“Torpağa düşməsin havayı bir dən…” –Strateji sahə olan taxılçılıqda gözlənitlər necədir?

Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün strateji sahədir. Bununla bağlı aqrar sahənin üzərinə böyük yük düşür.

2001-ci ildə qəbul edilmiş “Ərzaq təhlükəsizliyi Proqramı”nda vurğulanırdı ki, ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir və bu hüququn təmin edilməsi hökumətin mühüm vəzifələrindən sayılır.

Bu ilin əvvəlində Nazirlər Kabineti ölkədə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsipləri açıqlayıb. Sözügedən 6 baza prinsip ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzinin əsasən yerli istehsalın üzərinə keçirilməsi, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, haqsız rəqabətə qarşı mübarizə gücləndirilməsi və digər məsələləri əhatə edir.

Hökumətin əsas hədəflərindən biri ölkənin ərzaqla davamlı təminatıdır. Ərzaq təhlükəsizliyi özündə 4 mühüm elementi birləşdirir: ərzağın mövcudluğu, ərzağa çıxış, keyfiyyətli ərzaqdan istifadə və ərzaqla davamlı təminat. Azərbaycan davamlı olaraq bu 4 sütün üzrə özünün ərzaq təhlükəsizliyi göstəricilərini yaxşılaşdırmağı hədəfləyir.

 

Prezidentin 6 dekabr 2016-cı ildə təsdiq etdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair “Strateji Yol Xəritəsi” ndə buğda idxalından asılılığın aradan qaldırılması tələbi qoyulub. “Xəritədə” ərzaq buğdasının istehsalının artırılması nəzərdə tutulur.

Araşdırmalara görə, daxili tələbatın artması fonunda taxıl istehsalı geri qalır. Kiçik fermer təsərrüfatları üstünlük təşkil edir, kiçik torpaq sahiblərinin könüllülük prinsipləri əsasında kooperasiyası üçün stimullaşdırıcı tədbirlər effekt vermir.

İdxaldan asılılığın aradan qaldırılması, yerli toxum istehsalı potensialının gücləndirilməsi və təşviqi taxılçılığın ölkə iqtisadiyyatında Azərbaycanın milli ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca strateji sahələrdən və dövlətin iqtisadi rifahının əsas indikatorlarından biri olduğunu bir daha təsdiqləyir.

Odur ki, ölkə əhalisinin ərzaqlıq buğdaya və heyvandarlığın yemə olan tələbatının yerli istehsal hesabına 100% ödənilməsi üçün Azərbaycanda taxılçılığın inkişafının əsas strateji məqsədi maksimal şəkildə təbii potensialdan səmərəli istifadə, davamlı olaraq ərzaqlıq və yemlik istiqamətli taxıla, xüsusən də buğdaya olan daxili tələbatın təmin edilməsi, kənd təsərrüfatı məhsul istehsalçılarının effektiv taxıl bazarının formalaşması əsasında mövqelərinin möhkəmləndirilməsinə xidmət etməkdən ibarət olmalıdır.

Azərbaycanda taxılçılığın dinamik inkişafının təmin edilməsində risklər isə belədir: Makroiqtisadi risklər, dünya bazarının konyunkturası, taxılın qiymətlərində baş verəcək yüksək dəyişikliklər.

Azərbaycanda taxılçılıq sahəsində sistemli şəkildə mövcud olan problemlər ondan ibarətdir ki, ölkədə taxıl və onun emal məhsullarının istehsalındakı rəqabətqabiliyyətlilik səviyyəsi ölkənin aqro-iqlim potensialından, davamlı olaraq kənd təsərrüfatının maddi-texniki, kadr və təbii-ekoloji potensialından tam və səmərəli şəkildə istifadəyə imkan vermir və ya kifayət deyil.

Taxılçılıq bölgələrində kiçik və orta həcmli taxıl anbarlarının və elevatorların yaradılması ən vacib məsələlərdəndir. Beləki, taxılın yığımdan sonrakı yetişmə müddəti vardır ki, bu da sortun bioloji xüsusiyyətindən asılı olaraq ən azı 15-20 gün, bəzən isə bir aya qədər davam edir. Bu müddətdə buğdanın dən keyfiyyəti nisbətən yüksəlir. Yəni zülalların, xüsusilə də kleykovinanın miqdarı cüzi artsa da, buğdada toplanan zülalların keyfiyyəti yüksəlir ki, bu da taxılın satış qiymətinə xeyli təsir göstərir.

