Tarixin və xalqın unutmadığı ictimai xadim –Şeyxulislamı qoruyan“zireh"

Xalq onun tarixinin həyat əhəmiyyətli məqamlarında iradəsini ifadə edən, mövqeyini səsləndirən ictimai xadimlərini həmişə xatırlayır. Bu adamlar tutduqları müxtəlif postlara, vəzifələrə baxmayaraq xalqının ağır günlərində düşmənə qarşı mərdliyi və qorxmazlığı ilə adlarını yaddaşlara yazırlar.

Tarix nə üçün bu adamları unutmur?

Üstündən on illər keçdikdən, ölkəsinin başının üstünü alan qara buludlar çəkildikdən sonra ortaya çıxmış yeni nəsilin müəyyən kəsimi ola bilsin bu xidmətlərdən bixəbər olsun, yaxud xatırlamasın. Lakin öz xalqının keşməkeşli tarixini bilən ağıllı hissəsi  vətənin ən ağır günlərində, vacib məqamında onun sözünü demiş, ölümə getmiş, tarixini dəyişdirmiş belə ictimai xadimlərin adını daim xatırladaraq bu şəxsləri millətin mayakı kimi sönməyə qoymur.

Azərbaycan xalqı son 100 ildə belə ictimai xadimlərinin parlaq siyahısını tarixinə yaza bilib.  Bu sırada siyasi xadimlərimizi, alimlərimizi, hərbçilərimizi, din xadimlərimizi qeyd etmək olar.

Hər bir əməl öz sağlığında qiymətini alarsa daha gözəldir. Azərbaycanın xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara!” misrası bu baxımdan yaxşı və pis əməl sahiblərinə hamının eşidəcəyi bir səslə haqqını verməsini tələb edir.

Əlbəttə, “bəs tənqid?” sualını verənlərin də mövqeyi aydındır. Fəaliyyətin tənqidi mühümdür. Çünki iş olan yerdə çatışmamazlıq da olur. Amma bəzən   ölkənin tanınmış şəxsiyyətlərinə qarşı edilənlərin sivil tənqid kimi baxmaq çox çətin olur. Tanınmış ictimai xadimlərimzə qarşı böhtan və ləkələmə, təhqir kampaniyalarına rəvac verənlərin məqsədi bu adamları ləkələməklə cəmiyyətin etimad etdiyi ictimai-siyasi şəxslərin “vitrinini sındırmaq”, murdar niyyətlərini həyata keçirməkdir.

Belə bir kampaniya son aylarda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadəyə qarşı aparılır. Onlayn müstəvidə ən ağlasığmaz yalan, təhqir və böhtanlarla dolu bu iftiraları yayanlar faşist Almaniyasının təbliğat ideoloqu Gebbelsin əsas prinsipi olan “yalanı elə böyük söylə ki, inandırıcı olsun!” metodu ilə işləyirlər.

Bəs QMİ sədrinin belə “çarpaz atəş” altına düşməsi kimə gərəkdir? Nə üçün müstəqil Azərbaycanın və Qafqazın inanclı insanlarına uzun illərdir rəhbərlik edən Allahşükür Paşazadə hədəfdədir? Dinin dövlətdən ayrı olduğu bir ölkədə müsəlman icmasına rəhbər olan bu şəxsin hansı fəaliyyəti bu dairələri narahat edə bilər?

Şeyxulislamın ictimai-siyasi bioqrafiyası mərhum şairimiz Cabir Novruzun həmin məşhur misrasını xatırladacaq kifayət qədər zəngin irsi daşıyır.  Ona qədər Azərbaycanda SSRİ zamanında mükəmməl dini təhsil ala bilmiş rəhbər olmayıb. A.Paşazadədən əvvəlki son 3 Şeyxulislamın ikisi Rusiya İmperiyası zamanında dini təhsil alıb, sabiq milis işçisi olan sonuncu rəhbər isə sonradan fərdi biliklər qazanması sayəsində bu postu tutub.

Allahşükür Paşazadə sovet vaxtı Daşkənd Ruhani İnstitutunda ali təhsil almaqla azsaylı azərbaycanlı savadlı dindar kəsiminin ilk pionerlərindən olub. İslamı cəhalətin və dini xürafatın qucağında görən ateist sovet rejimi üçün savadlı din xadimi arzuolunan sayılmırdı. Məhz bu savadlı, elmə açıq, müasir düşüncə tərzi ilə seçilən Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinə etimadı yaradan, xalqı inanc birliyinə təşviq edə bilən rəhbər kimi yadda qaldı. Onun 80-ci illərdə kommunistlərin müraciəti ilə Moskvanın qəbul etdiyi Gəncə İmamzadəsini partlatmaq qərarının qarşısını ala bilməsi dövrünün inanılmaz hadisəsi sayıla bilər. Mərhum Prezident Heydər Əliyevə yol taparaq bu sərsəm qərardan onu xəbərdar etməsi Gəncənin bu gün bütün müsəlman dünyasında xüsusi ehtiram göstərilən dini ocağını vəhşi hucumdan xilas edə bilmişdi. İndi bu barədə danışmaq çox asandır. Lakin 1981-ci ildə – sovet hakimiyyətinin sərt dövründə, din xadiminin ciddiyə alınmadığı zamanda  bunu etmək cəsarət tələb edirdi.

