Vətəndaşlar Ermənistanla sülh sazişinin imzalanmasına necə baxır? –STM SORĞU KEÇİRİB (NƏTİCƏLƏR)

Sosial Tədqiqatlar Mərkəzi (STM) oktyabrın 24-dən noyabrın 5-dək ölkə əhalisi arasında “Vətən müharibəsinin bir ili: Postmüharibə dövrünə baxış və gözləntilər” mövzusunda telefon sorğusu keçirib.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, sorğu bütün iqtisadi rayonları əhatə edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 4.4% təşkil edib. Sorğuda iştirak edən insanlara müharibə və onun hərbi-siyasi yekununa dair baxışlar, həmçinin postmüharibə dövrünün reallıqları, vətəndaşların gözləntiləri istiqamətində suallar verilib.

Respondentlərin yarıya yaxını (43.7%) 2020-ci ilin ilk 6 ayında yaxın gələcəkdə Ermənistanla müharibə ehtimalı düşüncəsində olmayıb. Bundan fərqli olaraq, hər üç nəfərdən biri (37.9%) ötən yarım ildə Ermənistanla müharibənin olacağı qənaətində idi. Bununla bağlı heç bir fikri olmayanlar isə ümumi rəyi öyrənilənlərin 18.4%-ni təşkil edir.

Rəyi soruşulanların mütləq əksəriyyətinin (68.7% “tam inanırdım” və 17.2% “qismən inanırdım”) müharibədən əvvəl Azərbaycanın Ermənistanın nəzarətində olan torpaqlarını qaytara biləcəyinə bu və ya digər dərəcədə inamı vardı.

Vətən müharibəsinin nəticələrinə dair gözləntiləri özündə əks etdirən ictimai rəy sorğusuna əsasən, rəyi öyrənilənlərin bu istiqamətdə mövqeyi müharibənin yekunları ilə uzlaşır. Respondentlərin mütləq əksəriyyəti (99.3%) gözləntilərinin müxtəlif dərəcələrdə reallaşdığını bildiriblər. Belə ki, Vətən müharibəsinin nəticələrinə dair gözləntilər əhalinin 87.1%-nin nəzərində özünü tam doğrultsa da, 12.2% respondentin müharibənin nəticələri ilə bağlı gözləntiləri qismən reallaşıb.

Əhalinin mütləq əksəriyyəti (97.6%) özünü qalib ölkənin vətəndaşı kimi hiss edir.

Rəyi öyrənilənlərin əksəriyyəti yenidən müharibə başlayacağı təqdirdə özünün və ya ailə üzvlərinin (müvafiq olaraq 84.1% və 76.6%) döyüşə gedəcəyini bildirib.

Ermənistanın 10 noyabr tarixli birgə Bəyanatının bəndlərini yerinə yertirməməsi ilə zaman-zaman gündəmə gələn yenidən müharibə ehtimalını 25.5% respondent istisna etməyib. Bunun əksinə olaraq, əhalinin böyük hissəsi (70.2%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanmayacağını düşünür.

Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına 54,4% (28.1% “tamamilə inanıram”, 26.3% “qismən inanıram) respondent bu və ya digər dərəcədə inanır. Hər dörd respondentdən birinin (27.0%) yekun sülh sazişinin yaxın gələcəkdə imzalanmasına heç bir inamı yoxdur. 15.0%-nin isə bu barədə, ümumiyyətlə, hər hansı məlumatı yoxdur.

Ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bölgədə təhlükəsizlik məsələlərinə ictimai rəy sorğusunun nəticələrinə nəzər yetirdikdə, respondentlərin mütləq əksəriyyəti bölgənin təhlükəsizliyindən müxtəlif dərəcələrdə razıdır. Mühüm bir hissə, respondentlərin əksəriyyəti (75.3%) bölgənin təhlükəsizliyi ilə bağlı tam razılığını ifadə edib. Respondentlərin 15.3%-i bölgənin təhlükəsizliyindən qismən razı olduğunu bildirib.

Rəyi soruşulanların mütləq əksəriyyəti Qələbədən sonra ölkədəki vəziyyətlə gözləntilərinin özünü doğrultduğunu bildirib. Belə ki, respondentlərin 73.0%-i Qələbədən sonra ölkədəki vəziyyətlə bağlı gözləntilərinin özünü tam doğrultduğunu, 18.7% isə qismən doğrultduğunu deyib.

İctimai rəyin nəzərində Azərbaycanın hərbi sərkərdəsinin rəhbərliyi ilə XXI əsrdə müharibədə qalib gələn yeganə ölkə olması (92.6%); Xalq-dövlət-ordu birliyinin (66.5%) güclənməsi, eləcə də beynəlxalq aləmdə Azərbaycanın hərbi-siyasi nüfuzunun artması (42.8%) Vətən müharibəsində qazanılan Qələbənin əsas uğurları olaraq dəyərləndirilib. Maraqlıdır ki, hər dörd respondentdən biri Qələbənin əsas uğurları sırasında xarici ölkələrdən Qarabağa qanunsuz yük daşımalarının qarşısının alınmasını görür.

Ümumiyyətlə, 87.8% respondent işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış istiqamətində gedən genişmiqyaslı bərpa və quruculuq işləri ilə maraqlanır.

Bununla yanaşı, respondentlərin mütləq əksəriyyəti bu istiqamətdə gedən işləri müxtəlif dərəcələrdə səmərəli hesab edir. Belə ki, respondentlərin böyük əksəriyyəti (84.0%) bu istiqamətdə gedən işləri çox səmərəli hesab etdiyi halda, 15.0% respondent azad ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsini qismən səmərəli qiymətləndirdiyini ifadə edib.

Azərbaycanın məcburi köçkün olmayan vətəndaşlarının Qarabağa getməklə bağlı fikirlərini öyrənmək üçün onların işğaldan azad olunmuş ərazilərə necə getmək istədikləri soruşulub. Respondentlərin yarıya yaxını və ya 44.7%-i Qarabağa yalnız turist kimi sırf həmin yerləri görmək və orada istirahət etmək üçün gedəcəyini bildirib. Çox maraqlı nəticədir ki, məcburi köçkün olmayan vətəndaşların hər dörd nəfərdən biri, başqa sözlə desək, 22,3% respondent Qarabağa daimi yaşamaq üçün gedəcəyini bildirib. Yalnız iş məqsədləri ilə bağlı müvəqqəti yaşamaq üçün gedə biləcəyini deyənlərin göstərici 11,6%-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələcək nəsillər üçün şanlı qəhrəmanlıq dastanı –

Sonrakı məqalə

Putin, İlham Əliyev və Paşinyanın görüşü hazırlanır –