Tolerantlıq siyasəti  üçün vacib çağırışlar

Bir sıra Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan “Quran”a qarşı təhqiramiz hərəkətlər dünyada geniş etiraz doğurdu.

Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılmasını cəmiyyəti bölmək, nifrət yaratmaq üçün əl atılan təhlükəli təxribat kimi qiymətləndirmək olar.

Dünya ölkələri bu addımı pislədilər. Siyasi liderlər isə belə kobud gedişlərin nəticəsi proqnozlaşdırıla bilməyən proseslərə rəvac verəcəyi barədə xəbərdarlıq etdilər.

Azərbaycan da bu addıma qarşı öz kəskin etirazını bildirdi.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə etdi. “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”-deyə dövlət başçısı vurğuladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “Quran”ın yandırılmasını dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının “əyani sübutu” adlandırdı.

“Söz azadlığı və din pərdəsi altında dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik”-deyən Şeyxülislam bildirdi ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir.

Avropa ölkələrində bu utanc gətirən aksiya bir daha tolerantlığın cəmiyyəti birləşdiriməsi üçün necə mühüm amil olduğunu göstərir.

İman əhlinin etiqad etdiyi kitabların, oxuduğu ədəbiyyatın təqdimatı bir çox hallarda sabitliyi təmin edən mühüm faktor olur.

Azərbaycan özünün multkultural siyasətinin əsas hədəflərindən biri olaraq ölkədə mədəni əməkdaşlıq və dini həmrəyliyə söykənir. Bu sırada ölkəmizdə müxtəlif dini konfessiyaların dini ədəbiyyatla təmin olunması vacib məqamdır. Hər bir icma lazımi ədəbiyyat və kitablarla təmin olunur.

Ölkədə həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması üçün ciddi iş aparılır.

Rəsmi məlumatlara görə, 2023-cü ilin yanvar-iyun aylarında Dini Komitə 2127 adda dini məzmunlu ədəbiyyata baxaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Dini siyasət dövlətin təhlükəsizlik məsələlərindən sayılır. Azərbaycanın min illik tolernatlıq ənənələri bu baxımdan digər ölkələrdə müşahidə olunan dini gərginlik və dözümsüzlük faktlarının baş qaldırmasına imkan vermir.

Dini harmoniya müxtəlif səmavi dinlərə etiqad edən cəmiyyətin yaxşı əməkdaşlığını ortaya qoyub. Belə həmrəylik din qardaşlığına söykənir. Bu həmrəylik ölkədə dini zəmində parçalanma salmaq cəhdlərinə qarşı polad sipər olub.

Qafqaz Müsəlmanları İdarəsi bu əməkdaşlıq platformasında məhək daşı sayıla bilər.

Prezident İlham Əliyevin bu sahədə siyasətinin aparıcı təşkilatı olaraq QMİ üçün dini həmrəyliyin möhkəmləndirilməsi əsas prioritetdir. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda müxtəlif şübhəli dini cəryanların təsiri altında olan qruplara qarşı özü kəskin mövqeyi ilə yadda qalıb.

QMİ sədrinin fəaliyyətində məzhəb fərqi qoymadan bütün müsəlmanlar üçün vahid iman prinsiplərini rəhbər tutması ölkənin dini camesində həmrəyliyin yaranmasında mühüm rol oynayıb.

Bu baxımdan Azərbaycandakı dini tolerantlıq beynəlxalq müstəvidə həmişə dəstək ala bilib.

Dövlətimiz dini sahədə yürütdüyü siyasəti ilə tolerantlığın cazibədar nümunəsini ortaya qoyub. Ölkədə məscidlər, kilsələr, sinaqoqların qapıları uca Tanrıya dua edən inanclı vətəndaşlar üçün açıqdır. Müsəlmanlar, xristianlar, yəhudilər rahat şəkildə ibadət edir, fitnəkar cəhdlərə isə birgə cavab verirlər.

Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnanclı insanlara onların dini ritualları üçün bütün şərait yaradılıb.

Ölkəmiz əməkdaşlığın bu unikal təcrübəsini dünyaya təqdim etməklə bu sahədə əldə etdiyi uğuru göstərir.

44 günlük Vətən Müharibəsi bir daha həmrəylimizin nümayişi oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini konfessiyaları tərəfindən dəstəkləndi. Məhz bu birlik erməni kilsəsinin müharibəni dini müstəviyə keçirmək cəhdinin qarşısını aldı.

Azərbaycan dövləti yürütdüyü multkultural prinsipləri inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixə söykənir. Vətənimiz həmişə xalqların və müxtəlif dinə sitayiş edənlərin mehriban yaşadığı bir məmləkət olub. Müqəddəs kitablarda təbliğ olunan ülfət və qardaşlıq bu torpaqlarda həmişə var olub.

Bu baxımdan Azərbaycan dünyaya bəşərin xilas modeli olaraq  multikulturalizm, etnik, dini tolerantlıq modelini təqdim edir.

Belə siyasət isə dünyanın bu gün üzləşdiyi problem və böhranlardan çıxış yollarını tapmaqda, müasir dövrdə təhlükəsizlik və sabitliyə təhdidlərdən biri olan islamofobiyanın qarşısının alınmasında öz töhfələrini verir.

