Tramp gedəcək, neft 90 dollar olacaq, yeni pul çıxacaq –Məşhur bankın 2020-yə PROQNOZLARI

Danimarkanın şokedici proqnozlarla məşhur olan Saxo Bank-ı 2020-ci il üçün də ekstremal ehtimallarla çıxış edib.

“Neft $90 — bu əsl şokdur”

Bankın baş iqtisadçısı Stin Yakobsen bildirib ki, 2020-ci ildə ABŞ-da şist neftinin hasilatı, bu sahədəyə investisiyaların az gəlirli olmasına görə, azalacaq. OPEK və Rusiya isə vəziyyətdən istifadə edib hasilatı kəskin azaldacaqlar. Eyni zamanda Səudiyyənin Aramco şirkətinin İPO-su uğurla keçəcək və investorlar bura pul yatıracaqlar. Nəticədə Brent neftinin qiyməti yenidən 90 dollara yüksələcək (indi $60 ətrafındadır). Donald Tramp bundan çox narazı qalacaq, Rusiya məmurları isə əksinə ruhlanacaqlar, çnüki büdcəyə neft dollarları axacaq.

“Macarıstan Avropanı dağıdacaq”

Bankın proqnozlarına görə, Macarıstanda böyük dəyişikliklər gözlənilir. İlk baxışdan bu kiçik Avropa ölkəsində nə baş verə bilər ki? Amma «Saxo Bank» hesab edir ki, burada vəziyyət göründüyü kimi yaxşı deyil. Məsələ bundadır ki, hələ 2004-cü ildən, Macarıstan Aİ-yə qoşulandan burada iqtisadi yüksəliş davam edir. Amma hazırda ölkə ilə Aİ-nin arasında böyük problemlər yaranıb. Bir il əvvəl Avropa İttifaqı  Macarıstana qarşı intizam icraatı açıb. Avropa İttifaqının rəhbərliyi hesab edir ki, Macarıstan bir neçə mənfi hallar yol verir – Viktor Orbanın hökuməti KİV-lərin azadlığını boğmaqda, seçki  sisteminə antidemokratik dəyişikliklər etməkdə, hakim partiyanın cəmiyyətə təzyiq etməkdə, eləcə də ölkədə korrupsiyanın geniş yayılmasında ittiham edilir. Bütün bunlar Macarıstanı Avropa subsidiyalarından məhrum edə bilər. Cavabında isə Orban açıq-aşkar Rusiya və Türkiyəyə yaxınlaşmağa başlayacaq. Və bu kəskin dəyişikliklər nəticəsində Macar valyutası olan forintin məzənnəsi kəskin enərək 1 dollar 375 forintə düşəcək (hazırda 1 dollar 300  forintdir). Çünki birjalar investorların ölkədən çıxacağından narahat olacaqlar. Nəticədə – Avropadan birinci Britaniya deyil, Macarıstan çıxacaq.

“İsveçdə «cənnət» dövrü bitir, «cəhənnəm» başlayır”

Bankın proqnozlarına görə, Avropanın şimalında da – İsveçdə ciddi dəyişikliklər olacaq. Yakobsonun sözlərinə görə, Skandinaviyanın digər ölkələrindən fərqli olaraq İsveç miqrantlara qarşı daha tolerantdır və onlara daha çox qayğı göstərir. Amma bu məsələ İsveçə baha başa gələ bilər. Belə ki, noyabrda Danimarka 1950-ci illərdən bəri ilk dəfə olaraq İsveçlə sərhədi bağlayıb. Səbəb – İsveçdəki bərbad kriminal vəziyyətdir. Son bir ildə miqrantların arasından olan cinayətkarlar İsveçdə minlərlə cinayət, o cümlədən 160 partlayış və bir neçə qətl hadisəsi törədiblər. Miqrantlar İsveçdə kriminal biznes də qurublar, onlar narkotiklərlə ticarət, qadın alveri, bukmeker kontorları və elə qanunsuz miqrasiya biznesinə nəzarət edirlər.

Son sorğular göstərir ki, İsveç sakinlərinin 25%-i artıq miqrantlara qarşıdır, cəmiyyət parçalanır. Ölkədə iqtisadi resessiya başlayır və bu da «İsveç sosializmi»nin sonu ola bilər.

