Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilib.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən yeni maddədə əksini tapıb.
Təklif edilən yeni maddəyə (32-2) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
32-2.1. ambulator xidmət göstərən tibb müəssisələri | 2000 manat |
32-2.2. stasionar xidmət göstərən tibb müəssisələri | 4000 manat |
Digər maddəyə (32-3) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilir:
32-3.1. Bu Qanunun 32-2.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.
32-3.2. Bu Qanunun 32-2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilir.”.
Müzakirələrdən sonra dəyişikliklər səs qoyularaq birinci oxunuşda qəbul edilib.