Xalq artisti Ənvər Həsənov vəfat edib.
AzPost bildirir ki, bu barədə jurnalist Vasif Ayana aktyorun qızı məlumat verib.
Tanınmış kino aktyor uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasnı dəyişib.
Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq.
Bu barədə aktyorun ailə üzvləri məlumat verib.
Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
Ənvər Həsəov gənc yaşlarından kinolara çəkilib. Xüsusilə o, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb.
O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində rol alıb. Rejissor kimi “Haray, Xocalım, haray”, ” Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmini çəkib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
2023-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
2025-ci ilin yanvarında xəstəxanaya yerləşdirilmişdi.
Allah rəhmət eləsin!