“10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanat artıq Azərbaycan üçün də əhəmiyyətini itirib. Həmin sənəd imzalananda Laçın dəhliz idi və bizim nəzarətimizdən kənarda idi. Biz həmin vaxt Qarabağın tamamına nəzarət etmirdik. Bu ilin sentyabrın 19-da keçirilən bir sutkalıq antiterror əməliyyatı ilə Azərbaycan iki hədəfinə çatdı. Bəyanatda bircə bəndin bizim üçün əhəmiyyəti qalıb – bölgədəki Rusiya sülhməramlı kontingenti ilə bağlı bənd. Rus hərbi kontingentinin bölgədən çıxarılması məsələsi barədə də rəsmi Bakı Moskva ilə danışıq aparacaq”.
Bu sözləri Azpost.info-ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni siyasilərinin Üçtərəfli Birgə Bəyanatın əhəmiyyətini itirməsi barədə söylədiklərini şərh edərkən deyib.
Qeyd edək ki, istər Ermənistan rəsmiləri, istərsə də erməni siyasətçiləri Azərbaycan, Ermənistan və Rusiya arasında İkinci Qarabağ müharibəsinin aktiv fazasını dayandıran Üçtərəfli Birgə Bəyanatın işləmədiyini, bu sənədin rəsmi İrəvan üçün əhəmiyyətinin qalmadığını bildirirlər.
E.Şahinoğlu ermənilərin bu mövqeyini bölüşür. Politoloq qeyd edib ki, Ermənistan 19 sentyabr 2023-cü ilədək həmin sənədə istinad edirdi: “Guya ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi həmin Üçtərəfli Birgə Bəyanatla təmin olunurdu. İndi Qarabağda erməni qalmayıb, könüllü şəkildə bölgəni tərk etdilər. İndi ümumiyyətlə, həmin sənəd üçtərəfli yox, ikitərəfli sənədə çevrilib. Çünki Ermənistan artıq tərəf deyil”.
“Bəyanatda sülhməramlı kontingentlə bağlı müddəa var ki, müddətin bitməsinə altı ay qalmış tərəflərdən biri rus hərbçilərinin qalma vaxtını uzatmasa, onlar bölgədən çıxmalıdırlar. Düşünürəm ki, Azərbaycan sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmasında maraqlı deyil. Onların ərazidə qalmasına heç ehtiyac da yoxdur. Bəziləri bildirirlər ki, rus hərbçiləri hələ bir müddət qalmalıdırlar, guya çıxsalar onların yerinə BMT qüvvələri gələcəklər və s. Amma bu, yanlış yanaşmadır. Azərbaycanın razılığı olmadan ərazimizə hansısa hərbi qüvvə, qoşun daxil ola bilməz”, – analitik əlavə edib.
Mərkəz rəhbəri vurğulayıb ki, Ermənistanla danışıqları sürətləndirmək, İrəvanı Bakının sülh şərtlərinə məcbur etmək lazımdır: “Sülh sazişi imzalanandan sonra isə Bakı Moskva ilə sülhməramlıların bölgədən çıxarılması barədə danışıqlara başlamalıdır. Tərəf olaraq rus kontingentinin Qarabağda qalma müddətinin uzadılmasına razı olunmamalıdır”.
Anar ABDULLA
Azpost.info