“Asiya dolları «sındıracaq”

«Saxo Bank» hesab edir ki, 2020-ci il ABŞ dolları üçün faciəvi ola bilər. Belə ki, Asiya İnfrastruktur İnvestisiyaları Bankı Çin və Rusiyanın dəstəyi ilə  yeni ehtiyat valyutasını – Asian Drawing Right, və ya ADR buraxacaq. «Rubl/yuan» zənbilindən formalaşacaq 1 ADR əvvəlcə 2 dollara bərabər olacaq. Bu da onu dünyanın ən böyük pul vahidi edəcək. Yakobsen bildirir ki, ABŞ dollarını Asiya regionundakı ticarətdən sıxışdırıb çıxarmaq üçün bu addım olduqca realdır. Nəticədə yerli ölkələr əməliyyatları bu valyuta ilə aparacaqlar. OPEK ölkələri, iri neft hasilatçıları da, Asiya neft bazarının əhəmiyyətini nəzərə alaraq həvəslə neft müqavilələrini bu valyuta ilə bağlayacaqlar. Belə vəziyyət isə ABŞ dollarını çökdürəcək. Saxo Bank-ın hesablamalarına görə, dollar 20% ucuzlaşacaq.

“Trampın yeni «Amerika vergisi» və vəzifədən getməsi”

Saxo Bank-ın 2020-ci illə bağlı ən pis proqnozları ABŞ-a aiddir. Bank hesab edir ki, dünyada baş verənlər, o cümlədən yeni Asiya valyutası ABŞ-da iqtisadi vəziyyətə pis təsir edəcək. Doğrudur, ilin əvvəlində ABŞ-Çin razılaşmalarına görə, iqtisadiyyatda bir neçə aylıq sabitlik olacaq, amma sonra dəyişikliklər başlayacaq.

Belə ki, Çin, ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını gözlənildiyi qədər artıra bilməyəcək, ABŞ-ın Çinlə ticarət balansı yaxşılaşmayacaq, ABŞ iqtisadiyyatı isə nəticədə boğulmağa başlaycaq. Bununla eyni zamanda keçiriləcək sorğular əhalinin Trampın siyasətindən narazı olduğunu, seçkilərdə uduzacağını göstərəcək.

Belə vəziyyətdə Tramp qeyri-adi addımlar atmağa başlayacaq, və xaricdən gətirilən bütün mallara 25%-lik «Hər şey Amerika üçün» adlı yeni vergi tətbiq edəcək. Bank güman edir ki, digər bütün idxal rüsumları ləğv ediləcək, əvəzində yeni vergilər ABŞ-a gətirilən bütün mallara tətbiq ediləcək və dövriyyədən 25%-lə tutulacaq.

Biznes buna etiraz etsə də Tramp onlardan «istehsalı ABŞ daxilində qurmağı» tələb edəcək. Bütün bunlar Trampın hakimiyyətdən getməsinin qarşısını alacaqmı? Saxo Bank eksperti bildirir ki, xeyr, impiçment olacaq.

“Saxo Bank»ın proqnozları düz çıxırmı?”

Əlbəttə «Saxo Bank» proqnozlarının böyük əksəriyyəti inanılmaz ehtimallar əsasında qurulub və onların baş verməsi şanslar azdır. Amma qeyd etmək lazımdır ki, bəzi proqnozların  düz çıxan vaxtı olub. Məsələn, bankın ekspertləri hələ bir neçə il əvvəl, Breksitdən xeyli öncə, Avropa İttifaqının dağılmasından danışırdılar. Eləcə də, dünya iqtisadiyyatında zəifləməni də Saxo Bank ekspertləri xəbər vermişdi.

Yakobsen hələ 4 il əvvəl bəyan etmişdi ki, güclü dollar heç kimə lazım deyil, yəni dollar zəifləməsə dünya iqtisadiyyatı dərin iqtisadi böhrana düşəcək.  (Fed.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Suriyadakı neft bizimdir, istədiyimizi edə bilərik” –

Sonrakı məqalə

Sabiq nazirlər arasında qalmaqal –