Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölməsinə dair məlumat yayıb.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.
Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.
5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Qeyd edək ki, bu gün saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.