“Tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib” –Akademik Nərgiz Paşayeva

Biz böyük bir layihənin başlanğıcı haqqında elmi dairəyə məlumat verdik. Tədbirdə Bakı Dövlət Universitetindən, Azərbaycan Milli Elmlər Akademiyasından dəyərli alimlər, mütəxəssislər iştirak ediblər. Çox gözəl hal idi ki, layihənin Oksford Universiteti tərəfdən rəhbəri, Oksford Universitetinin professoru Edmund Herziq və müqayisəli ədəbiyyatşünaslıq üzrə alim Elio Brankaforte də bu tədbirə qatıldılar.

Bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru akademik Nərgiz Paşayeva “Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsinin elmi ictimaiyyətə təqdim edilməsi barədə təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib. O, professor Edmund Herziqin bu layihədə aparıcı rolunu qeyd edərək deyib: “Edmund Herziq layihənin müəllifidir və 2022-ci ildə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Elmi Şurasında layihəni təsdiq etdirib. Layihə artıq öz işlək məqamına gəlib çatıb. Bu möhtəşəm layihə, eyni zamanda, böyük məsuliyyət tələb edir. Layihənin geniş əhatə dairəsi var”.

Akademik Nərgiz Paşayeva diqqətə çatdırıb ki, bu layihə Oksford Universitetinin layihəsidir və əsas məqsədi Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqunu ərsəyə gətirməkdir. İndiyə qədər Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu olmayıb: “600 ildir ki, Nizaminin əlyazmaları köçürülür, kitabxanalarda, şəxsi kolleksiyalarda saxlanılır. Lakin vahid məlumat bazası olmayıb. Bu məlumat bazasını yaratmaq əslində böyük bir məsuliyyət, böyük bir hünər istəyir. Biz buna başlamışıq və ümidvarıq ki, bu işi yerinə yetirəcəyik. Oksford Universiteti 800 ildir mövcuddur və biz əməkdaşlığa 2013-cü ildən başlamışıq”.

Layihənin Azərbaycan tərəfindən rəhbəri olan akademik Nərgiz Paşayeva onu da qeyd edib ki, layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşları ilə çox gözəl bir komanda formalaşdırılıb: “Bu komandaya dəyərli alimimiz Nəsib Göyüşov rəhbərlik edir. O, Azərbaycan tərəfindən bu layihəyə araşdırıcı alim kimi cəlb edilib. Layihə çərçivəsində aparıcı işi İrandan Böyük İslam Ensiklopediyası Mərkəzinin professoru Mir-Ənsari həyata keçirir. Layihənin tədqiqat qrupunun üzvləri qədim əlyazmalar üzərində işləyərək onları nəzərdə tutulan vahid kataloq üçün hazırlayırlar”.

Akademik qeyd edib ki, layihə çərçivəsində, həmçinin professor Mir-Ənsari Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 6 tələbəsinə fars dili və kodikologiya üzrə təlim keçib: “Əlyazmanı oxumaq, dəyərləndirmək mükəmməl bilik tələb edir. Həmçinin Əlyazmalar İnstitutunun əməkdaşları ilə təlimlər keçirilib. Çünki kataloqlaşdırma sisteminə yeni baxış var, əlyazmaların oxunması, köçürülməsi, redaktəsi, təsnifatı məsələləri var. Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib. Bu, çox təmkinli, yaxşı araşdırma, dərin peşəkar bilik tələb edən bir layihədir. Əminəm ki, bu layihə uğurla həyata keçiriləcək. Layihə çərçivəsində hazırlanan kataloq İranda fars, Bakıda Azərbaycan, Londonda ingilis dilində nəşr ediləcək”. (Azərtac)

Əvvəlki məqalə

İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib

Sonrakı məqalə

Azərbaycandakı “Akıncı” İran prezidentini daşıyan helikopterin axtarışı üçün hazır vəziyyətdə olub