Vulkan lavası altında qalmış kilsə –Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı

Kuatrosieneqasdan 18 kilometr məsafədə ağ qumla örtülmüş ucu-bucağı görünməyən səhralıq uzanır. Mavi səma, ağappaq qum, mərkəzdə isə bir vahə. Tanış olun, bura Meksikadır. Ancaq Maya və Azteklərin qədim diyarında görə biləcəkləriniz tək bununla bitmir. Sarı şəhər, Kiriko dərəsi, səma rənginə boyanmış dənizi vücudunuzla hiss edə biləcəyiniz Xel-Ha eko-parkı turistlərin sevdiyi məkanlardandır. Unutmayın ki, dünyanın ən cavan vulkanlarından biri də Meksikadadır.

Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.

Bakalar su hövzəsi

Bakalar, yaxud da rəngin 7 çaları, su hövzəsi dibində yeddi qat əmələ gətirən torpağa, həm də günəş şüalarının düşmə bucağına görə suyun üzərində mavinin 7 çaları əks olunduğu üçün belə adlanır. Bu laqun insanın ruhunu oxşayır, ona xoş təsir bağışlayır və ətrafdakı mənzərəyə əlavə bir rəng qatır. Dayaz və ellips formasında olan su hövzəsi 42 kilometr uzunluğunda və onun da dörddəbiri enində olan geniş bir sahəni əhatə edir. Burada gün ərzində üzmək insana enerji verir, ətrafında olan daxmalar isə gecəni keçirməyə və gözoxşayan mənzərədən zövq almağa imkan yaradır. Hövzəyə ən yaxın su limanı Çetumal (Kintana Roo ştatı) adlanır. Təyyarədən düşən kimi Bakalar istiqamətinə gedən avtobusa minmək lazımdır. Səyahət 1 saat davam edir. Əraziyə giriş pulsuz olduğundan rahatlıqla çimərlik paltarını geyinib suya baş vura bilərsiniz.

İzamal – Sarı şəhər

Meridadan (Yukatan ştatı) 60 kilometr aralıda öz gözəlliyi ilə insanın gözlərini qamaşdıran İzamal adlı bir turistik məkan var. Bu, Meksikanın sehrli şəhərlərindən biridir. İzamal həmçinin üç dövrün mədəniyyətini – ispan işğalından əvvəl, işğal dövrü və müasir zamanı birləşdirən şəhər kimi də tanınır. Burada sarı fasadlar səmanın mavi rəngi ilə bir ahəng təşkil edir. İzamalda ilk olaraq diqqəti çəkən şəhərin monoxrom olmasıdır. Burada hətta küçələr də sarı rəngə boyanıb. Bunun səbəbi sadədir. 1993-cü ildə buranı ziyarət edən Papa İkinci Xuan Pablonu qarşılamaq üçün şəhəri sarı rəngə boyamağa göstəriş veriblər. O vaxtdan bəri şəhər öz sarı donunu soyunmayıb.

Qrutas de Tolantonqo

Meksikanın Hidalqo ştatında İxmiqilpan şəhərindən heç də aralı olmayan Las grutas de Tolantongo (Tolantonqo mağaraları) eko-parkı yerləşir. Bu park turistə termal hovuzların ilıq suyuna girmək və orada rahatlanmaq fürsəti verir. Əgər siz öz sevgilinizlə, yaxud da ailənizlə səyahətə çıxmısınızsa, Qrutas de Tolantonqo sizə bir neçə günlük vaxtınızı səmərəli keçirmək üçün müxtəlif növ əyləncələr təklif edir. Siz möhtəşəm mağaralardan, tunellər, çaylar, təbii və süni hovuzlardan, meşə-dağ gəzintisindən, körpü və şəlalələrdən həzz ala bilərsiniz. Qayaların arasında bir termal su mağarası var ki, ora tökülən ilıq şəlalənin altında əmələ gələn hövzədə üzmək və dincəlmək olar.

Real del Monte

Hidalqo ştatından 15 dəqiqəlik məsafədə yerləşən Real del Monte ölkənin dəniz səviyyəsindən ən hündürdə yerləşən yaşayış məskənidir. Vaxtilə ingilis mədənçilərin ölkəyə girdiyi vaxtdan bəri mədənlər məskəni kimi tanınan ərazi Amerikada ilk işçi tətilinin və Meksika futbolunda yaranan qığılcımın şahidi olub. Futbol üzrə ilk ölkə çempionatı da məhz burada keçirilib. Real del Montedə turistlər üçün müxtəlif əyləncə növləri mövcuddur. Bugünkü gündə Real del Monte, Hidalqo ştatının ən məşhur turizm məkanlarından sayılır. Dəniz səviyyəsindən 2700 metrdən yuxarıda olması Real del Monteyə gözəl iqlim bəxş edib. Bu da sizə restoran, bar və digər görməli yerlərdən zövq almağa imkan verəcək.