Üstəlik bir neçə il sonra -1984-cü ildə dağıdılmış Bibheybət məscidinin bərpası üçün torpaq sahəsi tələb etməsi gənc Şeyxülislamın iradəsinin göstəricisi saymaq olar.

1986-cı ildə ABŞ Dövlət Departamentinin QMİ sədri haqqında hazırladığı təhlil xarakterli hesabatında Allahşükür Paşazadənin digər sovet din xadimlərinə xas olmayan bir sıra qeyri-adi cəhətləri ilə fərqləndiyini xüsusi qeyd etmişdi.

1988-ci ildə Azərbaycanda Qarabağ hərəkatı başlananda QMİ sədri hakimiyyət “qapıları” arxasında gizlənən din xadimlərindən olmadı. O, tribunadan milyonluq etiraz mitinqinin iştirakçılarını Qarabağ uğrunda, Azərbaycanın haqq işi uğrunda mübarizəyə səsləyərək xalqla bir sırada oldğunu bəyan etdi. Öz dövrü üçün gözlənilməz görünən bu addım Allahşükür Paşazadəni ictimai-siyasi proseslərin mərkəzinə gətirdi. Bu sırada Azərbaycan tarixinin ən qanlı səhifəsi olan 1990-cı il yanvar qırğını xüsusi yer tutur. Bakıya sovet ordusunun yeridilməsi, Azərbaycan xalqına qanlı divan tutulması ölkəmizdə başlanmış azadlıq hərəkatını dağıtmaq məqsədi daşıyırdı. Bütün siyasi təşkilatların, ictimai qurumların, sovet idarələrinin qorxudan susduğu, qaçıb gizləndiyi bir vaxtda meydanda yalqız qalmış Azərbaycan xalqı Şeyxulislam Allahşükür Paşazadənin ağlar səslə bu qanlı qırğına görə SSRİ Prezidenti Mixail Qorbaçovu lənətləyən Bəyanatını eşitdi.  Bu, sovet tarixində din xadiminin sovet rəhbərini lənətləyən ilk bəyanatı oldu.

Siyasi vakkumda bütün təxribat cəhdlərinin qarşısını alan A.Paşazadə Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsini “islam fundamentalizmi” damğasından xilas edə bildi. SSRİ rəhbərlərindən olan Yevgeni Primakovun A.Paşazadəyə hakimiyyəti götürəcəyi təqdirdə ordunun Bakıya girməyəcəyi barədə provakativ təklifini rədd edən, kabinetdə onunla dalaşan Şeyxulislam sovetin müti dindarı kimi yox, xalqının mənafeyini, azadlığını hər şeydən uca tutan  açıq fikirli ictimai xadimi kimi adını tarixə yazdı. Bu gün Şəhidlər Xiyabanı kimi hamının and yeri olan məkan 30 il əvvəl -1990-cı ilin yanvarında bütün SSRİ-ni titrədən etiraz yürüşünün bir lövhəsidir. Milyonluq dəfnə rəhbərilk edən A.Paşazadə fövqəladə vəziyyətin hökm sürdüyü Bakıda bu mərasimi SSRİ-yə qarşı etiraz aksiyasına çevirdi. Bir milyon insanı öz arxasınca aparmaq üçün isə gərək ictimai etimada, xalqın sənə olan inamına müvəffəq ola biləsən.

Allahşükür Paşazadə həmin ilin mart ayında Qorbaçovun SSRİ Prezidenti seçilməsinə etiraz olaraq SSRİ Xalq Deputatı mandatından imtina edərək bu addımla qanlı cəllada etirazını ifadə etdi.

Ölkənin taleyüklü məsələlərinin həlli üçün etimad göstərilmiş ziyalıların parlaq siyahısında yer almış Şeyxülislam Azərbaycanın azadlığı üçün lazım olan bütün qətiyyətini nümayiş etdirə bilmişdi.

Ateist SSRİ-nin tərkibində olan Azərbaycanın dünya müsəlmanlarının ən nufuzulu təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü məhz QMİ sədrinin nufuzu və səyi hesabına baş tutmuşdu. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyinin tanınma “paradı”nın ilk cərgəsində İƏT-in üzvü olan 3 ölkə gəlir.