Neçə illərdir ki, Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Qlobal və Humanitar Forumların ardıcıl keçirildiyi ənənəvi məkan kimi çıxış edir.

Ölkəmiz özünün tolerantlıq ənənələrinin tarixi ilə fəxr edir, bu günü ilə rahat yaşayır. Ən müxtəlif dini və mədəni icmaların iç-içə yaşadığı Azərbaycanda belə model bütün dünyanın maraqla izlədiyi bir hadisəyə çevrilib.

Azərbaycanda tolerantlığı şərtləndirən amillər sırasında tarixi şərait, coğrafi əhatə və insan faktoru mühüm rol oynayıb. Dövlətimizin tarixi heç vaxt dini zəmində baş vermiş toqquşmaların “qara səhifəsinə” şahidlik etməyib.

Bu gün Azərbaycanda milli, etnik, məzhəb qarşıdurmaları salmaq cəhdləri iflasa məhkumdur. Müstəqilliyin ilk illərində ölkədə dini təfriqə, məzhəb savaşı toxumları səpməyə edilən cəhdlər isə dövlətin və QMİ-nin birgə səyi ilə iflasa uğrayıb.

Avropa Şurası Baş katibinin müavini Byorn Berqin ötən il Qafqaz Müsəlmanları İdarəsinin sədrinə ünvanladığı məktubda Azərbaycanda dini həmrəyliyin gözəl şəkli xüsusi qeyd olunmuşdu.  “Sizin bu mühüm fikir mübadiləsinə verdiyiniz dərin töhfələr çox əhəmiyyətlidir. Mən xüsusilə dini icmalar arasında sülh və qarşılıqlı anlaşma mühitini təşviq etmək üçün bir araya gəlmələrinin zərurəti ilə bağlı fikirlərinizi alqışlayıram”-deyə AŞ rəsmisi yazmışdı.

Dini konfessiya rəhbərlərini bütün rəsmi və humanitar tədbirlərdə həmişə bir yerdə görmək olur.

Onlar müxtəlif dillərdə dua edərək uca Yaradandan yaşadıqları bu məmləkət üçün əmin amanlıq, ruzi-bərəkət və firavanlıq diləyirlər. Bu, ictimai münasibətlərin unikal tablosudur.

Cəmiyyətin illərin sınağından çıxmış birliyi, tolerantlığı və qardaşlıq müstəvisi bu qara qüvvələrə öz məkrli niyyətlərini həyata keçirməyə imkan verməyib.

QMİ bu xəttə daim sadiq olub. Azərbaycanda dini əməkdaşlıq icmaların qardaşlığından güc alır, dövət siyasətinin əsas prinsipləri üzərində bərqərar olub.

Bunun möhkəm özülü Prezident İlham Əliyevin ardıcıl siyasi prioritetlərinə söykənir. Dövlət başçısı dini liderlərin görüşü zamanı bəyan etmişdi ki, ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Məlum olduğu kimi tolerantlıq və vətəndaş həmrəyliyi  ideyası ölkənin təhlükəsizliyini təmin edən zəruri faktorlardandır.  Geopoltik güclər özünün məkrli planlarını həyata keçirmək üçün əl atdıqları dini təfriqə və nifrət bugünkü dünyanın acı reallığına çevrilib.

Belə münaqişə cəhdləri Azərbaycanda alovlana bilmədi. Yürüdülən dövlət siyasəti və səmavi dinlərin və müxtəlif islami məzhəblərin mehriban birliyi belə xəbis cəhdləri beşiyindəcə boğdu.

Dövlətin müstəqlliyini  sarsıtmağa, təməl sistemini laxlatmağa yönəlmiş bu cəhdlərə qarşı sədd olmaq, dini cameəni birləşdirmək missiyasını QMİ öz üzərinə götürməklə bir çox xain planların qarşısını ala bildi.

Dövlətimizin dünyaya təqdim etdiyi multikulturalizm modeli xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən sistemdir. Müxtəlif inanc və mədəni ənənə daşıyıcısı olan insanları birləşdirən bu sistemin effektliyi artıq dünya tərəfindən etiraf olunur.

Dünyada dini şüarlarla pərdələnmiş maraq dairələrinin bundan siyasi güc kimi çıxış etməsi artıq bəlli faktlardır. Odur ki, təhlükəsizlik məsələsinin vacibliyini önə çıxaran bu amil hakimiyyətlər üçün milli və dini həmrəyliyi zərurətə çevirir.

Azərbaycan bu risklərin qarşısına dinlərarası barışı ehtiva edən dövlət siyasəti ilə çıxır. Prezident İlham Əliyevin bəyan etdiyi böyük bir humanitar platformanın özəyini  təşkil edən tolerantlıq prinsipləri xarici təhdidlərə qarşı dayanıqlı müstəvidir. Həssas geopolitik regionda yerləşən Azərbaycan üçün multkulturalizm və tolerantlıq siyasəti  inteqrasiya üçün vacib çağırışlarıdır.

Aydın ABBASOV

 

Əvvəlki məqalə

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib –

Sonrakı məqalə

Bakıda 36, Naxçıvanda 40 dərəcə isti olub