ABŞ tərəfinin təşəbbüsü ilə çəkilən TRIPP dəhlizi investorların diqqətini cəlb edib.
Azpost.info bildirir ki, bu barədə Fitch Solutions şirkətinin proqnozunda deyilir.
Təşkilatın məlumatına görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilkin icra mərhələsinə qədəm qoyub, eləcə də ABŞ-ın regionda artan geostrateji iştirakı yeni tranzit layihələrinə marağı artırıb.
Qeyd edilir ki, Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvanla birləşdirəcək TRIPP dəhlizi regionun logistika mənzərəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Hesabatda qeyd olunur ki, layihənin əsas hissəsi ABŞ-a məxsus qurumlar tərəfindən idarə olunacaq, pullu tranzit zonasının inkişafı üçün isə birgə müəssisə yaradılacaq. ABŞ rəsmiləri bildiriblər ki, əlaqəli layihələrə “milyardlarla dollar” investisiya cəlb edilə bilər.
Fitch Solutions hesab edir ki, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və logistika sahələrində paralel təşəbbüslər Azərbaycanın regional tranzit mərkəzi kimi rolunu gücləndirə bilər. Bu fonda ABŞ ilə iqtisadi və strateji əməkdaşlığın 2026-cı ildə daha da dərinləşməsi gözlənilir.
Təşkilatın məlumatına görə, regionda artan investisiya fəaliyyəti həm iqtisadi dinamikanın, həm də geosiyasi tarazlığın yenidən formalaşmasına töhfə verə bilər.
Hesabata görə, ABŞ Bakı və İrəvan üçün Rusiya ilə strateji tərəfdaşlıqda əhəmiyyətli alternativə çevrilir.