Vətən Müharibəsində iştirak etmiş 82 670 hərbi qulluqçu təltif olunub

30 Dekabr 2020 - 13:22

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunurlar.

Bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Dekabrın 9-dan 30-dək dövlətimizin başçısının sərəncamları ilə 83 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı” adı, 33 nəfər “Zəfər” ordeni, 204 nəfər “Qarabağ” ordeni, 3 nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 9 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 331 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 105 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 288 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər. Həmçinin 3598 nəfər “Vətən uğrunda”, 622 nəfər “İgidliyə görə”, 1113 nəfər “Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər “Cəsur döyüşçü”, 12 519 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13 953 nəfər “Füzulinin azad olunmasına görə”, 7991 nəfər “Xocavəndin azad olunmasına görə”, 3549 nəfər “Zəngilanın azad olunmasına görə”, 3572 nəfər “Suqovuşanın azad olunmasına görə”, 9376 nəfər “Qubadlının azad olunmasına görə”, 4646 nəfər “Şuşanın azad olunmasına görə”, 5203 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2267 nəfər “Ağdamın azad olunmasına görə”, 5775 nəfər “Laçının azad olunmasına görə” medalları, 1981 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar. Ümumilikdə təltiflərin sayı 82 670-dir.

Təltif olunanların tam əksəriyyəti sıravi əsgərlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular, gizirlər və kiçik zabitlərdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif olunması davam etdiriləcək.