Telekanalların rəhbərləri Prezident Administrasiyasına çağırıldı –"Belə olmaz!" /XƏBƏRDARLIQ

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

Azpost.info  Qafqazinfo-ya istinadən xəbər verir ki, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki,  ictimai narazılıq və narahatlıq doğuran  “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, Yaxşılığa doğru” kimi verilişlər son illər  teleradio məkanının inkişafı sahəsində əldə  olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və  bayağı verilişlərin  çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər  qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdən təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılmasınilə bağlı tədbirlər qaçılmaz olacaq.

Əvvəlki məqalə

Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sonrakı məqalə

NATO İsveçdə nüvə silahı yerləşdirəcək?