ÜST ilk dəfə anemiya ilə mübarizə Proqramı işləyib hazırlayıb

Qadınların təxminən 30 faizi, hamilə qadınların 37 faizi və altıaylıqdan beş yaşına qədər yaş qrupuna aid olan uşaqların 40 faizi anemiyadan əziyyət çəkir. Əksər hallarda anemiya gəlir səviyyəsi orta və aşağı olan ölkələrdə qeydə alınır.

Bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb. ÜST ekspertləri qeyd edirlər ki, ölkələrin hazırda anemiya ilə mübarizə sahəsində gördüyü tədbirlər kifayət deyil və təşkilat daha fəal hərəkət etməyə çağırır.

Bu həftə Cənubi Afrikada, Keyptaunda analar və körpələrin sağlamlığına həsr olunmuş Beynəlxalq forumda ÜST anemiya hallarının azalması üzrə ilk kompleks proqramına start verib.

“Qanazlığı” kimi də tanınan anemiya – qanda hemoqlobin və eritrositlərin azalması ilə müşayiət olunan sindromdur və oksigenin ötürülməsinin pozulması və hipoksiyanın (yəni orqanizmdə oksigenin azalması) inkişafı ilə xarakterizə olunur.

Anemiyanın tipik simptomları – zəiflik, yorğunluq, ümumi halsızlıqdır. Anemiyanın daha çox inkişaf etdiyi insanlarda hətta yüngül və ya normal güc sərf etdikdə belə nəfəs darlığı, ürək döyüntüsü ritminin pozulması, başağrısı, tinnitus, yuxusuzluq, iştaha və cinsi istək pozğunluğu müşahidə olunur. Kəskin formada və ya yanaşı bir patologiya olduğu təqdirdə, anemiya ürək çatışmazlığının inkişafı ilə müşayiət oluna bilər.

Anemiyanın inkişafının ən geniş yayılmış səbəblərindən biri dəmir çatışmazlığıdır, lakin anemiyaya səbəb ola biləcək amillər arasında böyük həcmdə qan itkisi, irsi pozuntular, böyrək və ya qaraciyər xəstəliyi, yoluxucu və onkoloji xəstəliklər də var.

“Anemiya ilə mübarizəyə dair işin çox hissəsi dəmir çatışmazlığının profilaktikası və müalicəsinə yönəldilib”, – deyə ÜST-nin Qidalanma və ərzaq məhsullarının təhlükəsizliyi məsələləri üzrə Departamentin direktoru Françesko Branka bildirib. “Lakin anemiya digər qida maddələrinin çatışmazlığı, infeksiyalar, iltihab, ginekoloji və mamalıq xəstəlikləri, eləcə də irsi pozuntular da daxil olmaqla, bir çox səbəbdən yaranan mürəkkəb bir haldır”, – deyə o əlavə edib.

ÜST sağlam qidalanma, anemiyanın dəqiq və vaxtında diaqnostikası, vitaminlər və mikroelementlərin qəbulu və əhalinin bu problem haqqında maarifləndirilməsi kimi amillərin rolunu vurğulayır.

ÜST-nin yeni proqramı çərçivəsində anemiyanın səbəbləri və risk amillərinin aradan qaldırılmasına dair kompleks tədbirlərin görülməsi təklif olunur. Səhiyyə bir çox tövsiyə olunan tədbirlərin realizə edilməsi üçün əsas sektor olaraq qalır, lakin ÜST-nin ekspertləri, həmçinin hökumət, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin rolunu xatırladırlar.

Əvvəlki məqalə

“Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmalıdır”

Sonrakı məqalə

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 44 min 366 ipoteka krediti verilib