“Türkiyəni iyun qiyamına qatmadım, Rusiya ilə üz-üzə qalacaqdı” –Elçibəyin 1998-ci ildə Birandın "32-ci Gün" proqramına müsahibəsi

İnternetdə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin 1998-ci ildə Türkiyənin tanınmış telejurnalisti Mehmedeli Birandın hazırladığı “32-ci gün” proqramına verdiyi müsahibə yayılıb.

Azpost.info bildirir ki, müsahibədə Ə.Elçibəy o dövr üçün əsas hadisələr sayılacaq bir sıra məsələlərə münasibətini bildirib.

Ə. Elçibəy qeyd edib ki, hakimiyyətə gəldikləri zaman əsas diqqəti boş olan dövlət büdcəsinin doldurulmasına veriblər: “Altı ayın içində dövlət büdcəsinə 200 milyon dollar yığdıq. Biz hakimiyyətə gələndə büdcədə cəmi 3 milyon dollar var idi”.

Dövlət qurduqlarını deyən Ə. Elçibəy öz hakimiyyət komandasından razılıq edib: “Mənim hakimiyyət komandamda yalnız idealist insanlar idi. Bir manat rüvşət aldıqlarını heç kim deyə bilməz”.

Sabiq prezident onu hakimiyyətdən devirən 4 iyun Gəncə qiyamından da danışıb. Jurnalistin “Türkiyədən bir incikliyiniz varmı?” sualına cavabı maraqlı olub: “Mən Türkiyəni bu məsələlərə qarışdırmadım.  Həmin günlərdə Rusiyanın  xüsusi təyinatlıları olan “ALFA” qrupu bütün ölkə boyu yayılmışdı. Ölkədə qiyam hazırlanmışdı. Türkiyəni bura qatsa idim Rusiya ilə üz-üzə durmalı olacaqdı. Mən bunu istəmədim”.

Elçibəy deyib ki, Azərbaycanda həmin il daxili savaş hazırlanırdı: “Buna da imkan verə bilməzdim. Bundan qaçmağın bir yolu var idi: Hakimiyyətdən getmək”.

Ə.Elçibəy daha sonra 1995-ci ilin mart qiyamından danışıb. Bu zaman o, Türkiyə vətəndaşı, mart qiyamının təşkilində adı hallanan Fərman Dəmirkolla görüşü barədə danışıb: “Fərman Dəmirkolla Kələkidə görüşmüşəm. Sıravi bir vətəndaş olaraq mənim yanıma gəlmişdi. Dedi mən “Bakıdan gəldim Türkiyəyə gedirəm. Yol üstü sizi də görmək istədim”. Soruşdu Türkiyədən nə istəyiniz var? Dedim heç bir istəyim yoxdur.

Ondan bir sıra məsələləri soruşdum. Dedim “Bakıda nə var?” Demirkol dedi “Bakıda bir sıra işlər hazırlanır. Nəsə qarışıqlıq var”. Mən artıq onlardan bəzilərini bilridim. Bilirdim ki, bir hərəkətlilik və qarşıdurma var. Moskvadan da bəzi qüvvələr fəallaşmışdı.  Heydər Əliyevə qarşı nəsə hazırlanırdı. H.Əliyev də öz hakimiyətini qorumaq istəyir. Fərman Dəmirkol bunları mənə danışdı. Dedi ki, müəyyən qüvvələr də ortada var. Mən ona dedim ki, filan adamlar pis adamlardır, filan adamlar Rusiyanın adamlarıdır. Sürət Hüseynov birbaşa Moskva kəşfiyyatının agentidir. Onlarla necə iş görmək olar? Mən Prezident olan zaman Sürət Hüseynovun agent olduğunu bildim və onu işdən uzaqlaşdırdım. Fərman Dəmirkol mənə dedi ki, sizdən heç bir tələbim yoxdur”.

Ə. Elçibəyin sözlərinə görə, mart hadisələrində Rusiyanın və İranın əli olub. Sabiq prezident qeyd edib ki, onun heç vaxt “Moskva və Tehran uşaqları” ilə işbiriliyi ola bilməz: “Rusiyadan və İrandan bir nəfər cəsarət edib mənə deyə bilməz ki, gəl Heydər Əliyevin əleyhinə get”.

Daha sonra Ə.Elçibəy yürütdüyü xarici siyasət prioritetlərindən, enerji siyasətindən danışıb və daim Azərbaycanın maraqlarını müdafiə etdiyini bildirib: “10 il sonra mənim doğru oldğumu tarix göstərəcək”-deyə Ə.Elçibəy vurğulayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Buraxılış imtahanında iştirak edən 10 şagirdin nəticəsi ləğv olunub

Sonrakı məqalə

“Pandemiyanın nə vaxt bitəcəyini söyləmək mümkün deyil” –