Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfər çərçivəsində UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Qurumunun direktoru Krista Pikkat ilə ikitərəfli rəsmi görüş keçirib.
Görüş, fövqəladə hallar və böhran vəziyyətlərində mədəni mülkiyyətin təxirəsalınmaz mühafizəsi, bərpası və bu sahədə regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Görüş çərçivəsinddə, mədəni irs obyektlərinin bərpası və mühafizəsi, eləcə də mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə istiqamətində Fondun təşəbbüsü ilə keçirilən regional ekspert proqramlarının və təlimlərin səmərəliliyi yüksək qiymətləndirilib.
Müzakirələr zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova əməkdaşlığın səmərəliliyini artırmaq məqsədilə UNESCO-ya bir sıra yeni və praktiki təkliflər təqdim edib.
UNESCO rəsmisi Krista Pikkat öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun qlobal mədəni irsin mühafizəsi və regionda mədəni diplomatiyanın gücləndirilməsi istiqamətindəki fəal rolunu yüksək qiymətləndirib. O, təqdim olunan təşəbbüslərin dəstəklənməsində və fövqəladə hallara hazırlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bəyan edib.
Görüş, humanitar hədəflər naminə tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılıqla başa çatıb.