Azərbaycan bu quruma üzv olmaqla Ermənistanın təcavüzkar siyasətinə qarşı müsəlman həmrəyliyini əldə etdi. İƏT Ermənistanı işğalçı kimi tanıyan ilk beynəlxalq qurum oldu.

Din xadiminin humanizmə sədaqəti, məzlumların hüquqlarını dəstəkləməsi yalnız sözdədirsə bu şəxsin hörmət və etimad qazanması mümkün deyil. İnsanın niyyətini göstərən onun davranışlarıdır. Bu baxımdan QMİ sədrinin təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda qazandığı etimad əməllərinə söykənir. Qafqazın dini rəhbəri titulunu daşıyan A.Paşazadə bu adı heç də moizələrinə görə almayıb. 90-cı illərin qanına qəltan edilmiş Qafqazı çoxlarının yadındadır. Çeçenistanda SSRİ dağıldıqdan sonra başlanmış hərəkat dinc məcrasından çıxaraq çeçen xalqının ağır fəlakətinə çevriləndə Şeyxülislam xalqın taleyi hesabına aparılan bu “oyuna” ilk etiraz edən din xadimi oldu. Rusiyanın Çeçenistanda, dinc əhalinin kütləvi qırğınına səbəb olmuş hərbi əməliyyatlarına etiraz edən Şeyxulislam Allahşükür Paşazadə prezident Boris Yeltsinə sərt müraciət ünvanlayaraq çeçen xalqına qarşı soyqırımın dayandırılmasını tələb etmişdi. Qanlı müharibəyə düçar olmuş, başını itirmiş Qafqazda rus silahına qarşı  səslənən Azərbaycan din xadiminin bəyanatı böyük rezonans doğurdu və Qafqazda həmrəyliyin simvoluna çevrildi.   O vaxtdan Qafqaz dindarları üçün Allahşükür Paşazadə dini rəhbər statusunu qazandı.

Bu illər ərzində QMİ sədri Azərbaycanın Qarabağla bağlı apardığı siyasətinin ən fəal ictimai xadiminə çevrilməklə “ruhani diplomatiyasının”vacib həlqəsini təşkil edib.

Dünyanın ən mötəbər dini və dünyəvi platformalarında Azərbaycanın haqq işini təbliğ edən, onu daşıyan QMİ sədri özünün əsas prinsipi olan “darül-əhd”ə sadiqdir. Çağdaş dünyamızda bir çox hallarda dini dəyərləri, humanizmi arxada qoyan idbar siyasi gedişlər məzhəb və dini savaşların qanlı davaları ilə öz “meyvələrini” yetişdirir. Belə təhlükəli siyasətə qarşı tolerantlıq prinsipləri ilə mübarizə aparan dünya din xadimləri sırasında A.Paşazadə də var. Azərbaycan prezidenti İlham Əliyevin birgəyaşayış və tolerantlıq prinsiplərinin ardıcıl təbliğatçısı olan Şeyxülislamın bu işi dünya miqyasında bəyənilir və səsi eşidilir.

Azərbaycan dindarlarının bu günkü rəhbəri ölkənin mühüm ictimai-siyasi proseslərində dövlətlə əməkdaşlıq zəncirini qura bilib. Yad ideoloji təbliğatın, dini təfriqənin qarşısını almaqda öz töhfələrini verən QMİ sədri cəmiyyətin həyatında dini harmoniyanın, dostluğun və həmrəyliyin yaradılmasında mühüm fiqurdur.

QMİ sədri atdığı mühüm bir addımla yüziliklər boyu davam edən mövhumatçı bir adəti dayandıra bildi. Aşura mərasimlərində başyarma adətini xəstələrə qanvermə aksiyasına çevirməklə Şeyxülislam islam dininin xeyrixah əməllərə çağırış mesajını bir daha praktik olaraq nümayiş etdirdi.

Tarix həmişə öz xalqının həyatında mühüm rol oynamış şəxslərə öz qiymətini verir, Allah belə bəndələrini öz nəzərində saxlayır. Sağlığında rəhmətini alan şəxs üçün bu qiymət onu fani dünyada atılan böhtanlardan qoruyan bir zirehdir. QMİ sədrinə atılan iftiralar da bu qiymətin yanında yaz qarı kimidir- Göz qırpımında əriyib gedir.

Emin ABBASOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teymur Mustafayev koronavirusdan vəfat edib –

Sonrakı məqalə

Aİ və Azərbaycan arasında yeni sazişin imzalanmasının gecikmə səbəbi açıqlanıb