Toyun mübarək, Şuşa fatehi!…-FOTOLAR

Toyun mübarək, Şuşa fatehi!…

…Toy, toy, toydur  bu gün…Amma  bu toy  adi toy deyil… II Qarabağ müharibəsi qazisi, qəhrəmanı Əli Zamanzadəyə   çalınan toy vətənə sipər oğullara göstərilən diqqətin, məhəbbətin sanki əyani nümayişdir… Əlinin  toyunu özəl, gözəl edənsə çalışdığı Lənkəran Dövlət Universiteti (LDU) kollektivinin  hamılıqla xoş günündə  cani-dildən  iştirakıdır.  Elə universitetin rektoru,  professor Natiq İbrahimovun toya xanimı ilə birgə qatılması da  çox şey deyir.

Qeyd edim ki, bu gün ailə həyatı quran  Əli Zamanzadə  bu hörməti, diqqəti haqq edən vətənpərvər gənclərimizdəndir. Tanışlıq üçün bildirim ki, Əli Bəhram oğlu Zamanzadə  1997-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirəndən sonra yüksək balla Bakı Dövlət Universitetinin Regionşünaslıq(Amerika) ixtisasına qəbul olunub. Ali təhsilini uğurla başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Lənkəran Dövlət Universitetində işə qəbul olunub, tyutor kimi çalışıb. 2020-ci ilin 27 sentyabrında başlayan, xalqımız üçün ölüm-dirim məsələsi olan 44 günlük  Vətən müharibəsində Hava Hücumundan müdafiə bölmələrinin tərkibində iştirak edib. Füzulidən Laçına qədər ağır döyüş yolu keçib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın uğrunda ağır döyüşlərdə qəhrəman kimi döyüşüb.

Vətən müharibəsindəki şücaətinə görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2021-ci ilin yanvar ayında Şuşadan tərxis olunduqdan sonra  Əli yenidən doğma kollektivə qayıdıb və fəaliyyətini davam etdirib.

…Yeni evlənən gənclərin başı üstündə asılmış 3 rəngli Azərbaycan bayrağı bu toyun vətənpərvərlik ruhunda keçəcəyinə bir işarə idi. Belə də oldu. Toy Azərbaycan Respublikasının Dövlət Himni ilə start götürdü, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı, Əli Zamanzadənin  döyüş yolunu əks etdirən video-çarx nümayiş olundu,  bütün  çıxışlar vətənpərvərlik ruhunda oldu, toy boyunca bu ruhda olan musiqi nömrələri ifa edildi.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun  xeyir-duası təkcə yeni evlənən gəncləri yox,  bütün iştirakçıları duyğulandırdı. Vətənə övladlıq borcunu ləyaqətlə ödəmiş Əliyə ən xoş arzularını bildirən rektor toyda ailəlikcə iştirakından sonsuz fərəh duyduğunu dilə gətirdi,  xalqın  öz qəhrəman oğulları ilə qürur duyduğunu, qəhrəman qazilərə dövlətin  həmişə dayaq olduğunu dedi. “Bu gün LDU ailəsinin yaşadığı sevinc ikiqatdır, çünki gəlin  Ruhanə Dadaşzadə də LDU-nun kompüter mühəndisliyi ixtisasında təhsil alan əlaçı tələbələrimizdəndir” deyən  Natiq İbrahimov  yeni ailə həyatı quran gənclərə birgə ömür yollarında uğurlar arzulayaraq doğma kollektivin bundan sonra da  onlara hər cür dəstək göstərəcəyini  xüsusi vurğuladı.

Toyda yeni evlənən gənclərin sevincinə şərik olanların arasında  Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Möhübbət Babayev də var idi. İcra rəsmisinin  də toya rektor kimi  xanımı ilə qatılması vətənpərvər qaziyə göstərdiyi hörmətin nişanəsi idi. O da gənclərə xoş arzularını bildirdi, sülh, müharibəsiz dünyada yaşayıb yaratmağı arzuladı.

“Yaşa, Azərbaycan”ın möhtəşəm melodiyası altında bəy-gəlinlə birgə bütün LDU kollektivi qol götürüb oynadı, bəyin sevincinə sevinc qatdı…Bu toy adi toy olmadı. Ömür gün yoldaşını vaxtsız itirmiş bəy anasının-Lalə müəllimənin bir qanadı yox idi uçmağa.  LDU ailəsinin  övladına belə diqqəti, maddi və mənəvi dəstəyi, şad günündə yanında olmaları  anaya da bir dünya sevinc bəxş etmişdi…

Bu toydan Lənkəranda hələ çox danışılacaq. O toydan ki, bütün LDU ailəsi qazi həmkarının sevincini öz sevinci bildi, yanında oldu, vətənpərvər oğlunu lazımınca dəyərləndirdi.

Toyun mübarək, qəhrəman qazi, Şuşa fatehi!

Toyun mübarək bizim Əli, bizim Ruhanə!

Qoy bundan sonra qazilərimizlə bağlı ancaq xoş xəbərlərin sevincini paylaşaq-Əli  Zamanzadənin  toy xəbərinin yaşatdığı sevinc kimi!

Esmira İsmayılova

LDU-nun Mətbuat xidmətinin rəhbəri

 

 

Əvvəlki məqalə

Lənkəranda itkin düşən qadın dağlıq ərazidə tapılıb

Sonrakı məqalə

Milyarderin kürəkəni Rişi, adı sevgi macərasına qarışan Tras…