Respublikada fermerlər taxıl anbarlarına malik olmadıqlarına görə yığılan taxılı məcburən tez realizə etməyə çalışır ki, bu da onların həm məhsulunun keyfiyyətinin nisbətən aşağı olmasına, həm də iqtisadi cəhətdən gəlirinin aşağı duşməsinə səbəb olur. Bu baxımdan taxılçılıqla məşğul olan yaxın bölgələrdə yerləşən bir neçə böyük təsərrüfatların ərazisində orta həcmli taxıl anbarlarının tikilməsi məqsədəmüvafiq olardı.

Strateji Yol Xəritəsinin tərkib hissəsi kimi Azərbaycanda taxıl bitkilərinin təkmilləşdirilmiş seleksiya xəritəsinin yaradılması probleminin aktuallığı müasir dövrün tələblərindən irəli gələn, təxirəsalınmadan həll edilməsi vacib olan məsələlərdən biri kimi gündəmdədir.

 

Kənd təsərrüfatı sahəsi üzrə ekspertlərin fikrincə, taxılçılığın əhalinin tələbatında, heyvandarlıq sahəsində dənli məhsulların rolu böyükdür. Bu mənada Azərbaycanda da haqlı olaraq dövlət səviyyəsində böyük hədəflər müəyyənləşdirilib. Əsas problem odur ki, bu gün ərzaqlıq buğda idxal olunur, digər tərəfdən, böyük həcmdə yem və yem əlavələri gətirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin açıqlamasına görə, bu gün bizim ərzaq məhsullarının əksəriyyəti ilə özümüzü təmin etmə səviyyəmiz yüksəkdir. Ət, süd məhsulları ilə özümüzü 84-85 % təmin edirik. Azad olunmuş torpaqlarda kənd təsərrüfatı bərpa olunanda bu göstəricilər də yüksəlib 98-99 % olacaq. Kartofla özümüzü 90 %-dan çox təmin edirik. Yalnız buğda üzrə özünü təmin etmə səviyyəsində aşağı göstərici davam edir. Onun da istehsalının artırılması üçün məhsuldarlığın artırılması əsas məsələlərdən biridir.

Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir.

Mütəxəssislər hesab edir ki, ilk növbədə torpaq ehtiyatı zəif olan ölkəmizdə torpaqlar yararlılıq səviyyəsinə görə qruplaşdırılmalıdır. Harada gəldi taxıl əkmək doğru deyil.  Çünki əkin dövriyyəsində olan torpaqlarımızın böyük əksəriyyəti ağır gilli torpaqlardır, aqrotexniki qaydalara düzgün əməl olunmaması, iqlim dəyişmələri torpağın keyfiyyətini getdikcə pisləşdirir. Digər tərəfdən, yüksək reproduksiyalı toxum çatışmazlığı var, fermerlər bir çox hallarda təsadüfi yolla əldə etdikləri toxumları əkirlər.

 

Ekoloji təmiz məhsul istehsalının genişləndirilməsi isə dövlətimizin qarşısında duran prioritet məsələlərdən ən ümdəsidir. Bunu üçün isə ilk növbədə əkin torpaqlarından səmərəli istifadə etmək və aqroparkların fəaliyyətində səmərəliliyin artırılması təmin edilir. Dövlətimiz tərəfindən yaradılan aqroparkların kənd təsərrüfatında, ümumilikdə ölkə iqtisadiyyatında rolu böyükdür. Bu gün aqrar sektora vergi güzəştləri tətbiq edilir, subsidiya və güzəştli kreditlər verilir, lizinqə verilən texnika və avadanlıqlara görə güzəştlər tətbiq edilir. Statistikaya görə, hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib.

İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Bu baxımdan aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu gücləndirilməli, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməlidir.

Rusiya-Ukrayna müharibəsi, dünya taxıl ehtiyatlarında yaranmış kritik vəziyyət əvvəlcədən uğurlu aqro-siyasətini formalaşdırmayan ölkələri çətin vəziyyətdə qoya bilər. Azərbaycan yaxın illərdə sürprizlərlə qarşılaşmaq istəmirsə, ilk növbədə öz taxıl ehtiyaclarını qarşılayacaq tədbirlər həyata keçirməli və özünü bu qida məhsulu ilə tam təmin edəcək vəziyyətə gəlməlidir.

G.Hüseynova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

Dövlətin pulu ilə alınmış dərmanlarla bağlı yoxlama aparılır

Sonrakı məqalə

G7 rəsmiləri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edib