“WhatsApp” qalmaqallı müqavilə yenilənməsini təxirə salıb

16 Yanvar 2021 - 01:25

“WhatsApp” yazışma xidməti istifadəçilər arasında əks-səda doğuran istifadəçi müqaviləsi ilə bağlı yenilənmənin tətbiqini təxirə salıb.

Bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.

“İstifadəçilərdən yeni şərtlərə (istifadəçi müqaviləsinin yenilənməsi – Red.) baxılması və qəbul edilməsinin zəruriliyi ilə bağlı tarixi təxirə salırıq. Heç kimin hesabı fevral ayının 8-dək dayandırılmayacaq və ya silinməyəcək”, – deyə şirkətin məlumatında bildirilir.

Messenger əlavə edib ki, yenilənmənin tətbiqi tarixi fevralın 8-dən mayın 15-dək təxirə salınıb. Bu müddət ərzində istifadəçilər “özlərinə rahat olan tempdə” yeninləmələri oxuya və qəbul edə biləcəklər.

Şirkət dezinformasiyalarla mübarizə məqsədilə ona da aydınlıq gətirib ki, bütün şəxsi danışıqlar başdan-başa şifrələnmiş şəkildə qalacaq, nə “WhatsApp”, nə də “Facebook” şəxsi yazışmaları görə biləcək. Bununla yanaşı, məkan məlumatları da gizli qalacaq və buna görə də “Facebook”da paylaşıla bilməyəcək.

Qeyd edək ki, “WhatsApp” messenceri bundan əvvəl fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bir bənd əlavə etməklə istifadəçi müqaviləsini yeniləmişdi. Razılaşmanın mətnində bildirilirdi ki, “Facebook” korporasiyasının bir hissəsi olaraq “WhatsApp” istifadəçilərin vərdişlərini və zövqlərini təhlil etmək üçün onlar haqqında lazımi məlumatları şirkətin bütün “tətbiq ailəsi” ilə bölüşəcək.(APA)