Prismas Balsatikos

Huaska (Hidalqo ştatı) mədənlər dağının arxasındakı düzəngahda səsli-küylü sularla yuyulan nizamsız bir formada kələ-kötürlü qaya ucalır. Əfsanəyə görə bu gözəl əsər elflər tərəfindən yaradılmışdır. Onlar hündürlüyü 40 metrə çatan bazalt daşını öz dişləri ilə oyaraq ona qeyri-adi forma veriblər. Qayada əmələ gələn dirəklərə oxşar çıxıntılar uzunluq etibarilə bir-birindən fərqlənir. Üzərində düzəldilmiş asma körpülərdən ətrafı seyr etmək isə ayrı bir macəradır. Kvadrasikl, qayıq gəzintisi, futbol, basketbol, voleybol meydançaları səyahətin maraqlı keçəcəyini vəd edir.

Xel-Ha

Xel-Ha Meksikanın Kintana Roo ştatında yerləşən bir eko-parkdır. Yukatan yarımadanın yeraltı sularının Karib dənizinə axdığı, dəniz və şirin suda yaşayan balıq növlərinin bir yerə toplandığı körfəz kimi xarakterizə olunur. Xel-Ha Karib dənizi sahil zolağının bir hissəsini təşkil edən Rivera Mayanın düz göbəyində turistə yaddaqalan anlar yaşadır. İstədiyiniz qədər snorkelinq edin və müxtəlif rəngli balıqları, eləcə də çayların, yeraltı göllərin və körfəzin şirin sularında yaşayan müxtəlif növ dəniz heyvanlarını müşahidə edin. Siz burada səma rənginə boyanmış dənizi bədəninizlə hiss edəcəksiniz.

Val Kiriko

İspan dilində olan bu söz Valle Quirico, yəni Kiriko dərəsinin adından götürülüb. Şəhər Mərkəz, Boskes, Laureles və Fresnosa məhəllələrinə bölünür. Əgər plansız halda gəzintiyə çıxsanız, bu məhəllələrin hər birində yerli mətbəxdən dadar, əyləncə məkanlarını ziyarət edə bilərsiniz. Şəhərin daş küçələrilə gəzib dolaşdıqca məkana gözəllik verən nadir ağacları da görəcəksiniz. Hər kiçik detala diqqət yetirin! Pəncərələrdəki dəmir işləmələr, böyük taxta qapılar, hər küncdə divara sarmaşan bitkilər, küçələrdə sallanan fənərlər və daha nələr… Val Kirikonu kəşf etməyin ən yaxşı yolu, velosiped və ya at sürməkdir.

Sumidero kanyonu

Qayalıq və minerallardan ibarət Sumidero kanyonu 1000 metr yüksəklikdə yerləşir, həm də Kueva de Kolores və Milad ağacı şəlaləsini təşkil edir. Sumidero kanyonu nəinki Meksikanın, ümumən Amerika qitəsinin ən gözəl məkanlarından biri sayılır. Bu geoloji tapıntı təxminən on iki milyon il əvvəl Sierra Norte de Çiapasda üzə çıxıb. Landşaftdan əlavə Sumidero kanyonu flora və faunası ilə zəngindir. Onun o qədər də sıx olmayan cəngəlliyində palıd ağacları və çəmənliklər görə bilərsiniz. Buralar hörümçək meymunların, qarışqa yeyənlərin, timsahların, naqqa balığının, ördəklərin, quşların, şahinlərin, qutanların və digər növ heyvanların məskənidir.

Miçoakanda dünyanın ən gənc vulkanının basdırdığı kilsə

Miçoakanda Parikutin vulkanının püskürməsi nəticəsində San Xuan Paranqarikutiro kilsəsi qismən torpağın altında qalıb. Bu vulkan 1943-cü il fevralın 20-də ilk dəfə lava püskürüb. Parikutin vulkanının doğulması milli və beynəlxalq əhəmiyyət kəsb edib. Onun yaranması vulkanşünasların, elm adamlarının, rəssam, kinorejissor və yazıçıların diqqətini çəkib. Hələ də salamat qalan bu kilsənin qalıqları möminlərin dua edib, şam yandırmaq üçün getdiyi bir yer olmaqdan əlavə, fərqli bir dünyanı ziyarət etmək istəyən turistlər üçün də maraqlı bir məkandır.

Kuatrosieneqasın vahələri və bulaqları

Kuatrosieneqasdan 18 kilomert məsafədə yerləşir. Buradakı səhra ağ qumsallıqdan ibarətdir. Bu, ölkədə ən vacib, Amerikada ilk üçlüyə düşən unikal bir yerdir. Ərazinin flora və faunası, ağ qumun səmayla həmahəngliyi, təpələrin özünəməxsus rəngi insanı sözün əsl mənasında valeh edir. Qumun ağ rəngə çalması, tərkibində kalsium sulfat turşusunun olmasına görədir. Bu maddə suda həll olunduğu üçün nadir hallarda qum şəklində görünür. Beləliklə, Meksika turistləri bir-birindən gözəl, möcüzəli məkanları ilə qarşılayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq nazir Səfər Əbiyev Eldar Sabiroğluna orden təqdim edib –

Sonrakı məqalə

Vitaminləri düzgün qəbul etmək üçün nəyi bilmək lazımdır? –