Türk jurnalistinin 1989-cu ildə Bakıda çəkdiyi reportaj –

Elçibəyin “SSRİ-dən ayrılacağıq” bəyanatı...Kommunist partiyasının rəsmisi: “Bunların hamısı unudulacaq” (VİDEO)
27 Yanvar 2020 - 12:19

İnternetdə mərhum türk jurnalisti Məhəmməd Əli Birandın 1989-cu ildə Azərbaycanda olarkən hazırladığı reportaj yayılıb.

Azpost.info bildirir ki,  jurnalist müəllifi olduğu “32-ci gün” proqramı üçün o zaman ciddi siyasi proseslərin getdiyi Bakıdan çəkiliş aparıb. Maraqlı arxiv kadrları ilə zəngin olan çəkilişdə Azərbaycanda başlanmış  Qarabağ hərəkatı barədə danışılır,  SSRİ-də gedən proseslər təhlil edilir.

Demək olar ki, o dövrün bütün siyasətçi spektrini əhatə edən Birand Kommunist partiyasının rəsmilərini, AXC rəhbərlərini, alimləri danışdırır.

Kadrlarda o zaman “Vətən” Cəmiyyətinə rəhbərlik edən yazıçı Elçin,  akademik Ziya Bünyadov erməni iddialarından danışırlar. AXC sədri Əbülfəz Elçibəy isə bu proqramda Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqilliyinin elan olunması üçün çalışdıqlarını bəyan edir.  Azərbaycan Kommunist Partiyasının şöbə müdiri Əfrand Daşdəmirov isə müsahibədə deyir ki, Azərbaycanın müstəqil olması mümkün deyil. “Qarabağ məsələsi həll olunduqdan sonra bütün bunlar da unudulacaq” deyə o nikbinliklə vurğulayır.

Kadrlar o dövrün gərgin siyasi atmosferini əks etdirir.