı satılması və bunların dərman vasitəsi olmamasının daha aydın vurğulanması, qeydiyyatda olmayan dərman vasitələrinin reseptə yazılmasının qadağan olunması aiddir. Həmin addım əhalinin yaxın gələcəkdə izafi xərclərinin azalmasına yardım edəcək.

“Dövlət başçısının göstərişinə əsasən yerli əczaçılıq şirkətlərinin istehsal gücünün artırılması, yaxın gələcəkdə xarici dərman şirkətlərindən asılılığın azaldılması sahəsində ciddi bir addımlar atılır. Paytaxtın Pirallahı rayonunda bir neçə dərman zavodu və fabrikinin bünövrəsi qoyulub. Bütün bunlar əhalinin səhiyyə, o cümlədən dərmanlara əlçatanlığının daha yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradacaq”,- deyə Milli Məclisin deputatı əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il avqustun 15-də imzaladığı Fərman ilə “Dərman vasitələri haqqında” Qanunda və həmin Qanunun tətbiqi barədə Fərmanda dəyişiklik edilib. Həmin dəyişikliklərlə dərman vasitələrinə əlçatanlığın təmin olunması, çeşid sayının çoxaldılması, keyfiyyətə nəzarətin artırılması və daha aşağı qiymətə satılması məqsədilə tələblər müəyyənləşdirilib.

Əvvəlki məqalə

Azərbaycan sülh müqaviləsinin ilin sonuna kimi bağlanacağına ümid edir

Sonrakı məqalə

Putinin Surovikini hara göndərdiyi məlum oldu