TƏBİB seçki ilə bağlı gücləndirilmiş iş rejimində çalışır

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili tədbirləri çərçivəsində tibbi xidmətlərin göstərilməsi təmin olunacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, prezident seçkiləri ilə əlaqədar TƏBİB Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.

Görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri 5-8 fevral tarixlərində gücləndirilmiş iş rejimində çalışır.

Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.

Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.

Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.

Eyni zamanda, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər tibbi xidmətlərlə təmin ediləcəklər.

Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” otellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” otelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda, xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib.

Əvvəlki məqalə

“Liverpul” Məhəmməd Salahı satmaq istəyir

Sonrakı məqalə

Ruslar bir il ərzində 26 trilyon rubl kredit götürüblər