Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxıldı

Tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

Azpost.info bildirir ki, bu barədə vəkil həmkarı Şəhla Hümbətova məlumat verib.

Bakı Apellyasiya Məhkəməsində həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb vğ hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda şikayət qismən təmin edilib.

Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib.

Şikayət cinayət işinə xitam verilməsi ilə bağlı hissədə təmin olunmayıb.

Xatırladaq ki, Elçin Sadıqov Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birgə həbs olunub.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əvvəlki məqalə

Şarl Mişel İlham Əliyevə zəng etdi, sərhəd təxribatı müzakirə olundu

Sonrakı məqalə

Sərhəd döyüşlərində yaralanmış hərbçilərin sayı açıqlandı –