Ukrayna təhlükəsizlik təminatları ilə bağlı müzakirələr zamanı Qərb müttəfiqlərindən 800 min nəfərlik ordunun saxlanılması üçün maliyyə dəstəyi istəyib. Kiyev müharibə başa çatdıqdan sonra Rusiyanın mümkün yeni hücumunun qarşısını almaq məqsədilə Ukrayna Silahlı Qüvvələrinin ən azı 10 il müddətində maliyyələşdirilməsini gözləyir.
Azpost.info bildirir ki, bu barədə yüksək vəzifəli ukraynalı mənbə AFP agentliyinə məlumat verib.
Təhlükəsizlik təminatları məsələsi noyabrın 10-da Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlarda müzakirə olunub. Görüşlərin bu gün, noyabrın 11-də də davam etdirilməsi nəzərdə tutulur. Bu, təxminən doqquz aydan sonra keçirilən ilk belə görüşdür.
Rusiya nümayəndə heyətindəki mənbə AFP-yə bildirib ki, müharibənin başa çatdırılması danışıqlar gündəliyindəki məsələlərdən yalnız biridir. Onun sözlərinə görə, əsas məqsəd bütün Avropa qitəsində təhlükəsizlik sisteminə yenidən baxılmasıdır.
Moskva təhlükəsizlik təminatlarının yalnız Ukraynaya deyil, Rusiyaya da verilməsində israr edir.
Danışıqlarda iştirak edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner isə Vaşinqtonun Ukrayna, Rusiya və Avropa arasında yeni təhlükəsizlik mexanizmi yaratmağa ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu mexanizm “onilliklər, hətta əsrlər boyu davam edəcək sülhə” zəmin yaratmalıdır.
