“Uşaqlığın son gecəsi”ndə qalan “Rüfət”, “Qaya”nın yaradıcısı –Xalq artisti Tofiq Mirzəyevin 91 yaşı tamam olur /FOTO

Azərbaycanfilm”lə yanaşı, “Mosfilm”in, Dovjenko adına kinostudiyanın istehsal etdiyi filmlərdə çəkilən, 40-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayan, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, musiqiçi, aktyor, Xalq artisti Tofiq Mirzəyevin dünyaya göz açdığı gündür, 91 yaşı tamam olur.
Tofiq Mirzəyev Azərbaycan Dövlət Konservatoriyasının klarnet sinfində təhsil alıb. Bir müddət maestro Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin tərkibində çıxış edib, eyni zamanda caz musiqiləri ifa edib, tanınmış cazmenləri ilə birlikdə qastrol səfərlərində olub. Azərbaycan Kinematoqrafçılar İttifaqı Tofiq Mirzəyevlə bağlı təbrik mətni hazırlayıb.
Azərbaycan, dünya simfonik musiqilərini ifa etməyə başlayan, Qara Qarayevin, Cövdət Hacıyevin, Fikrət Əmirovun, Niyazinin əsərlərinə, eləcə də Rus və Avropa bəstəkarlarının klassik musiqilərinə yaxından bələd olub.
“Qaya” vokal qrupunun yaradıcılardan biri olan T.Mirzəyev bu barədə deyib ki, “Qaya”nı yaradanda mən çox aktiv şəkildə onlara kömək etmişəm: “Çünki qrupun solisti, qardaşım Teymur Mirzəyevdən yaşca böyük idim və onların ifa etdikləri musiqini yaxşı bilirdim, bəzi şeyləri birinci kvartetə öyrədirdim. “Qaya” ansamblı da o vaxt böyük rəğbət qazanırdı. Dediyim kimi, mən, sadəcə, rejissor, musiqiçi kimi lap əvvəldən onlara kömək edirdim. Məndə bir xarici kvartetin valı var idi. Onu Bakıya gətirəndə Teymur dinlədi, çox bəyəndi. Dedi ki, belə bir kvartetin yaranması gözəl olardı. Mən də dedim ki, burda çətin nə var, gəl yaradaq. Beləcə, “Qaya” yarandı”.
O, sonralar yaradıcı fəaliyyətinə kino və televiziyada davam edib.
Moskvada Mərkəzi Televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra Azərbaycan Televiziyasında bir sıra musiqili sənədli filmlər çəkib.
“Azərbaycanfilm” kinostudiyasında “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Ən vacib müsahibə”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Ömrün ilk saatı”, “Şahid qız, “Əlvida, cənub şəhəri” və s. filmlərdə maraqlı obrazlar silsiləsi yaradıb.
1968-ci il…
İlk dəfə Xalq yazıçısı Maqsud İbrahimbəyovun ssenarisi əsasında rejissor Arif Babayevin quruluş verdiyi “Uşaqlığın son gecəsi” filmində Rüfət roluna çəkilib. Aktyorun bu barədə dediklərindən: “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən Bədii Şuranın filmə baxışından sonra çox həyəcanlı idim. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Adil İsgəndərov məni kabinetinə çağırdı. Düşündüm ki, yəqin indi deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz”. Anacq İsgəndərov isə cəmi bircə kəlmə dedi: “Sən çəkiləcəksən”.
Ekran əsərində iki cəbhə üz-üz dayanıb. Birincilər Rüstəm və Murad həyatda təmiz olmaq, xoş əməllər arxasınca getmək, böyük işlər görmək arzusundadırlarsa, onların qarşılaşdıqları Rüfət, Məcnun, Elya kimilər əksinə hərəkət edirlər. Mənim yaratdığım Rüfət bir insan kimi fəndgirdir, öz hiyləsi ilə Muradı da düşdüyü bataqlıq toruna salmağa çalışır. İlk baxışda səliqəli geyinən, boylu-buxunlu, yaraşıqlı bir gəncin cinayətkar olmasına inana bilmirsən. Bu obrazı yaradarkən çalışdım ki, Rüfətin qəlbindəki bütün çirkinlikləri açıb göstərə bilim. Necə deyərlər, onun maskasını çıxarıb, əsl simasını aşkar edə bilim. Deyəsən istədiyimə nail ola bilmişəm. Çünki ilk sınaqdan müvəffəqiyyətlə çıxmağım məni yeni kino obrazlarına həvəsləndirməklə yanaşı, eyni zamanda rejissorların da diqqət mərkəzində saxladı. Sonralar ardıcıl olaraq bir neçə filmdə yaddaqalan obrazlar yaratdım”.
1970-ci il…
Ssenari və rejissor işi Həsən Seyidbəyli aid olan, milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunan filmdə T.Mirzəyev filmdə Rüstəm obrazını yaradıb.
Ekran əsərində özünə “satış bazarı” axtaran əmtəəşünas Kazımlı ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları ondan şübhələnirlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də “dostları” qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çağırır.
1981-ci il…
Ssenari və rejissor işi Xalq yazıçısı Anara aid olan film bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir.
Tamaşaçılar film boyunca dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olur, eyni zamanda əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçaları dinləyirlər. Dram, komediya, bioqrafik, musiqili janrda çəkilən filmdə T.Mirzəyevin aparıcı kimi çıxış etməsi , tarixi faktlar əsasaınbda bəstəkarın həyat və yaradıcılığından bəhs etməsi, onun keçdiyi dövrün yolçusuna çevrilərək tamaşaçıları da səyahətə səsləyir.
Ümumiyyətlə Tofiq Mirzəyev aktyor kimi tamaşaçı auditoriyasına yaxşı mənada təsir etməyi bacardığı kimi, onları düşündürməyi də yaxşı bacarır.
Aktyorun iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.
Onun “Mosfilm”in istehsalı olan, rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çəkildiyi çoxseriyalı “Cinahsız cəbhə” filmi xüsusilə diqqəti çəkir. Filmdə döyüş zabiti Əliyev rolunu oynayıb.
Uzun illərdir İsraildə yaşayan, qəlbi daima Azərbaycan üçün döyünən ustad aktyor Tofiq Mirzəyevi doğulduğu gün münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayırıq!
Əvvəlki məqalə

“Yeni Klinika” Prezidentin fərmanını pozur –

Sonrakı məqalə

Putin BƏƏ liderinə təşəkkür edib