Bu gün Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş Naziri Aleksey Qonçaruk arasında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana planlaşdırılan rəsmi səfərinə toxunan A.Qonçaruk bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacaq. Bu gün Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayan Baş Nazir iqtisadi əlaqələrin daha da artacağına inamını ifadə edib.
Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Baş Nazirin müavini Ə.Əhmədov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq inkişaf edir, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq davam edir. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur.
Görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib.